Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də Füzuliyə səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, Füzuli şəhərinin azad olunması cənub istiqamətində digər rayonların azad olunmasında həlledici rol oynadı.
Hərbi ekspert Ruslan İmamquliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə ötən ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla, rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib: “Onu da qeyd edim ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biridir. Bu əməliyyat sayəsində, həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Vətən müharibəsinin gedişində Füzuli şəhəri daxil olmaqla rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri şanlı ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilib. Beləliklə, düşmən 30 ilə yaxın müddət ərzində həmin ərazilərimizdə qurduğu istehkam qurğularının darmadağın edilməsinin qeyri-mümkün olduğunu düşünürdü. Ancaq ermənilərin “keçilməz sədd” adlandırdıqları müdafiə xəttini Azərbaycan Ordusu darmadağın edərək özünə məxsus olan torpağı geri qaytardı. Beləliklə, Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edib. Yeri gəlmişkən onu da qeyd edim ki, hərbi əməliyyatlar hərbi hava qüvvələri, raket və artileriya qurğuları ilə həyata keçirilib. Hətta bu məqamda düşmənin içinə qorxu, xof salan da, döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin olması idi”.
Ekspert onu da diqqətə çatdırıb ki, Şuşaya gedən ən qısa yol Füzuli şəhərindən keçdiyi üçün bu ərazinin azad edilməsi döyüşlərin gedişatında xüsusi əhəmiyyət kəsb edib: “Normal şərtlərdə 3 eşolonlu müdafiə rayonları olması gərək yerlərdə biz 4-5 eşolonlu müdafiə xətləri ilə rastlaşırdıq. Tank xəndəkləri və müasir standartlarda bunkerlərin olması düşmənə müəyyən qədər rahatlıq verirdi. Düşmən ordumuzun bu cür qətiyyətli müdafiəsini tez bir zamanda yarıb keçəcəyini gözləmirdi. Bundan sonra artıq düşməndə fərarilik halları müşahidə olunmağa başladı. Bütün istiqamətlərdə bu cür təmas vəziyyətinə keçilməsi qarşılığında düşmən heç bir şəkildə öz gücünü mərkəzləşdirə bilmədi. Şuşanın azad edilməsi ilə tükənmiş düşmənin mənəvi-psixoloji vəziyyəti darmadağın edildi və beləliklə, kapitulyasiya aktına imza atmağa məcbur oldu”.
R. İmamquliyev onu da qeyd edib ki, artıq bu gün Prezident İlham Əliyevin tapşırığı əsasında işğaldan azad edilmiş Füzuli rayonunda bərpa-quruculuq işlərinə başlanılıb: “Belə ki, ölkə başçısı cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Füzuli rayonunun işğaldan azad edildiyi tarixin birinci ildönümü günündə həmin ərazimizə səfəri zamanı bir sıra layihələrin təməlinin qoyulmasında iştirakı da bütün bunların sübutudur. Əslində düşmənin 30 illik vəhşiliyi, barbarlığı nəticəsində Füzulidə abadlaşdırılası bir tikili belə qalmayıb. Füzuli demək olar ki, yenidən qurulur. Sözsüz ki, Azərbaycan dövləti, Azərbaycan xalqı Füzuli şəhərini, rayonun kəndlərini yenidən quracaq, yenidən yaradacaq. Beləliklə, Azərbaycan xalqı, Füzuli camaatı yenidən bu şəhərdə, bu rayonun kəndlərində yaşayamağa başlayacaq”.
Mənsumə Babayeva, “İki sahil”