Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” məktəbində 8 Noyabr - Zəfər Günü qeyd edilib.
"İki sahil" xəbər verir ki, bayram tədbiri Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra məktəbin direktoru Aynurə Hacıyeva və Nantda fəaliyyət göstərən Fransa Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən danışıblar. Ötən il noyabrın 8-də Qarabağın incisi, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın erməni işğalından azad edilməsindən, 28 illik əsarətə son qoyulmasından söz açıblar. Uşaqlara Şuşanın rəmzi olan Xarıbülbül haqqında məlumat veriblər.
Məktəbin şagirdləri Zəfər Günü münasibətilə xüsusi hazırlanmış və üzərində şəhidlərimizin şəkli əks olunan köynəklər geyinərək Zəfər Gününə dair şeir söyləyib, mahnı oxuyublar. Zəfər Günü münasibətilə uşaqların çəkdiyi rəsmlər nümayiş olunub.
Tədbirdən sonra şagirdlər yerli əhaliyə Qarabağ və 8 Noyabr - Zəfər Günü haqqında məlumat verərək Xarıbülbülün fotolarını hədiyyə ediblər.