22 oktyabr 2021 14:39
942

Ermənistan gürcülərin “Cavaxk”ı oğurladığını zənn edir

2021-ci ilin oktyabrın 8-də Ermənistanın “Noyan Tapan” kanalının efirində çıxış edən erməni politoloqu [1] Razdan Madoyan, ermənilərin “Cavaxk” kimi qələmə verərək mənimsəməyə cəhd göstərdiyi Samtsxe-Cavaxeti rayonunun guya tarixən Ermənistana məxsus olduğunu qeyd etmişdir. Razdan Madoyan efirdə təxribat xarakterli çıxışı zamanı guya gürcülərin “Cavaxk” rayonunu Ermənistandan oğurladığını bildirmişdir.

Qeyd etmək lazımdır ki, Razdan Madoyanın əvvəllər də təxribat xarakterli çıxışları olmuşdur. Buna misal olaraq, o, hələ [2] 2006-cı ilin martın 14-də verdiyi müsahibəsi zamanı bildirmişdir ki, guya Samtsxe-Cavaxeti rayonu heç vaxt Gürcüstana məxsus olmamışdır.

Əslində hər kəsə məlumdur ki, erməni siyasətçiləri və politoloqları vaxtaşırı olaraq internetdə həqiqəti əks etdirməyən yalan məlumatlar yayırlar. Onlar həmin dezinformasiyaları Ermənistanın KİV-lərində dəfələrlə dərc edərək cəmiyyəti, həmçinin erməni xalqını məqsədyönlü şəkildə aldadırlar. Lakin yalanın ömrü uzun olmur və həqiqət hər zaman işıq üzünü görür. Sirr deyil ki, erməni millətçiləri günü bu gün də Gürcüstanın Samtsxe-Cavaxeti rayonunda separatçılığı qəsdən alovlandırır, öz çirkin niyyətlərindən ötrü nəinki Gürcüstanda, dünyanın müxtəlif yerlərində məqsədyönlü şəkildə təxribatlar törədirlər. Erməni siyasətçiləri özlərini “Böyük Ermənistan” mifinə inandıraraq, həqiqəti heç cür qəbul edə bilmirlər. Həqiqət isə ondan ibarətdir ki, “Böyük Ermənistan” heç vaxt mövcud olmamış, Samtsxe-Cavaxeti isə hər zaman Gürcüstana məxsus olmuşdur. Ermənilərin növbəti uydurma adlarından biri olan “Cavaxk” anlayışı da əslində mövcud deyildir. Bu baxımdan gürcü müəllifi [3] Kukuri Metreveli öz məqaləsində haqlı olaraq yazır:

“Cavaxk” və “cavaxklılar” təbiətdə mövcud olmamışlar. Erməni təxribatçılarının Cavaxetini təhrif etmək üçün uydurduqları “Cavaxk” heç bir halda iki qonşu xalqın tarixən Gürcüstanın Cavaxeti torpağında sülh şəraitində yaşamasına töhfə verməyən saxta ifadələrdir. Cavaxeti tarixinin təhrif edilməsi, separatçı düşüncəsində olan kiçik erməni qruplarının təxribat xarakterli hücumları, “Böyük Ermənistan” planına uyğun həyata keçirilə bilər.

Erməni “alimləri” ildən-ilə saxta əsərlər yazaraq və bir-birlərinə istinad edərək, reallıqda mövcud olmayan “Cavaxk” anlayışını cəmiyyətə sırımağa çalışırlar ki, burada da onların əsas məqsədi Samtsxe-Cavaxeti rayonunu mənimsəməkdən, başqa sözlə desək erməniləşdirməkdən ibarətdir. Misal olaraq, belə erməni müəlliflərindən biri olan A.Erikyan öz əsərində Cavaxetini “Cavaxk” kimi qələmə verir [4, s.134].

Qeyd etmək lazımdır ki, 1992-ci ildə İrəvanda “Erməni memarlığını öyrənən cəmiyyət”, erməni, ingilis və rus dillərində “Axalkalaki” adlı buklet dərc etdirdi ki, bu nəşr əslində gürcülərə qarşı bir psixoloji təsir mexanizmi idi. Buklet – gürcü əhalisini, Gürcüstan ərazilərinin guya “Böyük Ermənistan” olduğuna inandırmaqdan ötrü hazırlanmışdı. Bukletdə qeyd olunur ki, guya Axalkalaki XI əsrdə yarandığı gündən erməni şəhəri olmuş və guya indi də belədir. Guya ki, orta əsrlər ərzində “erməni əyaləti”nin mərkəzi “Cavaxk” – Qavari olmuşdur [4, s.138]. Həmin bukletin mətnində isə nə Gürcüstanın, nə də gürcülərin adı çəkilmir. Guya ki Gürcüstanda hər şey ermənilərə məxsus olmuşdur.  

Xaçatryan 1971-ci ildə İrəvanda “Cavaxkın erməni milli rəqsləri” mövuzusunda dissertasiya müdafiə etmişdir ki, həmin dissertasiya işində o Cavaxetinin açıq-aşkar guya qədim erməni etnoqrafik rayonu olduğunu qeyd edir. Xaçatryanın işində də həmçinin, nə Gürcüstanın, nə də gürcülərin adlarına rast gəlinmir [4, s.139].

Qeyd etmək lazımdır ki, Qafqazda potensial münaqişə ocağı olan Samtsxe-Cavaxeti problemi təkcə Gürcüstan üçün deyil, ümumilikdə Qafqazda sülhün və sabitliyin davamlılığı, eləcə də Avropanın enerji təhlükəsizliyi üçün ciddi təhdidlər doğurur [5, s.52].

Ermənistan daima qonşu olduğu ölkələrə qarşı işğalçılıq siyasəti yürütmüş, həmin ölkələrin ərazilərini, tarixi-mədəni abidələrini və zəngin təbii sərvətlərini mənimsəmişdir. Ermənilər əslində özləri oğurluğa can atdıqları halda, öz günahlarını qəsdən gürcülərin üstünə atırlar. Bu məqamda onu xatırlatmaq istəyirik ki, Gürcüstanın Lori vilayətini işğal edən də məhz təcavüzkar Ermənistan idi. Tarixə nəzər saldıqda bizə məlum olur ki, 1918-1920-ci illərdə Gürcüstanla Ermənistan arasında müharibə baş vermişdi. Məhz 1918-ci ildə Ermənistan Lori vilayətini işğal etmək məqsədilə Gürcüstana qarşı hərbi əməliyyatlara başlamışdı. 1920-ci ildə Stalinin köməyi ilə [6] Lori vilayəti Ermənistana verilmişdi. Ermənilər həmin vaxt nəinki Lorini, həmçinin, Axalkalaki və Axalsixe rayonlarını da ələ keçirməyə can atırdılar.

Heç təsadüfi deyildir ki, Axalkalakidə antigürcü xarakterli [4, s.163] bir çox erməni təşkilatları mövcud olmuşdur: “Cavaxk”, “Zartunk”, “Arşalus”, “Soyuz” və s. Günü bu gün də məhz erməni təşkilatları Gürcüstanda müxtəlif xarakterli təxribat aksiyalarını həyata keçirir, məqsədyönlü şəkildə separatçılığı qızışdırırlar. Onu da qeyd etmək lazımdır ki, erməni millətçiləri çox vaxt öz məkrli niyyətlərini təşkilatlarla yanaşı, xeyriyyə cəmiyyətlərinin adı altında da həyata keçirirlər. Buna sübut olaraq, Axalixe rayonunda Şarl Aznavur adı altında fəaliyyət göstərmiş “erməni xeyriyyə cəmiyyəti”ni qeyd etmək olar.

Kamal Salayev,

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi