SOCAR və BP “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokunda mövcud neft ehtiyatlarından maksimum istifadə edilməsi və yatağın gələcək hasilat potensialının artırılması istiqamətində birgə fəaliyyət göstərir.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Babək Hüseynov “AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar” adlı tədbir çərçivəsində media nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, AÇG Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir və yataqda hələ də milyardlarla barel hasil edilə biləcək neft ehtiyatı mövcuddur.
Babək Hüseynov qeyd edib ki, AÇG artıq hasilatın pik mərhələsini geridə qoyub və hazırda təbii azalma dövrünü yaşayır. Belə bir şəraitdə SOCAR-ın qarşısında duran əsas vəzifə yatağın mövcud potensialından maksimum istifadə etməkdir.
O bildirib ki, SOCAR və BP-nin birgə texniki qiymətləndirmələri nəticəsində yataqda neftin yekun çıxarılma əmsalının 40 faizdən yuxarı səviyyəyə çatdırılmasının mümkünlüyü ilə bağlı ortaq qənaət formalaşıb.
"Biz BP ilə birlikdə yatağın yekun neftvermə əmsalının hansı səviyyədə ola biləcəyini müəyyənləşdirməyə çalışdıq. Nəticədə bu göstəricinin 40 faizdən yüksək ola biləcəyi qənaətinə gəldik. Neft yataqları üçün belə bir göstərici dünya miqyasında olduqca yüksək hesab olunur”, – deyə SOCAR rəsmisi vurğulayıb.
SOCAR-ın birinci vitse-prezidenti əlavə edib ki, AÇG-nin gələcək inkişafı ilə bağlı layihələr müəyyənləşdirilərkən ilkin mərhələdə iqtisadi göstəricilərdən daha çox texniki imkanların qiymətləndirilməsinə üstünlük verilib.
“Bizim yanaşmamız belə idi: əvvəlcə iqtisadi göstəriciləri deyil, texniki baxımdan nələrin mümkün olduğunu müəyyənləşdirək. SOCAR öz müstəqil texniki qiymətləndirməsini apardı və daha sonra BP ilə birlikdə bütün potensial layihələri nəzərdən keçirdi”, – deyə Babək Hüseynov bildirib.
O vurğulayıb ki, əsas məqsəd AÇG yataqlar blokunun uzunmüddətli hasilat potensialından maksimum yararlanmaq, mövcud neft ehtiyatlarının daha səmərəli işlənməsini təmin etməkdir.