25 oktyabr 2021 18:55
1315

Şagirdlərinin müəllimi, əsgərlərinin komandiri: Əli Abbasovun məktəbdən səngərə uzanan yolu

Qələbə sevinci gözümdə yaş olub, yanağımdan axdı

Qırx dörd gün davam edən Vətən müharibəsində “İrəli!” əmri ilə addımlayan, qar-boran demədən döyüş meydanında düşmənə qan udduran qəhrəmanlarımız sırasında hərbi qulluqçularla yanaşı, təhsil sahəsinin üzvləri də var idi. Məktəbdən səngərə uzanan yolu igidliyə ilə işıqlandıran müəllim kimi fədakar, döyüşçü kimi qəhrəman Azərbaycan müəllimi tarixin səhvini qələmlə düzəldə bilməyəcəyini anlayıb, əlindəki qələmlə son 30 illik tarixin üstündən qara bir xətt çəkib silahla yeni tarix yazmağa qərar verdi. Canından çox sevdiyi Vətəni, torpağı uğrunda gedən döyüşlərə qatılaraq isti sinif divarlarını soyuq səngərə dəyişdi.

Müsahibimiz şanlı Qələbəmizin qazanılmasında misilsiz fədakarlıq göstərən polad biləkli, mübariz ruhlu igidimiz, döyüş meydanındakı şücaəti ilə düşmənə unudulmayacaq  dərs keçən Əli Bəylər oğlu Abbasovdur.

Əslən Yardımlıdan olan Əli Bəylər oğlu Abbasov 19 iyul 1979-cu ildə Bakıda dünyaya göz açıb. 1985-1996-cı illərdə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində, Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə oxuyub. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alıb. 2002-ci ildə ehtiyatda olan zabit kimi leytenant rütbəsi ilə motoatıcı taqım komandiri vəzifəsində cəbhə bölgəsində xidmət edib. 2004-cü ildə baş leytenant rütbəsi alıb. 2001-ci ildən 180 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışır. Ailədə 4 bacı, bir qardaşdırlar.

Söhbət zamanı müharibənin başladığı günə qiyabi ekskursiya etdik, onun xatirələri ilə şəhidlərimizi, qazilərimizi, Zəfərə gedən yolu yada saldıq:

Şəhid müəllimimin qisasını aldım

Müsahibimiz şəhid olan müəlliminə olan borcunu ödəmək, qisası düşməndən almaq üçün Vətən müharibəsi başlayanda qələmi silaha dəyişərək ordu sıralarına könüllü yazılıb: “2004-cü ildə hərbi xidməti baş vurduğum gün bir gün müharibənin olacağına inanırdım. 2020-ci ilin sentyabrın 27-də inamım özünü doğrultdu. Müqəddəs torpaqlarımızım düşmən tapdağı altında qalması, Vətənimizin bütövlüyü uğrunda tökülən şəhid qanlarının qisasının alınmamsı mümkünsüz idi. Sentyabrın 21-də  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ilk zəng gəldi. Daha sonra oktyabrın 15-də ikinci zəngdə müharibə üçün çağırdılar. Müharibə yoluma tağım komandiri vəzifəsində baş leytenant rütbəsi ilə Füzulinin Kürdmahmudlu kəndindən başladım. Daha sonra Qubadlı istiqamətindən, ardınca da Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdim. Müharibədən öncə də, indi də çalışdığım məktəb 1992-ci ildə Daşaltı əməliyyatında şəhid olmuş Azər Namazovun adını daşıyır. O, həm də mənim müəllimim olub. İkinci Qarabağ müharibəsində şəhid müəllimimin qisasını almaq mənə qismət oldu. Müəllimim Azər Namazovun şəhid olduğu Daşaltı kəndində düşmənə layiqli cavab verdim.”

Onların hər biri ilə qürur duyuram

Sinif, tələbə, əsgər yoldaşı hər biri insan həyatının müəyyən keçid mərhələsində qazandığı dost-tanışlardır. Bunların hər birinin öz yeri var, ancaq döyüş yoldaşlığı tamamilə fərqlidir. Savaş yoldaşı bütün dostluqlardan fərqlənir. Müharibədə bir-birimizi canımız, qanımız hesabına qazanırdıq. Vətən üçün, bir-birimiz üçün düşünmədən ölümün üstünə gedirdik. Əlbəttə ki, bir ömür unutmayacağım, həyatımın digər mərhələlərində qazandığım dostluqlarla müqayisə olunmayacaq cəbhə dostlarım, döyüş yoldaşlarım oldu. Onlar qəlbimdə və hafizəmdə əbədi taxt qurublar. Onların hər biri ilə, şəhidi, qazisi ilə sonsuz qürur duyuram.

Vətən müharibəsi iştirakçısı bildirib ki, həm müəllim, həm də komandir olmağın oxşar cəhəti odur ki,  hər ikisi böyük məsuliyyət tələb edir. Şagirdə təhsil verməklə iş bitmir, onu həm də Vətəni sevən əsl  vətəndaş  kimi böyütmək lazımdır. Sinifdə müəllim olaraq şagirdinə nəzəri öyrətdiklərini,  cəbhədə komandir olaraq əsgərinə praktik olaraq aşılayırsan. Komandir olmağın çətin tərəfləri çoxdur. Komandir möhkəm olmalıdır, qorxusunu büruzə verməməlidir. Çünki qorxunu büruzə vermək tabeliyində olan əsgərlərin  həm həyatına  təhlükə yarada bilər, həm də döyüş keyfiyytətini sıfıra endirə  bilər. Ön cəbhədə olan əsgər mütləq fiziki və mənəvi hazırlığı mükəmməl səviyyədə olmalı, hərbi bilikləri yüksək səviyyədə mənimsəməli, ayıq-sayıq olmalıdır. Gözü düşməndə, ağlı qərarlarında olmalıdır.

Müharibə xatirələrimin hər anı bir şəhidə, qaziyə, Vətən torpağının azadlığına bağlıdır

Həmsöhbətimiz qeyd edib ki, o günləri tam olaraq xatırlamaq, olduğu kimi yada salmaq çox ağrılıdır: “Müharibə vaxtı gizirlərdən biri yaralanmışdı. Ona kömək edərkən düşmən bizə yaylım atəşi açdı. Əsgərlərin biri “yandım” deyə qışqırdı, sonra səs gəlmədi. Digər bir əsgər daşın dibindən səsləndi ki, “komandir, Pərviz şəhid oldu.” Kiçik çavuş Kərəm Veyisova tapşırıq verdim ki, keç daşın arxasına. Dedi ki, “komandir, narahat olma, elə bilirlər mən ölmüşəm, daha mən tərəfə atmıllar". Bir də təkid etdim, amma keçmədi. Sonra təkid etmədim ki, birdən keçəndə vurular, sonra bunu özümə bağışlaya bilmərəm. Bu məqamda onun qolunun yaxınından torpağa bir güllə dəydi, Kərəm diksindi və ayağa qalxdı. Qalxmağı ilə iki güllə yarası ilə şəhid oldu. Bəzi əsgərlərimizi yaralı halda gətirirdik, yanımızda can verirdi. Nişanlı oğlan var idi, boynundakı sepdən nişan üzüyünü asmışdı. Şəhidimiz var idi ki, körpəsinin əmziyini ürəyinin üstündə gəzdirirdi.

Ən ağır olan ailədən, övladdan ayrılıq idi...

Ə.Abbasov qeyd etdi ki, döyüş nə qədər alnımıza yazılsa da, ailədən, övladdan ayrı qalmaq insanın könlündən gələn bir şey deyil: "Mənim hər zaman düşündüyüm o idi ki, Allah yaşamağı da, ölməyi də mənə şərəflə nəsib etsin. Mənə görə övladım üzülməsin utanmasın. Müharibə vaxtı imkan olduqca evlə əlaqə saxlamağa çalışırdım. Qubadlı döyüşləri zamanı 3 gün ailəmlə əlaqə saxlaya bilmədim. Şuşa döyüşləri zamanı 12 gün evlə heç bir əlaqəm olmadı. Evdəkilərdə artıq başqa gümanlar yaranmağa başlayıbmış...  Şəhid olsaydım da məni üzəcək yeganə  məqam o idi ki, oğlum bayrağa bükülmüş tabutumla rastlaşanda  hansı  hisləri keçirərdi. Ən  çox oğlumu və ailəmi düşünürdüm. Darıxmaq hisləri müharibədən sonra başladı. Savaş meydanında insan heç nə düşünə bilmir. Sadəcə  övladımın şəkillərinə baxırdım, onun simasını gözümün önündə tutaraq bu əzmlə döyüşlərə davam edirdim. Oğlumun səsi müharibənin dondurduğu hisslərimi isitməyə yetirdi. Döyüşə gedəndə oğluma söz vermişdim ki, 4 günə qayıdacağam. Bilmirəm nəyə görəsə dilimdən 4 gün çıxmışdı. Şuşa döyüşlərində 12 gün evlə əlaqə saxlaya bilmədim. Sonra zəng edəndə oğlum dedi ki, “ ata, 4 gün bitmədi?” Dedim  bitdi, oğlum.” 

Bunu düşündüyüm an o əsgərlərin ikisi də gözümün önündə vuruldu

Müsahibimizin sözlərinə görə, öləcəyini düşündüyü ən çətin anları, yaralanmağı Daşaltı və Şuşa uğrunda gedən döyüşlərdə yaşayıb: “Noyabrın 5-i günü Daşaltıya girirdik. Tapşırığımız Şuşa-Xankəndi yolunu tutmaq idi. 16 saat döyüş davam etdi. Daşaltı yolunun üstündəki silsilə qayalıqda mühasirəyə düşdük. Həmin anda top mərmisi yanımıza yaxın məsafəyə düşdü. Mərminin dalğası məni tutsa da, özümü birtəhər topladım. Ölümlə aramda çox yaxın məsafə vardı. Hətta özümün öləndən sonrakı aqibətini fikirləşirdim və arxayın olduğum əsgərlər var idi: Pərviz və Kərəm. Düşünürdüm ki, ölsəm bu igidlər mənim nəşimi burada qoymacayacaqlar, bayrağımıza bükülü evimə çatdırmağa yardımçı olacaqlar. Bunu düşündüyüm an həmin o əsgərlərimin ikisi də gözümün önündə vuruldu. Ümidləri güllələnmiş insan olaraq digər yaralıları çıxardanda mərmi yağış kimi yağırdı. Daşaltıdakı uçurumdan yıxılmışdım. Daşa, qayalığa  necə çırpılmışdımsa ağzımdan və burnumdan qan gəlirdi. Mən döyüş meydanında təxliyyə olunmalı idim. Amma güc toplayıb döyüşə davam etdim.”

Qələbə xəbərini Şuşada eşitdim 

Ə.Abbasov bildirdi ki, Şuşada idik: "Səhər saat 6 ya işləyirdi . Əsgərlərdən biri dedi ki, “komandir, artıq müharibə bitib”. Xəbəri eşidəndə sevindik. Əsgərlərimizin bir üzündə gülüş, digərində kədər var idi. Xəbərin doğruluğunu öyrənənə qədər səhər saat 10-11 olardı . Birtəhər radionu tutduq. Qələbə müjdəsini Şuşada radio dalğasından bir daha eşitdik və əmin olduq ki, Zəfər bizimdir. Qələbə sevinci gözümdə yaş olub, yanağımdan axmağa başladı. Şuşadan Allaha  əl açıb səsləndim ki, şükürlər olsun."

Azad olunmuş torpaqlara ayaq basmaq elə bir hissdir ki...

Müharibə iştirakçısı qeyd etdi ki, 30 il idi ki, xalqımızın arzu etdiyi ünvanda olmaq, doğma torpağımıza ayaq basmaq, mahnılarda, şeirlərdə adını eşitdiyimiz İsa bulağından, Həkəridən, Bərgüşaddan su içmək, Cıdır düzünə ayaq basmaq, Gövhər Ağa məscidində Şuşanın ilk cümə  namazını qılmaq kimi  dəyərli və möhtəşəm anlar mənə nəsib olduğu üçün çox xoşbəxtəm.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan Ordusunun əsgər və zabitlərində yetərincə təlim-tərbiyə, ruh yüksəkliyi, mükəmməl döyüş hazırlığı var. İkinci Qarabağ savaşında ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə xalqımız bacardığı qədər mübarizə apardı ki, düşməndən qisasımızı alaq. Zəfərlə nəticələn 44 günlük haqq savaşımızın adını Müzəffər Ali Baş Komandanımız çox yaxşı qoyub: “Dəmir yumruq”.

Sonda qeyd edək ki, Prezident İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən,  Əli Bəylər oğlu Abbasov Füzulinin, Qubadlının və Şuşanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Yolunuz uğurlu olsun, Azərbaycan müəllimi! Vətən də, xalqımız da nə müharibə iştirakçısı kimi, nə də müəllim olaraq etdiklərinizi unutmayacaq, qələmi silaha dəyişərək yazdığınız yeni Zəfər tariximizlə qürur duyacaq!

Yaqut Ağaşahqızı, “İki sahil”