17 oktyabr 2021 19:24
919

Şəhid Elvin Əliyevin şəhadətinin ildönümü mərasimi keçirilib

16 oktyabr 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmilər şəhid əsgər Əliyev Elvin Bəhruz oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər.

“İki sahil” xəbər verir ki, öncə şəhidin Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsindəki Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra rəsmilər il mərasimində iştirak edərək Vətən Müharibəsi şəhidi Elvin Əliyevin ailəsinin qayğıları ilə maraqlanmış, şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişlər. Vüqar Seyidov şəhidin atasına Vətən Müharibəsi şəhidlərinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidin şəkili toxunmuş xalçanı təqdim etmişdir.

Qeyd edək ki, şəhid əsgər Əliyev Elvin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.