21 noyabr 2024 14:43
213

"Qalatasaraylı"nın ürəyi "Fənərbaxça"lıya həyat oldu

Avropa Liqasında keçirilən "Qalatasaray" - "Tottenhem" matçını izləmək üçün Bodrumdan İstanbula gedərkən yol qəzasında dünyasını dəyişən “Cim-Bom”lu azarkeş 9 yaşlı Yiğit Kurtun ailəsi nəcib təşəbbüs göstərərək onun orqanlarını ehtiyacı olanlara vermək qərarı qəbul edib. Yiğit Kurtun beyin ölümü noyabrın 12-də baş verib.  Maraqlıdır ki, "Qalatasaray" azarkeşi olan Yiğit Kurtun ürəyi  "Fənərbaxça" tərəfdarı olan 7 yaşlı Məhəmməd Berat Namlıya köçürülüb. Ata Osman Namlı "Bundan sonra iki əzəli rəqib eyni ürəkdə yaşayacaq" deyib.

Yiğitin ürəyi noyabrın 13-də Ankara Hacettepe Universiteti Uşaq Xəstəxanasında anadangəlmə ürək çatışmazlığı olan "Fənərbaxça" azarkeşi Məhəmməd Berat Namlıya köçürülüb. Belə ki, tibb bacısı Ayşe Merve ilə polis məmuru Osman Namlının övladı Məhəmməd Berat bundan sonra yeni ürəyi ilə sağlam yaşayacaq.

Ata Osman Namlı deyib: "Övladımızın müalicəsi bitəndə Kurt ailəsi ilə görüşmək istəyirik. Qəzadan öncə Yiğit “Qalatasaray”lı futbolçu Osimhenin ikonik maskasını atasından istəyib, lakin bu, ona qismət olmayıb. Oğlumu qucağıma aldıqdan sonra Yigitin ailəsinə sarılmaq istəyirəm. Ən azından onlara təsəlli olarıq. Yiğitin atasının bizdən bir xahişi olub. Bundan sonra Beratın “Qalatasaray” azarkeşi olmasını istəyib, lakin məcburiyyət olmadığını deyib”.  Osman Namlı oğlu Məhəmmədin sürətlə sağaldığını bildirib.

Vüsal Cahanov, “İki sahil”