22 oktyabr 2021 15:32
971

"Azəriqaz" İB jurnalistlər üçün "Açıq qapı" aksiyasına start verdi

Məqsəd media ilə əlaqələrin daha səmərəli və məhsuldar qurulmasıdır

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin təşəbbüsü ilə oktyabrın 22-dən etibarən hər həftənin  cümə günü media nümayəndələri üçün «Açıq qapı» aksiyasına start verilib.

Birliyin baş direktoru oktyabrın 22-də keçirilən ilk aksiyada jurnalistlərə məlumat verib ki, bu tədbirin təşkil olunmasındada məqsəd media ilə əlaqələrin daha səmərəli və daha məhsuldar qurulmasına hesablanıb. Belə ki, cümə günləri saat 10:00-dan 12:00-a qədər istənilən mətbuat nümayəndəsinə suallarına cavab almaq imkanı yaradılacaq. Burada əsas məqsəd yanlış məlumatların cəmiyyətə inteqrasiyasının qarşısını almaq, ictimai fikrin çaşdırılmasına imkan verməməkdir. 

Baş direktor bildirib ki, dəqiqləşdirilməmiş, heç bir fakta söykənməyən xəbərlərin dövriyyəyə buraxılması olduqca təhlükəli tendensiyadır və jurnalistikanın qızıl qaydalarına tamamilə ziddir: «Təəccüblü olan budur ki, dezinformasiyaları dövriyyəyə buraxanlar üstəlik buna görə bizdən açıqlama da istəyirlər. Xüsusilə qeyd edim ki, yalnış xəbərlərə Birlik rəsmilərinin verdikləri istənilən cavabın təhrif olunması, kontekstdən çıxarılması faktlarına da rast gəlirik ki, bu da  nəticə etibarilə cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına xidmət edir.»

 Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin qazlaşdırılması ilə bağlı  sualı cavablandıran baş direktor bildirib ki, işğaldan azad olan ərazilərin qazlaşdırılmasına dair Azərbaycan hökuməti tərəfindən  proqram hazırlanır. Bu proqram 4 mərhələdə həyata keçiriləcək: «Qazlaşdırmanın birinci  mərhələsi Füzuli - Ağoğlan - Şuşa istiqamətini əhatə edəcək. İkinci mərhələdə Ağdam rayonu qazlaşdırılacaq. Üçüncü mərhələdə Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarına, dördüncü mərhələdə isə Kəlbəcər rayonuna qaz çəkiləcək.»

Baş direktor qeyd edib ki, artıq magistral şəbəkənin layihələndirilmə prosesi gedir və qazlaşdırmasına gələn ildən başlanıla bilər.

«Açıq qapı» aksiyasında Lerikin ucqar dağ kəndlərinin qazlaşdırılmasına dair sual da səsləndirilib. Ruslan Əliyev bildirib ki, 2022-ci ildə Lerikin 6 kəndinin qazlaşdırılması planlaşdırılır. Lakin bu kəndlərin coğrafi relyefi çox mürəkkəb olduğu üçün qazlaşdırma işi bəzən ləng gedir. Ancaq çətinliklərə baxmayaraq proqrama uyğun olaraq həm Lerikin, həm də digər rayonların kəndlərinin qazlaşdırılmasına dair bizə verilən tapşırıqlara əməl etməyə çalışacağıq.

Ruslan Əliyev təbii qaz tariflərinin artırılmasına dair sualı da cavablandırıb. Qeyd edib ki,tariflərin dəyişməsi hansısa müəssisənin gəlirlərinin artırılması üçün hesablanmır: «Tarif elə seçilir ki, burada vətəndaşa daha çox ziyan dəyməsin. Həmin tarifdə istehsalat müəssisələrinin xərclərinin hamısının minimuma endirilməsi nəzərə alınır. Minimum xərclərlə minimum tarifə baxılır ki, vətəndaş tarif dəyişikliyindən çox əziyyət çəkməsin. Bütün bunların hamısı hesablanır».

R. Əliyev bildirib ki, burada hər hansı müəssisəsnin gəlirə çıxması və ya gəlirinin artmasından söhbət getmir:»Ancaq bu xərclər də elə formada olmalıdır ki, burada həm neft-qaz çıxaran müəssisələr, həm pərakəndə satışı həyata keçirən müəssisələr bu şəbəkəni saxlaya və idarə edə bilsinlər».

O qeyd edib ki, bu gün təkcə «Azəriqaz» İstehsalat Birliyinin 72 min kilometr boru kəməri var: «2 milyon 400 min abonenti mövcuddur. Bu gün Azərbaycanda təbii qazın dəyərindən başqa bütün xidmətlər ödənişsizdir. İstənilən vaxtı abonent zəng edərək qaz avadanlığına və sayğaca baxılmasını, sızmanın aradan qaldırılmasını, xəttin və ya boru kəmərinin dəyişdirilməsini ödənişsiz həyata keçirə bilər.

Texniki şərtin verilməsi, hətta yeni tikilən binalarda da sayğacların quraşdırılması ödənişsiz olub. Bir daha deyim ki, qazın dəyəri istisna olmaqla, bütün bunlar xidməti ödənişdir. Tarif dəyişikliyinə baxılarkən də həmin xərclər ildən ilə minimumlaşır ki, bu tarif artımında vətəndaşın və əhalinin üzərinə daha çox yük düşməsin»

Ruslan Əliyev sonda bir daha vurğuladı ki, tarif artımında əhalinin aztəminatlı hissəsi yenə də dövlət tərəfindən qorunur. Yəni tariflərin artırılması onların kommunal ödənişlərindəki artımlarına ciddi təsir etməyəcəkdir.

Elçin Zaman, "İki sahil"