02 noyabr 2021 21:52
848

Azərbaycan - Türkiyə əlaqələri unikal müttəfiqlik nümunəsidir - Sevinc Fətəliyeva

Şuşa Bəyannaməsində strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur

Xəbər verildiyi kimi, oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər. Prezidentlər bəyanatlarında bu il iyunun 15-də Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada imzalanmış Şuşa Bəyannaməsinin hər iki ölkə üçün əhəmiyyətini yüksək qiymətləndiriblər. Dövlət başçıları bu tarixi sənədin Azərbaycan və Türkiyə arasında olan yaxın əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qaldırdığını qeyd ediblər.

Şuşa Bəyannaməsi ölkələrimizə nə kimi siyasi dividendlər qazandıracaq? Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva “İki sahil” qəzetinin bu sualını belə cavablandırdı:

Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri zamanı tarixi anlar yaşandı. Belə ki, qədim şəhərimiz olan Şuşada iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Azərbaycan - Türkiyə əlaqələri unikal müttəfiqlik nümunəsidir. Sənəddə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. məqamlar əksini tapır. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.

Şuşa Bəyannaməsində hərbi əməkdaşlıq amilinə də xüsusi yer verilir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir və bu, həmişə belə olacaq. Eyni zamanda, Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapır. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqların nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, əməli, praktiki işlərimizlə onu yaradırıq. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə bütün ölkələrin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.

Müttəfiqliyimizin əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran amillərdən biri də hərbi sənaye sahəsindəki əməkdaşlıq olacaq. Bilirsiniz ki, 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək.

Bütövlükdə, Şuşa Bəyannaməsi Azərbaycan - Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir mesajdır. Diplomatik münasibətlərin yeni səviyyəsinə gəlincə, Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı roldan xəbər verir.

Cavid Əkbərov, “İki sahil”