19 oktyabr 2021 20:23
1807

Sonuncu mərmiyə yazılan omür… FOTO

Gecədən xeyli keçsədə Əlheydar kişinin gözünə yuxu getmirdi. Yuxusu ərşə çəkilmişdi. Elə bil yatağına özü boyda daş düşmüdü. Na sağında, nə də solunda özünə rahatlıq tapa bilmirdi. Yatağına qor tökülmüş kimi hiss edirdi özünü. Canı od tutub yanırdı. Narahatlığını ömür, gün yoldaşı Gülgəz xanım bilməsin deyə yatağında nə qədər farağat durmağa çalışsa da alınmırdı. Əslinə qalsa heç Gülkəz xanımın da gözünə yuxu getməmişdi.

Ərinin yatmadığını hiss edib astadan pıçıltı ilə səslədi:

-Əliheydar, niyə yatmırsan? Bir ağrıyan yerin var?

-Bilmirəm. Bircə onu bilirəm ki, od tutb yanıram. Bəlkə mən də o zəhirmara tutulmuşam, heç xəbərim olmayıb.Ardınca da izah elədi: Virusu deyirəm.Bəlkə yoluxmuşam,bilmirəm.

-Düzünü desəm elə mən də eləyəm. Amma gözümün qabağından bir an da olsun belə Fərid getmir. Yatmasam da elə bilirəm Fəridi yuxuda görürəm.

18 yaşı yenicə tamam olan Fərid əslən Ucar rayonunun Qazyan kəndindəndir. Əlheyadar əmi ilə Gülgəz xanımın böyük nəvələri, gözlərinin ilki Eldənizin böyük oğludur. Üç aydan bir qədər artıq idi ki, əsgərlikdə idi. Vətən Müharibəsinin ilk günündən Füzulinin düşməndən azad olunması uğrunda gedən qanlı savaşa qatılmışdı. Minamyot batareyasında qulluq edirdi.

Fəridin adını eşidən kimi, Əliheydar kişi tez yatağından qalxıb işığı yandırdı. Telefonu götürüb Fəridin son dəfə zəng etdiyi nömrəni axtardı. Birdən nə fikirləşdisə telefonu kənara qoyub, üzünü ömür, gün yoldaşına tutub:

-Vallah,bizim heç bir xəstəliyimiz yoxdur .Elə Fəridin dərdidir bizi yatmağa qoymayan. Allah bilir indi balam hardadır? Bəlkə də yatıb, ya düşmənlə üzbəüz durub ,zalıma od tutan yerini bildirən igidlərimizin sırasindadir? Biz burada, bu isti yorğanın altında bədənimizi qızdıra bilmirik, görəsən bu soyuqda o neynəyir? Haradadır? Allah düşmənin evini yıxsın, gününü qaraltsın. Nə gecəmiz var, nə də gündüzümüz,dedi.

-Ay, kişi, bəlkə zəng edərdin, Fəridimin bir kəlmə səsini eşidib, biz də gözümüzü yumardıq. -Olmaz! Hələ səhər açılmayıb. Saat 5- dir. Komandiri, yanındakı yoldaşları nə deyərlər? Desinlər ki, ana uşağıdır? Bəlkə də, indi döyüşdədir ? Zəng edib uşağın başını qatmış olarıq. Olmaz!

Həyat yoldaşının amiranə səsini eşidən Gülgəz xanım söhbəti üç etmədi. Yatağında uzanıb, gözlərini tavana zilləyib, səhərin açılmasını gözləməkdən başqa çarəsi də qalmadı…

Hava tutulmuşdu. Göyün üzü bozarmışdı. Göy üzü zəhirmarını tökəcək adama bənzəyirdi. Gülgəzin də üzünü qara bulud almışdı. Gözləri dolub durmuşdu. Bircə himə bəndiydi ki, gözündən yaşı sel kimi töksün… Gecənin yuxusuzluğu, Əliheydar kişini əldən salsada bir yerdə qərar tuta bilmirdi. Ömür gün yoldaşı Gülgəzin onun üzünə zillənmiş məsum, məzlum baxışlarını görüb, astadan rəhimdilçəsinə soruşdu.

-Nə olub ay arvad, sözlü adama oxşayırsan? De, dillən. Ürəyindəkiləri saxlama.

-Heç, ay kişi, Fəridin yüyürüyünü deyirəm. Uşaq vaxtı asdığımız yüyrüyü… Evin çardağındadır. Deyirəm bəlkə onu çardaqdan düşürdəsən. Gözümün işığının, Fəridimin iyni bəlkə ondan ala bildik? Allah qoysa cəbhədən qəhrəman kimi dönsün, kənddən bir halal süd əmmiş qızla evləndirərik, tezliklə nəticəmiz də olar. Qurban olum ay Əlheydar, yox demə yüyrüyü düşür. Silib təmizləyib qoyacam çarpayının altına. Qoy gözümün qabağındaca dursun. Əlheydar əmi, arvadının gözünün içinə baxdı. Gözündən sellənən yaşı görüb, ürəyi tab gətirmədi. Naəlac qalıb evin çardağına qalxdı..

Nənə öz körpəcə nəvəsinin dilini oxşayırmış kimi beşiyi qarşısına qoyub, boş beşiyə layla dedi.

A lay-lay, yenə lay-lay,

Can deyim sənə lay- lay.

Sənə gələn dərd bəla,

Qoy gəlsin mənə lay-lay.

Dağda maral bozdadı,

Tükün göydə tozdadı.

Getmisən, tez qayıt gəl,

Dərd məni yalqızladı.

Gün günortaya yaxınlaşırdı. Əliheydar kişini üşütmə tutmuşdu. Titrəyirdi. Üzünü xanımına tutub "Vallah titrədirəm. Elə bil bədənimdə qanım da donub"- dedi.

Telofonunu əlinə alıb evin arxasına narlığa keçdi. Fəridin son dəfə zəng vurduğu nömrəni yığdı. Telefona zəng çatmadığını görüb daha da darıxmağa başladı… Göyün üzü də qara buludları ilə onları qorxurudu. Günorta olmasına baxmayaraq havaya qəribə bir qaranlıq çökmüşdü. Bir topa qara bullud da sallana-salana, sanki yeri yalaya- yalaya düz gəlib Əlheydar kişinin evinin üstə dayandı. Əlheydar kişi başını qaldırıb göyə baxmağa başladı. Ona elə gəlirdi ki, göy uçub bu dəqiqə üstünə töküləcək. Ona elə gəlirdi ki, bu dəqiqə göydən yağış yox daş yağacaq… Nə fikirləşdisə üzünü çevirib küçə qapısını açıb həyətdən çıxdı. Haraya getmək istədiyini unutdu… Deyəsən məqsədi fikrini dağıtmaq, onu sıxan fkirləri unutmaq idi. Qəfildən bir tufan sayağı külək qopdu. Bir topa toz burula- burula gəlib düz Əliheydar kişinin yanında burulqana dönüb göyə qalxdı. Sanki toz da rəngini itrmişdi. Dünya görmüş qoca bir ah çəkdi. Allahım xeyir elə… Bu nədirsə xeyirli əlamət deyil… Ara-sıra uzaqdan atılan top səsinin gurultusu eşidilirdi. Üzünü Qarabağa tərəf tutub , özünə təsginlik verməyə çalışdı. «Bizimkilərdir... Mütləq hücumdadırlar… Ona görə də Fərid telefona cavab verə bilmir»- deyə düşündü. Küçədə dayanıb nə isə fikirləşib, sonra yenidən həyətə qayıtdı. Yoldaşına yaxınlaşıb, «Top səslərini eşidirsənmi? Bizimkilərdir, hücuma keçiblər. Televizoru açaq, baxaq. Mütləq indilərdə Alı Baş Komandan bizi sevindirər»,- dedi. Birdən göy guruldadı. İldırım çaxdı. Göy üzündən yağış sel kimi sellənməyə baçladı.Çoxdan idi ki, yağış da yağmırdı. Qara buludlar düz Əlheydar kişinin evinin üstünə dəyəcək qədər aşağı sallanmışdı. Əlheydar kişiyə elə gəldi ki, bu dəqiqə sel onları ağzına alıb aparacaq.Özlərini aciz, tənha, köməksiz hiss etdi.

Bu an küçə qapısında iki qara maşın dayandı. Maşından qara paltarlı adamlar düşüb onlara tərəf gəlirdilər. Gələn adamların rəngləri də qara bulud kimi qaralmışdı. Sanki üzləri görünməsin, onları tanımasınlar deyə üzlərinə qara örtük çəkmişdilər. Təbii ki, üzlərindəki tibbi maska idi. Üzlərinə baxanda gözlərində parıldayan yaşı görməməmək mümkün deyildi. Gələnlərdən biri kəndin sayılıb-seçilən kişilərindən Nadir Nuriyev Əlheydar kişiyə yaxınlaşıb onu bağrına basdı.

"Əmi" deyib dayandı… Sonra özünü toparlayıb «Ordumuz düşmənin laiqli cavabını verir. Qəhrəmanımız Fərid Füzulinin düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Başımız sağ olsun», deyə bildi.

Uca boylu, dünya görmüş qoca qəddini düzəltməyə çalışdı. Özünü toparlayıb xırıltılı bir səslə « Vətən sağ olsun. Oğul düşmən çəpəridir. Çəpərimizdən namərd, nakəs, namussuz keçməsin. Bu Vətənə min can fəda olsun», deyib hönkürdü.

Elə bil bu an hönkürüb ağlayan Əlheydar, qıyya çəkib ağ saçlarını küləyə verən Gülgəz deyildi. Yer idi, göy idi…Sanki körpə Fəridin göylərə çəkilməsinə göylər də ağı deyirdi. O,an göydən yağan yağış da göz yaşına bənzəyirdi…

Bir anlığa Əlheydar kişi, özünü topralayıb:

-Görəsən atası bilirmi? Bağışlayın məni, bir zəng edib oğlumdan xəbər bilim, görüm nə edir? Sonra üzünü göylərə Tanrıya cevirdi, torpağı qoru ki, əkə biləsən! Yurdu qoruyanda yurd olur, qorumayanda düşmənin ayaqları altında zarıyır. Nəvəm bir qarışı azad edibsə … Tanrı yanında, Vətən yanında, valideyin yanında xalqın övladına çevrilir, Şəhidlik zirvəsinə uçalır! Mən xoşbəxt babalardanam ki, nəvəm bu yolun yolçusu oldu.

Şəhidimiz Fəridin atası o məşum günü belə xatırlayır:

- Oktyabrın 15 idi. Atam zəng etmişdi. Gördüm ki, danışmır, telefonda xırıltılı bir səs gəlir. Atamın boğazı qurumuşdu. Nəfəs ala bilmirdi. Dərhal anladım ki, bu yaxşı zəngə oxşamır. Bilirdim ki, oğlu müharibədə olan atanın qapısını bir gün belə xəbər də döyə bilər. Gücümüz nəyə çatırdı ki, əlimiz Allahın dərgahında idi. Bütün əsgərlərimizə dua edirdik. Nəhayyət, atam özünü toparlayıb «Eldəniz Vətən sağ olsun! İndiyə kimi Hüseyinzadə Fəridin atası idin. İndi də Şəhid Fəridin atası oldun. Şəhidimizin adına layiq ol. Mohkəm ol» ,dedi.

Hər şeyi gözəl başa düşürəm,Vətənsiz oğul nəyə gərəkdir. Biz hamımız gəldi gedərk. Vətən bizə əmanətdir. Vətən namusdur. Fəxr edirəm ki, oğlum namus üstə ,Vətənin azadlığı uğrunda Şəhid olub. Fəridim çox gənc idi. Nə yatdı ki, nə də yuxu görə. Bu dünyadan kam almadan getdi… Çox zəhmətkeş idi. Ailəcanlı idi. Evin hər yükünü çəkir, bizim hər tarpımıza dözürdü. Doqquzuncu sinfi bitirib orta məktəbdən aralandı. lap uşaqlıqdan çilingər olmaqı, avtomobil təmirçiliyin çox sevərdi. Usta yanında çalışırdı. Yaşının az olmasına baxmayaraq bilmədiyi iş yox idi. Istənilən maşının mühərrikini, körpüsünü, sürətlər qutusunu gözüyumulu söküb yığardı. Vallah, mən balama tamarzı olmuşam. Deyim ki, heç onu doyunca görmüşəm, yalan olar…13 yaşından usta yanına gedirdi, sənət öyrənməyə. Səhər evdən çıxıb gecə dönərdi. Əli-ayağı mazut, üstü-başı maşın yağı olardı. Bir tikə qaş-qabaq etməz, yorulmazdı. Evin çatışanını və çatışmayanını alardı. Fikri-zikri bu idi ki, ailəyə, bizə kömək etsin. Bacısının, qardaşının üst- başını təzələsin. 18 yaşı tamam olan kimi əsgərliyə getdi. Beyləqanda 181 nömrəli hərbi hissədə qulluq edirdi.

Minamyot batareyasında xidmət edirdi. Vətən Müharibəsi başlayan gündən ön cəbhədə, Füzulinin Alxanlı kəndində döyüşlərə qatılıb. Oktyabrın 14-də Füzüli rayonun Qaraxanbəyli, Seyidəhmədli istiqamətəndə gedən döyüşlərdə Şəhid olub. Cibindən atamın nömrəsi çıxıb. Telefonu da yox idi. Amma komandirinin, döyüş yoldaşlarının telefonu ilə evlə tez- tez əlaqə saxlayırdı. Bizi nigaran qalmağa qoymurdu. Bu da bir qismətdir. Vətən yolunda, torpaq yolunda Şəhid olmaq mənim balamın taleyiymiş. Bəlkə də Allah onun zəhmətini, saflığını görüb bu ucalığa qaldırıb. Mən indi onu görə bilmirəmsə də mütləq O, məni görür, eşidir. Deyirəm ki, Fəridim sən bu dünyaya fərqli gəldin, az yaşınla insanlığınla fərqləndin. Tanrı dərgahına da fərqli, Şəhid olaraq getdin. Övladım, Allah o uca məqamını uca etsin. Siz heç açılmamış bir gülün solduğunu, dərd əlindən insanın qarsıyıb yandığını, insanın öz oduna isindiyini, dərd əlindən göyüm-göyüm göynəyib, dərdi tüstüyə dönüb başından çıxdığını, Şəhd balasının qərəmanlığını təsəlli edib onun əsgər çəkməsini, tərli paltarını, qanı tökülmüş, əşyalarını öpən, yalayan və Vətən sağ olsun deyən ana görmüsünüzmü?

Mən hər gün gözümdə Vətənləşən, Vətənin bir parçası olan bu dağ əzəmətli, başı uca dağlar kimi qarlı olan anaları görüb min dəfə ölüb dirilirəm. Düşünürəm ki,Tanrı qəhrəman oğullarddan öncə bu məğrur anaları yetişdirib. Bu analar sinəsindən onlara Vətən sevgisi yedirib, bu analar Vətən sevgisini onalara öz bətinlərində bəsləyərkən ötürüblər. Əhsən sənə Azərbaycan qadını. Var olun size, qəhrəmanlar yetişdirən Şəhid anaları...

Qara saçlarını vaxtsız ağartmış, qaməti erkən əyilmiş, gözünün nuru vaxtından tez getmiş, dərdən nurlu siması bozarmış, ürəyi qarsımış Şəhid anası. Durduğun ucalığa söz çatmaz, ün yetməz. Yetişdirdiyin, Vətənə bağışladığın oğul boyda igid olmaz. Dərdin boyda dərd, dözümün boyda dağ , qürurun boyda ucalıq yoxdur.

Anası Aysel xanım dediklərindən:

- Biz ailə olaraq zəngin həyat tərzi yaşayan, hər arzuladığını həyata keçirə bilən ailə olmamışıq. Amma kasıb da deyilik. Allah bizə Vətən sevgisi, el qeyrəti, dövətinə sədaqət, xalqına, millətinə inam, başqasının uğuruna sevinmək kimi çox böyük nemət verib. Arzuldığım tərbiyəli, atasına anasına hörmət qoyan, vətənsevər övladımın olması olub, Allah da onu mənə verib. Fəridim də üz ağardan oldu. Döyüş yoldaşları onun haqqında , göstərdiyi qəhrəmanlıq, daha doğrusu fədakarlıq haqqında danışırlar ,mən də oğlumla qürur duyuram. Əsası budur ki, utanmıram. Başı aşağı deyiləm. Oğlum əsgərlikdən qaçan, fərari, baş girləyən, barlarda , restoranlarda başqasının varı, zəməti hesabına guruldayan olsaydı, bahalı maşınlarla küçələrdə meydan sulasaydı adam içinə çıxmazdım. Xəcalət çəkərdim. Başım aşağı olardı. Oğlum yüz minlərlə insanın, içində də Fəridimdən güclü, imkanlı cavanların düşmən əsarətində qoyub qaçdıqları, düşmənin tapdağı altında qoyuduqları torpaqları azad edərkən Şəhid olub. Kimi bahalı maşını, oğrluq-doğurluq qazandığı varı, var- dövləti, kimi isə Allahın verdiyi sevgi, ləyaqəti ilə qürurlanar, öyünər. Bizim də varımız Vətən sevgisi, ləyaqətli övlad yetirmək olub. Nə qədər ömrümüz var Fəridim bizə belə bir qürurlu ömür yaşamağı miras qoyub getdi, öz ölməzliyi, Şəhidliyi ilə. Fərid kimi oğullar dünyaya az gəlir.Fərid ailəyə bağlı oğul idi. Ailəsini sevməyən dövlətini, Vətənini də sevə bilməz. Zəhməti ilə,dişi-dırnağı ilə qazandığını gətirib bizə verərdi. Ailəsinin, bacı qardaşının dərdini çəkərdi. Fəridim əsgərliyə təzə getmişdi. Ciddi karantin dövrü idi. Evdən çölə çıxmaq belə mümkün deyildi. Nə gizlədim, maddi çətinlik, ərzaq qıtlığı müəyyən problemlər yaradırdı. Bir gün gördüm ki, küçə qapısı döyülür. Fəridin dostları, böyük bir ərzaq paketi ilə bizə gəliblər. Dedilər ki, Fərid zəng etmişdi. Sizdən narahat olduğunu bildirdi… Fikri sizin yanınızda qalıb… Korluq çəkdiyiniz haqqında düşünür. Bizə dedi ki, bir sizə baş çəkək... Narahat olmayın, Fərid özü sağ-salamat gəlib bunun beş əvəzini ödəyəcək.

Ananın gözləri yol çəkir. Yaş sellənib yanağı boyu süzülür…

Balam sevdiyi bayraqa bükülü gəldi. Nə bizə, nə də dostlarına verdiyi sözü tutmadı. Canını, canında çox sevdiyi torpaqa, vətənə qurban verdi. Yaşamadı, nakam arzuları gözündə getdi. Fəridin, valideyni olduğumuza görə çox qürurluyuq. Şəhidlərin adı Vətənlə qoşa çəkilir. Dövlətimiz qüdrətləndikcə, Vətənimiz gözəlləşdikcə düşünürəm ki, bu gözəllikdə, bu uğurda, bu qələbədə mənim Fəridimin də payı var. Oğullar Vətən üçün doğulur, Vətən üçün böyüdülür. Fəridim gedib yerində bu gözəl Vətən qalıb. Təki Vətən sağ olsun.

Valideinlərİ danışdıqca kiriməyən, gözünün yaşında boğulan bacısı Rəksanə özünü toparlayıb, «İstəyirəm ki, qardaşım haqqında mənim düşüncələrimi də biləsiniz, deyir.

- Qardaşım çox gözəl, böyük ürəkli, qayğıkeş bir insan idi. Bir-birimizə çox bağlı idik. Ürəyimizdən keçəni gözümüzdən oxuyardı. Məktəbə gedəndə atamdan xərcləmək üçün pul istəyirdik. Düzünü deyim, atanın pulu olurdu da olmurdu da. Fərid bunu hiss edən kimi tez bizi bir kənara çəkib deyərdi ki, atadan xərclik istəməyin, özüm xərclik verəcəm sizə. Hər gün məktəbə gedəndə bizə xərclik verərdi. Qoymazdı ki,əyin başımız köhnəlsin. Hər şeyə diqqət yetirərdi. İşdən evə çox gec gələrdi. Qardaşımla oturub yolunu gözləyərdik. Bilirdik ki, əliboş gəlməyəcək. Mütləq nə isə alıb gətirəcək, bizi sevindirəcək. Qardaşımla fəxr edirəm. Düşünəndə ki, Vətən uğrunda Şəhid olub, təsəlli tapıram. Bilirəm ki, Allah sevdiklərini, təmənnasız sevməyi bacaran saf insanları yanına alır. Düşünürəm ki, on milyonun içində seçilən insanlardan biri də mənim qardaşımdır,onda təsəlli tapıram. Amma Fərid kimi bir qardaşı itirməyin dərdi ağırdır. Ayrılıq var, həsrət var...Bu dözülməzdir. Hər gün qardaşımla Bülbülə şəhidlər xiyabanına gedirik. Onun o güllü məzarını ziyarət edirik. Hərdən üzünə baxmağa utanıram da. Düşünəndə ki, qardaşımın etdiyi yaxşılıqlar, göstərdiyi qayğı əvəzsis qaldı, onda az qala dəli olmaq dərcəsinə çatıram … Mənə çox ağır gəlir. Dibçəkdə güllərim var. Onlara çox qayğı göstərirəm, sevirəm, bəsləyirəm, qoxulayıram. Qardaşım kimi gözəl, ətirli və safdırlar. Bəzən açılan gülləri görəndə elə bilirəm qardaşım Fəriddir mənə baxıb gülümsəyir. Gül üzlü qardaşım, arzuları ürəyində solan Fəridim. Bacın gülüşünə qurban olsun Şəhid qardaşım. Hər dərdimizi çəkən qardaşım. Rahat yat məkanında. İndi sənin qanını tökdüyün torpaqlar azad, Vətənimz isə firavandır.

Emin, dostu:

- Fərid mənim yanımda çilingər işləyirdi. Yanıma sənət öyrənməyə gələndə körpə uşaq idi. Çox istiqanlı, böyük- kiçik yeri bilən idi. Ona o, qədər öyrənmişdik, doğmalşmışdıq ki, onu ailə üzvü kimi qəbul etmişdik. Fərid mənim valideyinlərimə ata, ana deyə müracət edirdi. Zəhmətkeş idi. Ona tapşırdığın bir işi heç vaht iki dəfə təkrar etməzdim. Sənət işi belədir ki, inasan gərək zirək olsun, gördüyünü tez götürsün. Fərid də istedadlı idi. Hər şeyi tez mənimsəyirdi. Avtomobilin mühərrikini, sürətlər qutusun çox gözəl təmir edirdi. Elə bil avtomobil özünün ixtirası idi. Yəni o qədər mükəmməl bilirdi. Fəridi qardaşım bilirəm. Fəxr edirəm ki, onu tanımışam, onunla çalışmışam, onunla dost, qardaş olmuşam. Fərid hər cür yüksəkliyə laiq idi. Ona görə də Allah onu laiq olduğu məqama yüksəltdi. Biz indi müvəqqəti dünyadayıq. Fərid əbədi dünyada, yüksəklikdən bizi görür. Məqamı uca olsun.

Döyüş yoldaşı Qasimzadə Tacəddin Əliyar oğlu Fərid Hüseyinzadə haqqında xatirələrini bizimlə bölüşür:

- Mən 44 günlük Vətən Müharibəsinin ilk günüdən son saatına kimi döyüşlərdə olmuşam. Füzülidən başlayan döyüş yolum Şuşada bitib. Bu müddət ərzində çox insanlarla yoldaşlıq etmişəm. Yanımda bizə əziz olan insanların Şəhid olmalarına, qazi olmalarına necə döyüşçü, necə bir insan olmalarına şahidlik etmişəm. Bu 44 günlik müharibə boyu yaddaşıma ömürlik həkk olan adlardan, biri və mən deyərim birincisi Hüseyinzadə Fərid Eldəniz oğludur. Fəridlə ilk tanışlığım sentyabrın 25 də, Füzuli rayonunun Alxanlı kəndində, ön cəbhədə başlayıb. Mən hələ iyul ayında könüllü olaraq Səfərbərlik İdarəsinə gedib Qarabağda, Vətənimin düşmən işğalından azad olunması uğrunda döyüşmək niyyətində olduğumu bildirmişdim. Sentyabrın 21-də mənim bu arzum gerçəkləşdi. Bizi Ağcəbədi rayonuna, ordan da 25 sentyabrda ön cəbhəyə, Füzuli rayonunun Alxanlı kəndinə apardılar. Onu da deyim ki, burada bir yerdə dayanmırdıq. Əmrə əsasən tez- tez yerdəyişmələr edirdik. Tale elə gətirdi ki, Füzulidə Fərid Hüseyinzadə ilə, onun xidmət etdiyi 181 minamyot batareyasinda xidmət edəsi oldum. Fərid bığ yeri yenicə tərləmiş gənc bir əsgər idi. Minamyot heyyətində qulluq edirdi. İlk dəqiqədə öz davranışı, tərbiyəsi, fədakarlığı və xüsusi istedadı ilə diqqətimi cəlb etdi. Biz dostlaşdıq. Çox doğma bir adam idi. Adama elə gəlirdi ki, illərlə bir ananı bətnində yatıb, sonra bu dünyaya gəlmişik. Xidmətimizin ilk günləri biz minomyotları döyüş mövqeyinə çıxarıb, verilən kordinatlara uyğun olaraq göstəriciləri qurub döyüş hazırlığı vəziyyətinə gətirib hədəfə tuşlayırdıq. Nəhayyət sentyabrın 27 də səhər saat səkkizin yarsında bizim AN-2 kəşfiyyat təyyarrəmiz nəzarətətimizdə olan ərazilərdə kəşfiyyat xarakterli uçuş edirdi. Ermənilər təyyarrəmizi atəşə tutdular. Elə həmin andaca bizə atəş əmri verildi. Əks-hücuma başladıq. 3 saat aramsız döyüş oldu. İlk döyüşlərdən Fəridin necə fədakar, düşmənə qarşı nifrət hissini, qorxmaz olduğunu gördüm. İnanın bu döyüşlər ərzində bir an belə dayanmır, minamyotun mərmisini bir an əskik etmir, bir atəş açılmadan o biri mərmini hazır edirdi. İlk günlər çox uğurlu döyüş əməliyyatlarımız oldu. Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli, Seyidəhmədli kəndlərinə doğru sürətlə irəliləyirdik. 4 oktyabrda artıq Qaraxanbəylidə idik. Bu müddətdə bizim yaralılarımız var idi. 4 oktyabrda ilk şəhidimizi verdik. Bayaramov Əli bu döyüşlərdə Şəhid oldu. Dediyim kimi Hüseyinzadə minomyot batareyasında ilk günlər heyyət üzvü idi. Artıq oktyabrın 4- də Fərid tuşlayıcı kimi döyüş tapşırığın yerinə yetirirdi. Çox bacarıqlı, qorxusuz, hamının hörmətini, sevgisini qazanmış bir əsgər idi. Mən burada bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm. Bütün cəbə boyu, Füzuli, Hadrut, Xocavənd və Şuşada döyüşlərdə olmuşam. Müharibənin hər üzünü görmüşəm. Bizim ən ağır döyüşlərimiz Füzulidə olub.Bunun da bir sıra səbəbi var. Birinci, Füzulinin bütün strateji əhəmiyyətli yüksəklikləri,təpəlikləri hamısı ermənilərdə idi. Biz isə düzənlikdə mövqeylənmişdik. Ermənilər illər öncə işğal etdikləri ərazilərdə müdafiə mövqeyində durmuşdular. Döyüşün ilk günləri ermənilərin gözləri hələ qorxmamışdı, keçmişin abu-havası hələ başlarında idi. Belə deyək ki, ordumuzun gücünü canlarında hiss etməmişdilər. 30 illik işğal dövründə ərazilərimizdə möhkəmlənib istehkamlar tikmişdilər. Adicə bir təpə var idisə, artıq bilirdik ki, orada mütləq ermənilərin komanda müşahidə məntəqəsi yerləşir. Bu komanda müşahidə məntəqəsi sadəcə sözlə ifadə ediləcək bir yer deyildi. Gərək bunu insan özü görə, onda təsəvvür yarana. İki-üç metr qalınlıqda beton bunkerlərdir, üstünə də çox qalın metal borular yığıblar, borunun üstünü də rezin təkərlərlə 4 qat örtmüşdülər. Hər qat təkərin arası torpaqla doldurulub. Bəzən dəqiq raket zərbəsi ilə də bu yerləri dağıtmaq olmurdu. Bundan əlavə avtomatlaşdırılmış bunkerləri var idı ki, ordan ağır artleriya çıxıb daim bizi ataş altında saxlayırdı. Eyni zamanda uzunluğu görünməyən çox mərhələli "Ohanyan sədd"i var idi. "Ohanıyan səddi" nədir? Hündürlüyü 6-7 metr olan torpaq vallardır. Xüsusi bərkidilmiş kanala bənzər tirələrdir. Bu valların arasına nə qədər istəsən canlı qüvvə və texnika cəmləşdirmək olurdu. Kənardan baxanda bu tirələrin arasında nə olduğun qəti görmək mümkün deyil. Hər 3-4 kilometrdən bir özləri tərəfdən vallara texnika keçirmək üçün yer, yol qoyublar. Xüsisi hazırlanmış valların arasıda bəzən 500 metr, bəzən bir kilometr, bəzən də üç kimlometrə qədər məsafə olurdu. Əgər, ordumuz bu sədlərin birini keçərdisə movqelənmək üçün heç bir şey olmurdu. Əsgərlərimiz ermənilər tərəfindən xüsusi hamarlanmış düzənliyə düşüb, elə həmən andaca hər cür silahlanmış düşmənin atəşinin altınada qalırdı. Eyni zamanda kənardan hiss olunmayan, yəni gözlə görünməyən dərinliyi 5-6 metr, eni 1 metr olan, vaxtı ilə üzüm sahələrində istifadə olunmuş beton dirəklərdən xüsusi hazırlanmış səngərləri var idi. Açığını deyim ki, bu səngərin başlanğıc yerini dəqiq bilirəm. Sonu harada bitirdi müəyyən edə bilmədik. Bəlkə də o, səngər Xankəndinə qədər gedib çıxırdı. Belə bir istehkam xəttinə malik, təpədən dırnağa kimi silahlanmış bir düşmənlə üzbəüz döyüşürdük. Düşmən İlk anda müqavimət göstərə bilməsə də sonradan özünü toparlayıb çox ciddi müqavimət göstərir, hətta itirilmiş ərazilər uğrunda ölüm-dirim savaşından çəkinmirdilər. Bizim davamız haqq davası idi. Bizim silahımız vətənimizə olan sevgi idi. Hamı eyni amal, torpağımızın azadlığı uğrunda döyüşürdü. Yaralanan, şəhid olan döyüş yoldaşlarımızın əvəzindən də döyüşürdük. Maraqlısı da bu idi ki, burada gənc əsgər, yaşlı əsgər,təcürbəli ,təcürbəsiz söhbəti yox idi. Hamı bir idi… Fəridi bizə sevdirən də bu idi. İnanın O, qəti yatmırdı. Bir an dayanmırdı. Minamyotu sankı özü ixtira etmişdi. Qısa bir zamnda heyət nəfərindən tuşlayıcı vəzifəsinə yüksəlmişdi. Fədakar idi. Çox çalışqan idi. Yaşasaydı, müharibənin sonuna kimi minamyot komandiri vəzifəsinə qədər yüksələ bilərdi. Onda bu potensial var idi. Döyüşlər davam etdikcə ermənilər mövqelərimizi, yerimizi dəqiqləşdirib, bizi atəş altında saxlayır, ciddi müqavimət göstərirdilər. Atəş altında döyüşmək çox çətindir. Düşmən koordinatı dəqiq tuta bilir və özünün əlverişli movqeyindən istifadə etməyə çalışırdı. Ona görə də tez- tez mövqe dəyişməsi edirdik ki, açıq hədəf olmayaq. Oktyabrın 14 idi. Səhər saatlarından düşmənin artileriyası durmadan atəş açırdı. Minamyot mərmisi dolu kimi yağırdı. Fərid bu məqamda həm minamyota mərmi daşıyır, həm də tuşlayıcı vəzifəsini icra edirdi. Bir sözlə cəsarəti olan hər kəs bacardığını etməyə çalışırdı. Fərid Hüseyinzadə məndən sağ tərəfdə ikinci minamyot heyyətində vuruşurdu. Aramızdakı məsafə 15 metr olar ya, olmazdı. Gündüz saat iki-üç arası idi. Fəridin yaxınlığına mərmi düşdü. Qəlpə Fəridin sol tərəfdən boynunu yaralamışdı. Çox dəhşətli mənzərə idi. Belə mənzərəni yalnız kinolarda görüb, kitablarda oxumaq olar. Aldığı yaranın təsirindən Fərid dizi üstə çökmüşdü. Amma o vəziyyətində də əlindəki mərmini yerə atmayıb minamyotu atəşə hazırlamağa çalışırdı. Cəhd edirdi ki, əlindəki mərmini minamyotun sandığına yerləşdirsin… Mən tez Fəridə tərəf qaçdım. Eyni zamanda minamyot komandiri Orxan Bayramov da səngərdən çıxıb Fəridin əlindən mərmini alıb minomyotun sandığına yerləşdirdi. Fəridin gözləri qarşısında onun gətirdiyi sonuncu mərmi ilə düşmənə zərbə endirdik. Fərid bizə baxıb baş barmağı ilə əla işarəsi verib gülmsədi. Bu, onun son gülüşü oldu. Fəridi yaxınlıqdakı səngərə çəkib yarasını sarımağa çalışdıq. Çox ağır yara almışdı. Heç beş dəqiqə çəkmədi ki, ruhunu göylərə təslim etdi. "Ratsiya" ilə Fərid Hüseyinzadənin Şəhid olmasıı barədə komandanlığa məlumat verdik. Dərhal sanitar maşını gəldi… Çox təəssüf ki, Fərid bu 44 günü sona kimi yaşamadı. Onun əvəzinə dostları döyüşürdü. Hər döyüşdə, bəlkə də hər atəş açılanda onu xatırlayırdıq. İşğaldan azad etdiyimiz ərazilərdə yüzlərlə erməni leşinin üstündən keçib Şuşaya doğru irəliləyirdik. Təsəllimiz o idi ki, torpaqlarımız işğaldan azad edildikcə Fəridin, döyüş yoldaşlarımızın ruhu sevinir. Onların yarımçıq qalmış arzularını biz gerçəkləşdirdik. Yarımçıq qalmış ömürləri isə Tanrı dərgahında davam edir…

...Bülbülə göylərində hər axşam bir ulduz parlayır. İşığı yalnız bir evə düşmür. Bütün ölkədə görunur. Ana dünyaya bir oğul gətirdi…Ona lay-laylar oxudu. Bu laylalarda on Vətən sevgisini öyrətdi. Qanına köcdu bu lay-laylar. Heç demə, dunyada atadan, anadan da cöx seviləsi bir ad da var. Bu Vətəndir, onun üstündə gəzməklə iş bitmir, gərək onu özündən çox sevəsən, onu qoruyasan, canını ona qurban verməyi bacarsan. Vətən yolunda canını qurban verməyi kimdənsə tələb etmirlər… Əsgər yaxşı bilir ki, onu Qələbə ilə birgə Şəhadət də gözləyir. Bu hamımızın keçəcəyi bir yol deyil. Şəhadət seçilmiş insanların ucaldığı bir zirvədir. İndi o zirvədən bizə Fərid Hüseyinzadə də baxır. Fərid elə o andan bir millətin, xalqın, Vətənin övladına çevrildi. Tanrı yanında yer aldı! Nənəsi boş beşiyə layla caldı, elə bildi ki, cəbhədə Fəridin yuxusu gəlmir. Babası həmin gecə göylə, yerlə vuruşdu, tufana düşdü, buludlarla cəbhəyə ucdu… İki qara maşın nəvəsini yox, ona Şəhid xəbərini gətirdi… Həmin gecə bir atanın naləsi, bir ananın, fəryadı göyləri yandırdı, Tanrıdan öğullarını istədilər. Heç demə Tanrı həmin dəqiqələrdə Fəridi öz dərgahına alırmış.

Elşən QƏNİ