Prezident İlham Əliyev humanizm kimi ali dəyərə sadiq qaldığını növbəti dəfə nümayiş etdirdi
Zəfər Günü münasibətilə elan edilən amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azad etmə institutlarının dairəsinə görə ən böyük akt olması onun humanizm nöqteyi-nəzərdən əhəmiyyətindən xəbər verir. Söhbət ondan gedir ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu tarixi Qələbənin memarı Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs əsasında Milli Məclisin qəbul etdiyi qanun ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcək.
Amnistiya aktının əhatə dairəsinin geniş olması bir tərəfdən onun ölkəmizin tarixi Zəfərinin ildönümünə təsadüf etməsi ilə bağlıdırsa, digər tərəfdən, Azərbaycan dövlətinin ali məqsədinin insan hüquq və azadlıqlarının, vətəndaşların daha layiqli həyat səviyyəsinin təmin olunması ilə əlaqədardır. İstənilən amnistiya aktının humanizmə əsaslanması bu prinsipin dövlət siyasətinin təməlində dayanması ilə izah oluna bilər. Nəticə etibarilə bu akt da özündən əvvəlkilər kimi ehtiyacı olan, eyni zamanda, islah olub faydalı şəxs kimi cəmiyyətin inkişafına töhfəsini verə biləcək insanların mənafeyinə xidmət edir. Prezident İlham Əliyev məhkum həyat yaşamış şəxslərə cəmiyyətə inteqrasiya olunmaları üçün növbəti şans verib. Bu mənada sözügedən humanizm aktı təkcə həmin məhkumların özləri və ailələrinə deyil, qohumlarına və yaxınlarına verilmiş ikinci şansdır.
Bu addım, həmçinin Prezident İlham Əliyevin humanizm kimi ali dəyərə sadiq qaldığını növbəti dəfə nümayiş etdirdi. Bu da təsadüfi amil deyil. Aydın məsələdir ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və 18 ildir davam etdirilən bu siyasətdə humanizm çalarları dəfələrlə özünü büruzə verib.
Azərbaycanda siyasətdə humanizm prinsipinə yer verilməsi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda demokratikləşmə ilə yanaşı, cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin təməli qoyulub. Bununla da həmin dövrdən başlayaraq həyata keçirilmiş humanizm siyasətinin başlıca nümunələrindən biri də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyulması, 1998-ci ildə isə ölüm cəzasının ləğv edilərək cəza sistemindən çıxarılmasıdır. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iradəsi sayəsində 1995-2003-cü illərdə 77 mindən çox məhkuma şamil edilən 7 amnistiya və 32 əfv Sərəncamı verilib. Onlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub.
Beləliklə də Azərbaycanda dövlət siyasətinə humanizm prinsipinin gətirilməsinin tarixi 28 il əvvələ gedib çıxır. Ötən müddət ərzində insan hüquq və azadlıqlarının və vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ölkə Konstitusiyası ilə həmahəng olan dövlət siyasəti və reallaşdırılan islahatlar ədalət, qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipləri ilə yanaşı, humanizm prinsiplərinə də əsaslanır.
Bu mənada Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs əsasında Milli Məclisin qəbul etdiyi amnistiya aktı Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir.
Ceyhun Piriyev, “İki sahil”