25 oktyabr 2021 19:09
1147

NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Oktyabrın 25-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə bildiriblər ki, qonaqları salamlayan Baş Qərargah rəisi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldiyini qeyd edib.

General-leytenant Kərim Vəliyev Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, NATO-nun bölmələrimizin bu sahədə hazırlığına verdiyi töhfəni yüksək dəyərləndirib.

General-mayor F.Diella ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edərək Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətlərini, o cümlədən sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib.

Görüşdə NATO ilə əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib.