28 oktyabr 2021 00:56
897

Qarabağın hava qapısı regiona nələr vəd edir? - Füzuli Beynəlxalq Hava Limanı

Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışını etdikləri Füzuli Beynəlxalq Hava Limanının təməli cari ilin yanvarın 14-də ölkə başçısı və birinci xanım Mehriban Əliyevanın bölgəyə səfərləri çərçivəsində qoyulmuşdu. Elə həmin vaxtdan etibarən ölkə ictimaiyyəti bu hava limanının tezliklə inşa edilib istifadəyə verilməsini səbirsizliklə gözləyirdi. Çünki...

Ən müasir səviyyədə inşa olunmuş aeroportun “Qarabağın hava qapısı” adlandırılması onun region üçün nə dərəcədə əhəmiyyət daşımasından xəbər verir. Aydın məsələdir ki, işğaldan azad olunan ərazilərlə nəqliyyat əlaqəsinin yaradılması vacib amillərdən biridir.  Bu ərazilərdə fəaliyyəti  nəqliyyat infrastrukturu olmadan təşkil etmək mümkünsüzdür. Hava limanını nəzərə alsaq, respublikamızda hava nəqliyyatı əsasən sərnişin daşımalarında əhəmiyyətli rol oynayır. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanının başlıca əhəmiyyəti insanların bu bölgəyə rahat gediş-gəlişini təmin etməkdir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev  təməlqoyma mərasimindəki nitqində bildirmişdi ki, bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir: “Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”.

Füzuli-Şuşa yolunun uzunluğu təxminən 100 kilometrdir. Belə demək olarsa Azərbaycanın mədəniyyət paytaxtına daha tez çatmaq üçün əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına enmək, oradan isə birinci dərəcəli yolla Şuşaya getmək gərək olacaq. Bu amil Şuşaya Azərbaycanla bərabər, ölkə xaricindən də gəlişi asanlaşdırmaqla həm daxili, həm də xarici turizm üçün vacibdir. Təsadüfi deyil ki, açılışdan bir gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, İstanbuldan Füzuliyə gediş-gəliş olacaq.

Füzuli Beynəlxalq Hava Limanı təkcə Şuşa üçün deyil, ümumiyyətlə, həmin bölgənin nəqliyyat infrastrukturunun şaxələndirilməsi deməkdir. Bu bölgədə istər yenidənqurma və bərpa işləri dövründə, istərsə də sonrakı dövrdə beynəlxalq hava limanının zərurliyini xüsusi əsaslandırmağa ehtiyac da yoxdur. Məlum məsələdir ki, bölgədə yenidənqurma və bərpa işləri hava nəqliyyatına da tələbat yaradır.

Bölgənin iqtisadi potensialının bir hissəsinin turizmlə bağlı olmasını nəzərə alanda bu, sonrakı dövrdə turizm üçün əlverişli nəqliyyat növüdür. Söhbət ondan gedir ki, işğaldan azad edilmiş ərazilərdə müalicəvi suların mövcudluğu buranın müalicəvi turizm baxımından böyük imkanlara malik olmasından xəbər verir. Təsadüfi deyil ki, vaxtilə həmin ərazilərdəki sanatoriyalar müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların üz tutduqları müalicəvi məkanlardan olub. Digər tərəfdən dünyanın ən qədim insan məskənlərindən birinin - Azıx mağarası və digər tarixi abidələr işğaldan azad edilmiş ərazilərin turizm baxımından cəlbediciliyini artırır.

Məlum olan budur ki, hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.

Bütün hallarda Füzuli Beynəlxalq Hava Limanı nəqliyyat infrastrukturunun şaxələndirilməsinə imkan verməklə təkcə həmin bölgənin deyil, ümumilikdə ölkənin iqtisadi inkişafına öz töhfəsini vermək iqtidarındadır. Məsələ burasındadır ki, hava limanının bu ərazidə olması turizmdən başqa,  bölgənin sənaye və kənd təsərrüfatı sektorunun inkişafına da müsbət təsir göstərəcək. Hava limanı bu ərazilərdə müasir istehsal sahələrinin qurulması üçün xaricdən avadanlıqların gətirilməsi, eyni zamanda, istehsal olunacaq malların uzaq xarici bazarlara ixracının təşkili məsələlərini də aktuallaşdırır.  

İşğaldan azad edilmiş ərazilərdə hava limanı təkcə Füzuli rayonu ilə məhdudlaşmır. İşğaldan azad olunmuş ərazilərdə ikinci hava limanının tikintisinə aprelin 26-dan start verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın  Cəbrayıl, Zəngilan rayonlarına səfərləri çərçivəsində təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək. Üçüncü beynəlxalq hava limanı Laçın rayonunda inşa edilir. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 16-da Kəlbəcər və Laçına səfərləri çərçivəsində Laçın rayonunun Qorçu kəndinin ərazisində Laçın Beynəlxalq Hava Limanının təməli qoyulub. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.

Ekspertlər hesab edirlər ki, hər bir hava limanı kimi,  bu obyektlər hərbi məqsədlər üçün də geniş imkanlar açır. Söhbət ondan gedir ki, istər Füzulidəki, istərsə də digər aeroportlara sərnişin və yük təyyarələri ilə bərabər, hərbi təyyarələrin, helikopterlərin, pilotsuz uçuş aparatlarının da eniş etməsi mümkündür. 

Ceyhun Piriyev, “İki sahil”