«Şərq qapısı» qəzeti – 100
Ucudüyməli perolu qələmim, poçt qutusu və poçtalyon Abdulla kişi
Ötən günləri xatırlayanda gözlərim önündə ilk anda məktəb illərində istifadə etdiyim ucudüyməli perolu qələmim canlanır. Bir də o illərdə kəndimizdəki «Kənd Soveti» deyilən idarə binasının önünə vurulmuş poçt qutusu, bir də ömrünün 70-ci illərini yaşayan poçtalyon Abdulla kişi… Deyimmi, niyə? Ona görə ki, xatırladığım bu unudulmaz nemətlər, ömrümün ən əziz, ən mehriban illərindən qalan yadigarlardır.
...1968-ci ildə səkkizinci sinif şagirdi olduğum vaxtı qış gecəsinin birində dağlar qoynunda yerləşən, hər bucağında bulaqlar çağlayan Şərur rayonunun Axura kəndinin əməksevər qızlarının tütün şitillərini becərmələri haqqında ucudüyməli perolu qələmimlə şagird dəftərinin vərəqinə yazdığım məqaləni zərfə qoyub poçt qutusuna atdım və poçtalyon Abdulla kişinin öz əlləri ilə qutunu açmasını, zərfləri götürüb çantasına qoymasını ürək çırpıntısı ilə izlədim. Və mənim keçirdiyim hisslərdən heç kimin xəbəri olmazdı. Ancaq az bir müddətdən sonra poçt idarəsindən qəzetləri götürməyə gələndə yolboyunca adamlar məni təbrik edirdilər. Məqaləm «Şərq qapısı» qəzetində dərs olunmuşdu. Bir kənd oğlanı, bir məktəbli üçün bundan böyük fərəh, sevinc və nailiyyət ola bilməzdi. O gündən məni iki ildən artıq bir müddətdə ucudüyməli perolu qələmimlə yazdığım, poçt qutusuna atdığım, Abdulla kişinin rayon mərkəzinə çatdırdığı və oradan da Naxçıvan şəhərinə yola salınan zərflərdəki müxtəlif mövzulu məqalələrim «Şərq qapısı» qəzetinin səhifələrində oxuculara çatdırıldı və məni qəzetin ştatdankənar müxbir kimi tanıtdı.
…1970-ci ildə alman faşizmi üzərində qələbənin 25 illiyi münasibətilə kəndimizdəki məktəbin riyaziyyat müəllimi, ehtiyatda olan kapitan, müharibədə «Qırmızı Ulduz» medalı ilə təltif olunmuş Kazım İmanovun igidliyindən bəhs edən «Siz qərbə doğru addımlayanda, mən hələ anadan doğulmamışdım» publisist yazım qəzetin yubiley nömrəsində dərc olunmuşdu. O vaxt Naxçıvan Pedaqoji Məktəbində təhsil alırdım. Bu məqalə ilə «Şərq qapısı» qəzeti məni ədəbi ictimaiyyətə bir daha tanıtdı. Beləcə «Şərq qapısı» yuxusuz gecələrimin bəhrəsi olan məqalələrin, zarisovkaların, oçerk və hekayələrin carçısına çevrildi. Muxtar respublikamızın əzəmətli dağlarını, gur sulu dərələrini, sərin bulaqlını, saf havalı yaylaqlarını, bol məhsullu tarlalarını, minbir nemət yetişdirən zəhmət adamlarını tərənnüm edən publisist yazılarıma sevimli qəzetimiz geniş yer ayırdı. Şarur rayonunun dağlar qoynunda yerləşən Havuş, Axura, Şahbulaq. Yuxarı Yaycı, Tənənəm kimi kəndlərinin sosial vəziyyətləri, burada yaşayan sinələri xalq yaradıcılığı nümanələri ilə coşub-daşan söz adamlarının söylədiklərini «Şərq qapısı» qəzeti vasitəsi ilə geniş oxucu kütləsinə çatdırdım. Qəzetin tez-tez müraciət etdiyi «Xalq deyimləri» səhifələrində mənim də topladığım nümunələrə yer verilirdi.
Yaradıcılıqlarına və səmimiyyətlərinə dərin hörmət bəslədiyim ədiblər: Baş redaktorlar, şöbə müdirləri, ədəbi işçilər…
…. Dönüb dünənə baxanda sevincimdən ürəyim köksünə sığmır, qəlbim fəxrlə döyünür. Mənim imzamla dərc olunan yazıların xoşbəxtliyi onda idi ki, o illərdə qəzetə oxucular tərəfindən yüksək qiymətləndirilən, dərin hörmət sahibləri tanınmış jurnalistlər baş redaktorluq edirdi: Rəşid Qazıbəyov, Vahid Bağırov, Sənubər Kərimova, Akif Axundov, Sevindik Kəngərli, Məmməd Məmmədov….
Bu baş redaktorlar «Şərq qapısı» qəzetinin hər bir sayının maraqlı və məzmunlu materiallarla təmin olunmasına, oxucu qəlbinə yol tapmasında ömürlərini şam kimi əridirdilər.
Biz kənar müəlliflərin yaradıcılıqlarını istiqamətləndirmək üçün uzaq dağ kəndlərinə adımıza məktublar göndərir, hansı sahələri qəzetdə daha çox işıqlandırmalı olduğumuzu məsləhət bilirdilər. Bu məktublardan ruhlanaraq Ulu Tanrı tərəfindən torpaqlarımıza bəxş edilmiş misilsiz sərvətləri, zəhmətkeş insan əlləri ilə yetişdirilən min cürə nemətləri, elm və təhsil sahəsində uğurlar qazanan müəllimlər haqqında yazdığım oçerklər öz yazı tərzinə, məna və məzmununa, foto və tərtibatına görə oxucuların diqqətini cəlb edirdi. Publisist yazıların, oçerklərin yazılmasında və çapında qəzetin əməkdaşlardan Əli Şamilovun, Möhsün Möhsünovun, Maqsud Mahmudovun, Afiq Haqverdiyevin, Xuraman Sadıqovanın və başqalarının xidmətləri əvəzsiz idi…
Əlbəttə, mənim yaradıcılığımda poeziya janrı əsas yeri tutduğundan ən çox «Şərq qapısı» qəzetinin mədəniyyət şöbəsinin müdiri, şair Hüseyn Razinin qəbulunda olurdum. Əsl sənət adamı olan, sözdən – poeziyadan yoğrulan, ilk baxışdan zəhmli və qaradinməz görünən H.Razi poeziya yollarında sönməyən, yolumauza nur saçan məşəlimiz oldu. Bizi poeziyanın çətin və əzablı yollarnıda sınadı, adi və ucuz şöhrətdən uzaq tutdu, «dəmiri isti-isti döydü». Bu böyük şairin nə tənqidi, nə də tərifləyici yazılarında ikili hisslər hiss emədik. Sözünü sərt dedi, məsləhətlərini təmiz ürəklə bildirdi, şeirlərimizi qəzetin «Ədəbiyyat» səhifəsində dərc etdi, uğur və nöqsanlarımızı açıb göstərdi. «Uğurlu yol» yazdı. Azərbaycan ədəbiyyatında bu gün öz dəst-xətti ilə tanınan Asim Yadigar, Nəriman Zeynalzadə, Vaqif Məmmədov, Nizami Muradoğlu, Zeyqəm Vüqar, Məmməd Tahir və onlarla şair və yazıçılar H.Razi qayğısını dadan ədəbiyyat adamlarıdır. «Şərq qapısı» kitablarımız nəşr olunmadığı halda bizi müxbir, publisist… şair kimi tanıtdı. Sevimli qəzetin redaksiya heyətinin təşkil etdiyi seminarlarda, konfranslarda, görüş və müsabiqələrdə iştirakımız təmin olunurdu… Bu kimi tədbirlərdə qaliblər olduq, mükafatlar aldıq.
«Aşkarlıq» və «demokratiyanın» bəxş etdiyi təzadlar
Keçmiş Sov. İKP- MR-nın Baş katibi M.S.Qorbaçovun 1986-cı ildən başlanan aşkarlıq və demokratiya siyasətindən sonra ortaya atılan saxta və qondarma Dağlıq Qarabağ problemi məsələsində, bugünümüzün mili satqınlarının xəyanəti sayəsində torpaqlarımızın işğalı, başımıza gətirilən faciələr «Şərq qapısı» qəzetinin də nəşrinə öz mənfi təsirini göstərdi.
1990-cı ilin yanvar ayının 18-dən başlayaraq Sədərək və Şərurun digər kəndləri top atəşinə tutulmuş, ermənilər rus əsgərlərinin köməyi ilə torpaqlarımıza basqınlar etmiş, dağıntılar və qırğınlar törətmişdilər. Biz qələm sahibləri də döyüş nöqtələrində olduq, müdafiə mövqelərinə getdik, düşmənə sinə gərən könüllü döyüşçülərdən müsahibələr aldıq, şəhid vermiş ailələrə baş çəkdik, xəstəxanalarda yaralılarla görüşdük. Qarşılaşdığımız hər bir hadisəni qələmə alaraq heç bir əlavələrə və yanlışlıqlara yol vermədən reportajlar hazırladıq, torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimiz haqqında operativ şəkildə «Şərq qapısı» qəzeti vasitəsi ilə ictimaiyyətə məlumatlar çatdırdıq. Böyük Sovet elinə inamımızın qırıldığından yazdıq.
Keçmiş SSRİ-nin qorxunc silahları və qəddar zabitləri ilə Sədərək kəndinə amansız hücum edən, körpə uşaqları, silahsız insanları şəhid edən erməni cəlladlarının vəhşiliyinə etiraz olaraq yazdığım «Mənim inamımı güllələdilər» adlı poemamı o çətin anlarda «Şərq qapısı» qəzetinin baş redaktoru Akif Axundova təqdim etdim. Moskvanın hələ də hədələrinin “at oynatdığı” bir vaxtda Akif müəllim və şöbə müdiri Cəlil Vəzirov poemanı qəzetdə çap etdirdilər. «Şərq qapısı»nın onsuz da ağır duruma düşdüyü o günlərdə torpaqlarımız uğrunda şəhid və ya qazi olmuş oğul və qızlarımızın igidliyindən bəhs edən silsilə yazılar çap etdirdik. «Şərq qapısı» qəzeti mərd və qorxmaz əsgər kimi düşmənlə döyüşə atılmış, öz döyüşkən yazıları ilə düşmənə qarşı mübarizə aparırdı.
Hətta bəzi rəhbərləri «bu ağır vəziyyətdə bizə qəzet lazım deyil», - deyə yaxalarını kənara çəksələr də, hərci-mərciliyə, mənəm-mənəmliyə, hədə-qorxuya əməl qoymayan qəzet əməkdaşları öz müqəddəs vəzifələrini şərəflə yerinə yetirirdilər.
Bəxtinə Günəş doğan «Şərq qapısı»
Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana gəlməsi, Muxtar Respublika Ali Məclisinin sədri işləməsi, ikinci dəfə hakimiyyətə qayıdışı ilə bütün sahələri kimi, kütləvi informasiya vasitələrinin də bəxtinə Günəş doğdu və onların məsuliyyəti birə-on qat artdı. Ulu Öndər o ağır illərdə deyirdi: «Qəzet bir güzgüdür, oxucu orada özünü görməlidir, həyatın işıqlı tərəfini də, zülmətini də orada tapmalıdır… Mənə məlum olmayan nöqsanları üzə çıxaran hər bir jurnalistə minnətdar olacağam».
Ümummilli Liderimizin layiqli davamçısı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində «Şərq qapısı» qəzetinə nəzarət və qayğı dövlət səviyyəsində həyata keçirildi.
«Şərq qapısı» qəzetinin nəşr olunduğu «Əcəmi» Nəşriyyat-Poliqrafiya Birliyinin tamamilə yenidən qurulması, hər cür müasir çap avadanlıqları ilə təmin edilməsi, qəzetlərin maddi-texniki təminatının yaxşılaşdırılması, jurnalistlərin əməyinin qiymətləndirilməsi, qəzetlərə ayrılan maliyyə yardımları dediklərimizin əyani təsdiqidir. Ümumiyyətlə, bu gün «Şərq qapısı» qəzetinə göstərilən qayğıya, jurnalistikaya və jurnalist əməyinə, azad sözə, azad fikrə verilən yüksək dəyərə görə dünyanın bir çox ölkələrinə nümunə göstəriləcək səviyyədədir.
Qəzetin yazarları da öz mövzularını muxtar respublikada gedən quruculuq işlərinə istiqamətləndirmişlər. Ən uzaq dağ kəndlərinə çəkilən elektrik xətləri, gur alovlanan mavi qazı, telefon, televiziya verilişləri üçün quraşdırılan elektron aparatları, müasir məktəb və sosial binalar, qara örtüyə bələnmiş yollar, zəhmət adamlarının yetirdikləri min cür nemətlər mövzuya döndü, «Şərq qapısı»nın səhifələrində ellərə çatdırıldı. Neçə-neçə şəxsiyyətlərin keçdikləri çətin şərəfli yoldan, dünyaya səs salan ixtiralarından, igidlik və hünərlərindən bəhs edən bədii yazılarımız gözəl dizaynerlə qəzetin səhifələrində çap olunmaqdadır. Biz həmişə «Şərq qapısı» qəzetində dərc olunan yazılarımızla fəxr etmişik, qürur duymuşuq.
Bəli, ömrümün acılı-şirinli 53 ilini özünə qəlb dostu, ömür sirdaşı bildiyim, yuxusuz gecələri birgə başa vurduğum, qəlbimin ən əziz guşəsində özünə yer edən, ürəkdən gələn nəsr və nəzm parçalarını səhifələrində çap etdirdiyim, hər bir sayının gəlişini həyəcanla gözlədiyim sevimli qəzetimin 100 yaşı tamam olur. Yubilyarın ad gününü geniş və hərtərəfli qeyd etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri xüsusi Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq respublikamızda silsilə tədbirlər həyata keçirilir. Bütün bunlar əziz dost kimi mənim də qəlbimə fərəh hissləri gətirir.
Sevimli qəzetimizin yubileyinə öz ürək sözlərimi ərməğan edirəm:
– Qədim Naxçıvan ellərinin müqəddəs sənət məbədi, «Şərq qapısı» qəzeti! Yaşadığın bir əsrdə saf və müqəddəs kəlmələrinlə həqiqətləri yaymısan səhifələrində. Hər yazın çəkilən zəhmətin ətri, hər şeir parçası Qu zümzüməsi kimi qəlbləri ovsunlayıbdır. Bu illər ərzində neçə-neçə kövrək qələmlərlə Vətən, Zəfər nəğmələrini yaymısan ellərə. Günəş kimi məşəl olmusan qaranlıq yollara.
Zamanın sərt illəri nə yolunu, və nəfəsini, nə də səmtini, yolunu dəyişə bilməyib – haqqa ədalətə xidmət etmisən. Bir əsrlik ömrünün yarım əsrdən çoxundakı işıq üzü görən saylarında mənim də imzam əbədiləşib. Bu gündə ən təzə təravətli yazılarımın, ilk dəfə «Şərq qapısı» qəzetində dərc olunması həvəsindəyəm. Dərin və səmimi, məhəbbətimi adına ünvanladığım şeirin bir bəndilə tamamlayıram:
Tanrı yer üzünü nura bələyir,
Üzlərə min fərəh, sevinc ələyir,
Bu gözəl günündə qəlblər söyləyir –
Elin güzgüsüsən, sən «Şərq qapısı»,
100 yaşın mübarək, şən «Şərq qapısı».!
İbrahim Yusifoğlu,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, «Qızıl Qələm» media mükafatçısı, Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyat İnstitutunun əməkdaşı