25 oktyabr 2021 09:00
648

2020-ci ilin 25 oktyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

“İki sahil” 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Vətən müharibəsinin iyirmi doqquzuncu günü

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Qubadlı rayonu istiqamətinə gətirilən Ermənistan Silahlı Qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri canlı qüvvə və hərbi texnikada itkilər verərək geri çəkilib. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 ədəd avtomobil texnikası məhv edilib və ya sıradan çıxarılıb. Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bəzi kəndlərinin, həmçinin Qubadlı şəhərinin işğaldan tam azad edildiyini açıqlayıb.