Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 12 məntəqədə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq.
“İki sahil” xəbər verir ki, yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir.
Yarmarkalarda 25 regiondan iştirak edəcək 146 fermer, 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının yanı) ünvanında olan yarmarkada hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilər.
Novruz yarmarkaları 09:00-dan 19:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının yanı) ünvanı ilə yanaşı, regionlar da daxil olmaqla ümumilikdə 11 əlavə məntəqədə təşkil ediləcək.
Belə ki, 13–17 mart tarixlərində paytaxtın müxtəlif ərazilərində – Əhmədli, Neftçilər, Nəriman Nərimanov, Azadlıq prospekti və Elmlər Akademiyası metrostansiyalarının çıxış hissələrində, eyni zamanda, regionlarda- Sumqayıt şəhəri (Kimyaçı mədəniyyət sarayının qarşısı), Xankəndi şəhəri (Tələbə şəhərciyinin yanı), Ağdaş şəhəri Heydər Əliyev prospekti 541 və Abşeron rayonunun Mehdiabad qəsəbəsində “Qarant” yaşayış kompleksi ərazisində Novruz bayramı yarmarkaları fəaliyyət göstərəcək.
Bundan əlavə, 16 mart tarixində Cəbrayıl rayonunun Horovlu kəndində, 17 mart tarixində isə Zəngilan rayonunun Ağalı kəndində səyyar yarmarkalar təşkil olunacaq.
Qeyd edək ki, keçiriləcək “Kənddən şəhərə” Novruz yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqdır.