16 oktyabr 2021 00:46
3585

Müstəqilliyimizin bərpasının 30 illiyini Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edirik

Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, müstəqillik illərində bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq

«Biz bu il müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik… 30 ildən sonra biz bu günü qürur hissi ilə qarşılayırıq. Biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir. Bu, əbədi prosesdir. Müstəqillik deyəndə təbii ki, mən real müstəqilliyi nəzərdə tuturam. Burada da Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi.» Dövlət başçısı İlham Əliyev bu il keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında bu məqamı da xüsusi qeyd etmişdir ki, 30 ildən sonra biz ərazi bütövlüyünü bərpa etmiş ölkə, Ermənistanı məğlub etmiş ölkə kimi bu yubileyi qarşılayırıq: «Bir daha demək istəyirəm ki, bu reallığı biz yaratmışıq - güc hesabına, iradə hesabına, birlik hesabına.»

«Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir» söyləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün sahələrdə, ən əsası ordu quruculuğunda qazandığı uğurların təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev «Əlbəttə ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir» söyləyərək bildirir ki, bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır.

Əlbəttə, müstəqilliyimizin, suverenliyimizin qorunması, daimi olması üçün güclü ordumuzun olması vacib amillərdən biridir. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycanın ordu qurculuğuna xüsusi diqqət göstərməsi, hərbi büdcəsini artırması işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən daim reallığa uyğun olmayan şəkildə şərh edilirdi. Bu, dünya ictimaiyyətinə Azərbaycanın sülh danşıqlarında maraqlı olmaması kimi çatdırılırdı. Rəsmi Bakı buna cavab olaraq daim bildirirdi ki, müdafiə qabiliyyətimizi gücləndirmək Azərbaycanın suveren haqqıdır. Ölkəmizin tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. 30 ilə yaxın dövrdə Ermənistanın və ona dəstək göstərənlərin imitasiya naminə danışıqları Azərbaycan xalqının səbir kasasını doldurdu. Rəşadətli Azərbaycan Ordusunün şücaəti dünyaya səs saldı, 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini 44 gündə etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu, işğala son qoyularaq ölkəmizin həyatında yeni dövr başladı. Dövlət başçısı «Hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir» fikirlərinin davamı olaraq qeyd edir ki, eyni zamanda, təcrübədir. Bu təcrübə bizim üçün əsas olacaq və olmalıdır. Daha müasir ordunun yaradılmasına göstəriş verilib: «Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.» Azərbaycan 30 ilə yaxın həsrətlə gözlədiyi sevinci yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızı ərazi bütövlüyümüzə qovuşdurdu.

Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsinin 30 illiyini yüksək əhval-ruhiyyə ilə qeyd edən xalqımız Zəfəri bizlərə yaşadan ölkə Prezidenti İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir. Qanları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qəhrəmanlıq, şücaət göstərən qazilərimizə Allahdan şəfa diləyirik.

Tarix baxımından çox da böyük olmayan 30 ilin ölkəmizə qazandırdığı uğurların miqyası geniş olmaqla yanaşı, qürurvericidir. Ötən il müstəqilliyimizin 29-cu ildönümü Vətən müharibəsinin getdiyi dövrə təsadüf edirdi. O zaman 27 sentyabrdan başlanan Qarabağ savaşının oktyabrın 18-dək dövründə tarix yazan Azərbaycan Ordusunun qələbələrini önə çəkərək «Zəfər sizinlədir, Azərbaycan əsgəri» söyləyərək, dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi, Silahlı Qüvvələrimizin gücü, qüdrəti sayəsində bütün işğal altında olan torpaqlarımızın azad olacağına, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağına əminlik ifadə olunundu. Çünki Oələbə müjdəli əsgərlərimizin döyüş ruhu yüksək idi. Hər gün Azərbaycanın tarixinə qələbə səhifəsi kimi yazılırdı. Təbii ki, bu uğurlar möhkəm təmələ, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinə, tarixi həqiqətlərə və real faktlara əsaslanırdı. Öna görə ki, Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcəyini ən yüksək tribunalardan bəyan edirdi.

Dövlətinin, xalqının gələcəyini düşünən lider hər zaman uğurların təminatçısı olur. Müstəqilliyimizin ilk illərinin xaosunun, özbaşınalıqlarının, hakimiyyət uğrunda mübarizələrin hansı uğursuzluqlara yol açdıgı tariximizin qara, ləkəli səhifəsi kimi xatırlanır. Həmin illərdə ölkəmizə rəhbərlik edənlərin öz şəxsi ambisiyalarını hər şeydən üstün tutmaları Azərbaycanın öz dövlət müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ən əsası Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının qorunmasına xidmət etməsi ərazilərimizin işğalına gətirib çıxardı. Bu gün Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər AXC-Müsavat cütlüyünün səriştəsizliyi ucbatından düşmənə verilmişdi.

«1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə həm dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycancançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan xalqına yol göstərir.» Dövlət başçısı İlham Əliyev bu fikirləri ilə müstəqil Azərbaycanımızın 30 illik tarixinin aydın mənzərəsini yaradır. Cənab İlham Əliyev bunu da qarşıya mühüm vəzifə kimi qoyur ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixində keçdiyi yol düzgün şərh edilməli, bugünkü və gələcək nəsillərə çatdırılmalıdır.

O da məlumdur ki, Milli Məclisin oktyabrın 15-də keçirilən iclasında üçüncü oxunuşda qəbul olunan “Müstəqillik Günü haqqında” qanun layihəsinə görə 28 may Müstəqillik Günü, 18 oktyabr Müstəqilliyin Bərpası Günü kimi təsis olunacaq.

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etməklə XX əsrin əvvəllərində elan etdiyi müstəqilliyini 23 aydan sonra itirsə də əsrin sonunda yenidən bərpa etdi. Biz tarixi hər bir Azərbaycan vətəndaşı bilməli, yaddan çıxarmamalıdır. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan səhifələrin müəllifi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevdir.

Tariximizin səhifələrini vərəqləyək. 1990-cı il 20 Yanvar faciəsindən sonra ulu öndər Heydər Əliyev birinci şəxs idi ki, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, sovet hökumətinin, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, «Sovet Sosialist» sözlərini çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmiş və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdı ki, burada da bu addım atılsın. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdi. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Eyni zamanda, yuxarıda da qeyd etdiyimiz kimi, bu addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir.

Müstəqilliyimizin bərpasının ilk illərində ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, Azərbaycan dövləti, xalqı həmin illərdəki faciələri, çətinlikləri yaşamazdı. Müstəqilliyimizin bərpasının birinci dövrü, yəni 1991-1993-cü illər Azərbaycan tarixinə faciəvi dövr, ən əsası qara bir ləkə kimi yazılıb. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Şübhəsiz ki, tariximizin parlaq səhifələri ilə yanaşı, qaranlıq səhifələri də vardır. Bu səhifələri vərəqləndikcə Azərbaycan tarixinin zənginliyi təsdiqlənməklə yanaşı, keçdiyi yolun nə qədər çətin, hamar olmadığı aydın görünür.

1993-cü il dönüş ili idi. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə növbəti mərhələnin - inkişaf, tərəqqi dövrünün əsasını qoydu. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə söylədiyi bu fikirləri xatırlatmaq istərdik: «İyirmi il həm böyük bir müddətdir, həm də kiçik. Kiçikdir ona görə ki, tarix üçün 20 il heç nədir. Müstəqil bir ölkənin inkişafı üçün 20 il o qədər də böyük müddət deyildir. Ancaq, eyni zamanda, bu 20 il ərzində o qədər böyük işlər görülmüşdür ki, biz bu 20 ili böyük müddət kimi də qəbul edə bilərik və edirik... Müstəqil Azərbaycan bundan sonra əbədi yaşayacaqdır. Bu 20 il 120 il, 220 il, 520 il olacaqdır.» Ölkə Prezidenti İlham Əliyevin bu əminliyinə əsas verən amillər mövcuddur. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin uğurlu davamı Azərbaycanın qarşısında daha böyük zirvələri fəth etmək, biri-birindən əhəmiyyətli uğurlara imza atmaq imkanları yaradıb. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, inkişafın Azərbaycan modeli öyrənilməli və digər ölkələr bunu tətbiq etməlidir. Hər zaman önə çəkilən bir fakt da bunun təsdiqidir. 2008-ci ildən dünyanı bürüyən və nəticələri bu günə qədər hiss olunan iqtisadi və maliyyə böhranından Azərbaycanın uğurla çıxması, hazırkı dövrdə dünyanın COVID-19-la mübarizə apardığı zamanda ölkəmizin təkmil təcrübəni ortaya qoyması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan yalnız daxildə deyil, beynəlxalq aləmdə həyata keçirdiyi tədbirlərlə də diqqət mərkəzindədir. Azərbaycan təşəbbüsləri ilə bir-birinə əks qütbləri bir araya gətirir. Dünyaya birlik, həmrəylik mesajlarını ünvanlayır.

Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanınır, yeni iqtisadi və sosial çağırışların müzakirə olunması üçün əsas məkan seçilir. Dünyanın ən islahatçı ölkələri sırasında yer almaq düzgün qurulan siyasətin, uğurlara yol açan sosial-iqtisadi islahatların nəticəsidir. Bugünün əsas çağırışlarından biri həyata keçirilən iqtisadi islahatların fonunda əhalinin sosial müdafiəsini gücləndirmək, yoxsulluq problemi ilə mübarizə aparmaqdır. Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsi bu sahədə əldə olunan uğurların təsdiqidir. Yoxsulluğun azaldılmasına xidmət edən Dövlət proqramlarının uğurlu icrası, əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramlarından bəhrələnməsi və s kimi addımlar bu gerçəkliyi təsdiqləyir ki, insan amili dövlətin siyasətində prioritet məsələdir. Təbii ki, bu addımları şərtləndirən əsas amillərdən biri ölkənin iqtisadi imkanlarının genişlənməsidir.

Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli Lider dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ulu öndər Heydər Əliyevin brinci şah əsəri kimi dəyərləndirilən «Əsrin müqaviləsi»nin ölkəmizə qazandırdığı uğurlar göz önünədidir. Ən önəmlisi «Əsrin müqaviləsi» Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdi, Azərbaycanın bugününə və sabahına inamı daha da artırdı. 2017-ci ildə «Yeni əsrin müqaviləsi» imzalandı. Azərbaycan etibarlı tərəfdaş kim mövqeyini bir daha möhkəmləndirdi. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində «Əsrin müqaviləsi»nin rolunun təsdiqi kimi Azərbaycan neftinin 2006-cı ildə Ceyhan terminalına məhz 28 may-Respublika Günündə ( hazırda Müstəqillik Günü) çatmasını xüsusi önə çəkən dövlət başçısı İlham Əliyev bunun rəmzi mənası olduğunu belə açıqlamışdır: «Əsrin müqaviləsi» imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi durumunu və beynəlxalq münasibətlər sistemində yeri və rolunu təsəvvür etmək çətin deyildi.» Ölkəmizin iştirakı olmadan hazırda bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, Azərbaycanın təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınması da deyilənlərin təsdiqidir.

Bu gün harada yaşamasından asıl olmayaraq hər bir azərbaycanlı qürurludur. Artıq bayram günlərində təbriklərimizin mahiyyəti, ifadə etdiyi arzular da dəyişib, yeniləşib. Hər zaman üçtərəngli bayrağımızın işğaldan azad olunmasını arzu edir, soydaşlarımızın tezliklə öz doğma yurd-yuvlarına qayıdacaqlarına əminliyimizi ifadə edirdik. Bu gün isə arzular başqadır. Torpaqlarımız ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, yüdrəti sayəsində öz sahiblərinə qayıtdı, torpaq həsrətinə son qoyuldu. Bugünümüzün əsas hədəfi, arzusu, istəyi işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərini tamamlamaq, soydaşlarımızın Böyük Qayıdışını təmin etməkdir. Artıq Qarabağımızın cənnət məkana çevrilməsi üçün bütün zəruri tədbirlər görülür. Bu gün Şuşamız, Cıdır düzü «Xarıbülbül» musiqi festivalına, Vaqif Poeziya Günlərinə ev sahibliyi, iki dost, qardaş ölkənin Müttəfiqlik sənədinə-Şuşa Bəyannaməsinə şahidlik edir. İşğaldan azad edilmiş torpaqlarımız hər gün qonaqlarını qarşılayır, onlara erməni vəhşiliklərini izləmələri üçün şahidlik edirlər.

Müstəqilliyinin bərpasını Qələbə sevinci ilə qeyd edən Qarabağlı Azərbaycanımız! Şükürlər olsun ki, 30 ildən sonra ərazi bütövlüyünün bərpasına nail oldun, adını qalib ölkə kimi tarixə yazdın. Zəfərin mübarək, Azərbaycan! Müstəqillik tarixinin Zəfəri növbəti səhifələrini daha zəngin, möhtəşəm edəcək.

Yeganə Əliyeva, «İki sahil»