07 noyabr 2021 22:06
555

“8 Noyabr – Zəfər Günü” münasibətilə rayonun Şağan qəsəbəsində abidə kompleksinin açılış mərasimi keçirilib

7 Noyabr 2021-ci il tarixində Xəzər rayonu, Şağan qəsəbəsində  “8 Noyabr – Zəfər Günü” münasibətilə Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilmişdir.

“İki sahil” xəbər verir ki, mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Nasir Qurbanov, Şəhid ailələri və qazilər, ictimai birliklərin rəhbərləri, din xadimləri, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilmiş və Vətən Müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra tədbir iştirakçıları tərəfindən Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısına güllər qoyularaq, şəhidlərin ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilmişdir.

Mərasimdə Azərbaycan Ordusunun qüdrətindən və şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılmış, bir qrup şəhidin medallarının təqdimatı baş tutmuşdur.         

Tədbirin sonunda 124 nömrəli məktəbin şagirdləri tərəfindən Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə şerlər səsləndirilmişdir.

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə ölkə başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.