23 oktyabr 2021 01:14
1054

Bizim komandolar!

Ordu quruculuğunun yeni mərhələsi

Ordumuzun regionun ən güclüsü olması faktı özünü döyüş meydanında göstərdi. Üstəlik, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tətbiq etdiyi hərbi taktikalar, müxtəlif qoşun növləri arasında əlaqələndirilmənin lazımi şəkildə qurulması, təminat və təchizat məsələlərinin peşəkarlıqla həlli, xüsusilə də yeni dövrün tələbinə uyğun ən müasir silah növlərindən, Pilotsuz Uçuş Aparatlarından (PUA) yüksək səviyyədə istifadə edilməsi beynəlxalq səviyyədə ordumuzla bağlı yeni müsbət fikrin, münasibətin yaranmasına səbəb oldu. Müharibənin bitməsindən keçən bir ilə yaxın müddətdə dünyanın hərbi beyin mərkəzləri ordumuzun döyüş taktikasını təhlil edir, həyata keçirdiyi metodlar hərb dərsliklərinə salınır. Bir çox hərbi ekspertlər müharibədə Silahlı Qüvvələrimizin Ermənistana qarşı PUA və ağır artilleriya taktikasını və XXI əsr üslubunda müharibə aparmasını xüsusi qiymətləndirərək hətta ordumuzu dünyanın inkişaf etmiş ölkələrinin orduları ilə müqayisə edirlər. Müharibə başa çatdıqdan az sonra Böyük Britaniyanın müdafiə naziri Ben Uollis qeyd etmişdi ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan üzərində qələbəsi bizim də yeni PUA proqramı üzərində işləməliı olduğumuzu göstərdi. Honkonqda nəşr olunan “South China Morning Post” qəzeti yazırdı ki, Ermənistan tərəfinin tankları, zirehli texnikaları, radar sistemləri və səngərləri Azərbaycanın hərbi dronları üçün ov oldular. Bu ilin may ayında ABŞ Silahlı Qüvvələrinin Kiberkomandanlığının rəhbəri, general-leytenant Stiven Foqarti isə bildirmişdi ki, Amerikada kibermüharibənin dəstəklənməsi üzrə ilk taborun formalaşdırılması zamanı Azərbaycanın İkinci Qarabağ müharibəsindəki təcrübəsindən istifadə edilib. Və daha bir fakt. 2021-ci il iyunun 14-də “The Times” qəzetində Almaniya Silahlı Qüvvələrinin hərbi strategiya ekspertinin maraqlı bir müqayisəsi dərc olunmuşdu. Yazıda qeyd edilirdi ki, hipotetik münaqişədə Almaniya dron hücumuna qarşı zəif hazırlıqlı olduğundan “Azərbaycanla müharibəni” uduzardı. Ekspert fikrini belə əsaslandırırdı ki, Almaniyanın böyük, ancaq ləng, yöndəmsiz və köhnəlmiş elektron döyüş avadanlığı ilə təchiz edilmiş döyüş qrupları Azərbaycanın çox da böyük olmayan, lakin çevik qüvvələri və dronları üçün asan hədəflərə çevrilə bilərdi...

Bu gün Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq reytinq agentliklərinin hesabatlarında da dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. Açıq müharibədən qələbə ilə çıxmış ordumuzda savaşdan irəli gələn təhlillər aparılıb. Həmin təhlillərin nəticəsi olaraq zəruri islahatlar, təkmilləşdirmə prosesi həyata keçirilir. Bu proses zamanı böyük təcrübəyə malik olan qardaş Türkiyənin təcrübəsindən, ordu quruculuğundan, problemə yanaşmalarından geniş istifadə olunur. Xüsusilə təqdirəlayiq haldır ki, müharibənin başa çatmasındn keçən bir ilə yaxın müddətdə ordumuzun maddi-texniki bazası ən müasir tələblər səviyyəsində inkişaf etdirilir, silah arsenalı daim təkmilləşdirilir, hərbi təhsil və hərb elmi yeni mərhələyə qədəm qoyur. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin, bununla da NATO-nun standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatlar davam etdirilir. İki ölkənin, bundan başqa qardaş Pakistan və qonşu Gürcüstanın Silahlı Qüvvələri ilə birgə davamlı ikitərəfli, çoxtərəfli təlimlər keçirilir. Müharibədə yerüstü əməliyyatlarda Xüsusi Təyinatlı Qüvvələr effektiv nəticələr göstərdiyinə görə həmin elit bölmələrin sayının artırılması, onların fəaliyyətinin daha da gücləndirilməsi, müasir silah-texnika baxımından yüksək səviyyədə təminatı həyata keçirilir.

Məhz ordunun modernizasiyası istiqamətində aparılan işlərin və Tükiyə ilə yüksək səviyyəli hərbi əməkdaşlığın nəticəsi olaraq, Azərbaycanda ilk dəfə komando hərbi hissəsi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, ordumuzun döyüş qabiliyyətinin artırılması məqsədi ilə qardaş ölkənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında “Dağ komando kursu”nu bitirərək öz mavi beretlərinə qovuşan hərbi qulluqçularımızdan ibarət yeni hərbi hissənin yaradılması ordumuzun gücünü daha da artırır. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının “Dağ komando kursu”na göndərilməsi bundan sonra da davam etdiriləcək.

Azərbaycan və Türkiyə orduları arasında dostluq və tərəfdaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurlu inkişafının nəticəsi olaraq, qardaş ölkənin sürətlə inkişaf edən müdafiə sənayesinin müasir texnologiyalar əsasında istehsal etdiyi ən yeni silahların və digər hərbi vasitələrin Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi perspektivləri də daim diqqətdə saxlanılır.

İslahatlar ordumuzun bütün növ qoşun birləşmələrini, o cümlədən Hərbi Hava Qüvvələrini (HHQ) də əhatə edir və HHQ üçün yeni təyyarələrin alınması nəzərdə tutulur.

Müdafiə nazirinin müavini, general-leytenant Ramiz Tahirovun “Report”a bildirdiyinə görə, yeni silahların, texnologiyaların alınması, şəxsi heyətin hazırlığı və s. məsələlər konseptual şəkildə yerinə yetirilir: “Danışıqlar aparılır. Ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək.”

Güclü, dayanıqlı iqtisadiyyat, qüdrətli ordu və bunlara nail olmaq üçün aparılan düşünülmüş, uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan artıq dostlarının sevindiyi, düşmənlərinin bədxahlıqdan qəhr olduqları inkişaf səviyyəsinə çatıb. Hədəflərimiz isə daha böyükdür və yolumuz bizi hədəflərimizə aparır!

Mahir Rəsuloğlu, “İki sahil”