22 oktyabr 2021 23:55
1207

Şuşa əməliyyatı tarixdə bəlkə də misli görünməmiş qəhrəmanlıq nümunəsidir

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha bildirdi ki, bunu ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər

Rəşadətli Azərbaycan Ordusu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilin nisgilinə son qoydu. Dünya bir daha bu reallığın şahidi oldu ki, ermənilər nə qədər havadarlarına arxalanıb işğal altında saxladıqları torpaqlarımızda istehkamlar qursalar da, güclü hərbi texniki ilə təmin olunsalar da Azərbaycan Ordusu bütün bu istehkamları yarıb keçərək torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırdı. Zəfər Günümüzün birinci ildönümü ərəfəsində 44 günün hər günündə tariximizə yazılan zəfərləri bir-birinin ardınca böyük qürur və sevinc hissi ilə qeyd edərkən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan fikirləri yada salmaq istərdik. "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» söyləyərək cənab İlham Əliyevin qarşıdakı illərdə görəcəyi işlərin aydın mənzərəsini yaradan Ümummilli Liderin düzgün müəyyənləşdirdiyi siyasətin son 18 ildə uğurlu davamının nəticələri göz önündədir. Azərbaycan dayanıqlı və davamlı inkişafı ilə dünyanın diqqətindədir. İqtisadi tərəqqi hər bir sahədə uğurlu addımların atılmasını şərtləndirdi. Azərbaycana hansı sahədən diqqət yetirsək böyük inkişafın, tərəqqinin, yeniliyin şahidi olarıq. İqtisadi tərəqqi ordu quruculuğu sahəsində mühüm addımların atılmasına yol açdı. İşğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil.

Son 18 ilin ən böyük uğurlarından biri olan düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində məğrur, yenilməz xalq olmağımızla fəxr edirik. Azərbaycan xalqının başı ucadır. Torpaqlarımız öz tarixi sahibinə qayıdıb. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqidir. Ölkə Prezidenti daim çıxışlarında Azərbaycanın uğurlarından bəhs edərkən bildirir ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirlməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlət başçısı İlham Əliyev oktyabrın 20-də Zəngilan rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə qələbəmizi şərtləndirən amillərə bir daha diqqəti yönəltmişdir: «Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu. Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəliblər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni, bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü gözləyirdi, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək və biz də, sadəcə olaraq, bütün xalqımızı səfərbər etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərdik. Əlbəttə ki, ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq. Bu gün sizinlə bərabər buradayıq.»

Bu Qələbə gözlənilən idi. Hər kəs Dağlıq Qarabağ münaqişəsinin həllində hərb yolu seçiləcəyi təqdirdə Ermənistanın sarsıdıcı məğlubiyyətə uğrayacağına əmin idi. Çünki dövlət başçısı İlham Əliyev möhkəm təmələ əsaslanaraq elə bir ordu yaradıb ki, onun qarşısında Ermənistanın duruş gətirməsi tamamilə mümkünsüz idi. 30 il ərzində Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlara sadiqlik nümayiş etdirməklə, Ermənistanın bu prosesdəki imitasiyasını böyük səbirlə izləməklə yanaşı, ordu quruculuğu məsələlərini xüsusi diqqət mərkəzində saxladı. 17 ildə ordu quruculuğu cənab İlham Əliyevin inkişaf siyasətinin xüsusi prioritetlərindən birini təşkil edib. Bu məqsədlə inkişaf etmiş hərbi-sənaye kompleksinə malik olan dövlətlərdən müasir silah və texnikalar alınaraq ordumuzun maddi-texniki bazası daha da möhkəmləndirilib. "Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim Prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, bu sahə daim diqqət mərkəzində olacaq.

Ötən il noyabrın 8-də, 28 illik həsrətdən sonra Qarabağın ürəyi Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Müharibədə asan qələbə olmur. Bu qələbəni 3 minə yaxın şəhidimiz öz qanı ilə, hərbçilərimiz şücaətləri ilə qazandı. Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır.

Azərbaycanın döyüş meydanında, siyasi müstəvidə qələbəsi göstərdi ki, torpaqlarımız uğrunda şəhid olmuş igidlərimizin qanı yerdə qalmadı. 30 il ərzində davam edən işğala gec-tez son qoyulmalı idi. 44 günlük müharibə bu reallığı da göstərdi ki, yalnız Azərbaycan gəncliyi deyil, kimliyindən, siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər kəs ölkəmizin ərazi bütövlüyünün bərpası üçün canından keçməyə hazırdır! Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, xalqımız birlik, həmrəylik göstərərək, dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşərək, orduya dəstəyi ilə Qələbəmizi təmin etdi. Xalqımız hər zaman əmin idi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq. Səbirlə bu anı gözləyirdilər və həmin gün gəldi. 10 noyabr tarixi Azərbaycanın siyasi qələbəsi, Ermənistanın məğlubiyyəti kimi tarixə yazıldı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, danışıqlar heç bir nəticə vermədi. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək qazandıq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşərkən dövlət başçısı «Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq» söyləyərək bildirmişdir ki, bu gün, müharibə başa çatandan dərhal sonra sizə öz hörmətimi ifadə etmək üçün gəlmişəm: «Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar.» Cənab İlham Əliyev bu məqamı bir daha təkrar-təkrar qeyd etmişdir ki, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək.

Bu Zəfərin Sərkərdəsi Ali Baş Komandan İlham Əliyevdir. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində xalqımızın torpaq nisgilinə son qoyuldu. Azərbaycan tarixinin yeni şərəfli səhifəsi yazıldı. Dost, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirir ki, azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində artıq bu gün Qarabağ səmalarını köhnə bir bez parça deyil, ay və ulduz bəzəyir. Azərbaycan bayrağı Qarabağda qürurla dalğalanır.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə diqqəti Anım Günündə təşkil olunan yürüşə yönəldərək bildirmişdir ki, bu, bütün Azərbaycan xalqının birliyini, şəhidlərimizin xatirəsinə olan hörmətimizi göstərdi. Yürüşdə aparılan portretlər mənim göstərişim ilə gözəl bir xatirə kimi şəhid ailələrinə təqdim edildi. Çünki onlar bizimlə olmasalar da, bu Zəfər yürüşünə bizimlə bərabər çıxıblar. Yəni, bütün Azərbaycan o gün orada idi. Onların ruhu bu gün şaddır: «Onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar. Sizin simanızda onların valideynlərinə mən Prezident, Ali Baş Komandan kimi öz təşəkkürümü bildirmək istəyirəm. Çünki doğrudan da bizim şəhidlərimiz şüurlu şəkildə ölümə gedirdilər. Hamımız yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq, xüsusilə Şuşa əməliyyatı tarixdə bəlkə də misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Bunu ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər. Sizin kimi valideynlər onları milli ruhda böyüdüb Vətənə bəxş etdiniz. Onlar da öz həyatlarını Vətənə bəxş etdilər. Mən sizi ürəkdən təbrik edirəm, təşəkkürümü bildirirəm və qucaqlayıram, bağrıma basıram.»

Yeganə Əliyeva, «İki sahil»