11 noyabr 2021 22:57
872

Üçtərəfli Bəyanatın müddəaları Azərbaycan tərəfindən birmənalı icra edilir - Partiya sədri

Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistan baş naziri tərəfindən 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə  imzalanan üçtərəfli Bəyanatın qəbulundan artıq  bir il keçir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyan bu kapitulyasiya aktı Azərbaycanın şanlı Qələbəsinin rəsmi göstəricisidir.

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki,  30 ilə yaxın bir müddət ərzində  heç bir beynəlxalq təşkilat erməni  işğalı və Ermənistan terroru ilə bağlı obyektiv qərar ortaya qoymayıb. “Bu gün rəsmi İrəvanın 30 ildir işğalçı bir dövlət olduğunu etiraf etməsinə rəğmən, heç bir beynəlxalq təşkilat Ermənistana qarşı sanksiya tətbiq etmir. Baxmayaraq ki, Azərbaycan 10 noyabr tarixli Bəyanatla təkcə əzəli torpaqlarını işğalçılardan təmizləməklə kifayətlənmədi, eyni zamanda, regionda sülh və əmin-amanlıq yaratdı. Ermənistanın imzaladığı kapitulyasiya ilə  Azərbaycan BMT-nin 4 qətnaməsinin icrasına rəsmi şəkildə nail oldu. Azərbaycan Ordusunun rəşadəti, qətiyyətli iradəsi ilə sözün əsl mənasında tarix yazan cənab Prezident İlham Əliyevin ətrafında  bir yumruq kimi birləşən xalqımız sübut etdi ki, həmrəyliyimiz bizim ən böyük sərvətimiz, milli  dəyərimizdir.”

Ə. Kazımova onu da vurğuladı ki, üçtərəfli Bəyanatda qeyd olunan müddəaları Azərbaycan tərəfi böyük məsuliyyət daşıyaraq icra edir: “Ermənistan tərəfi bir sıra  təxribatlara yol versə də, Azərbaycan   birmənalı şəkildə  üçtərəfli Bəyanata və beynəlxalq hüquq normalarına uyğun olaraq, təmkinli siyasət yürüdür. Kapitulasiya aktnın ilk maddələri olan  ermənilərin işğal olunan Azərbaycan rayonlarından çıxması üçün onlara zaman verilməsi idi ki, Azərbaycan Ermənistana bu şansı verdi və ermənilər tərəfindən bu maddənin icra edilməsi üçün gərəkli şərait yaradıldı. Bu gün Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfinin təxribat xarakterli davranışlarında da bir dəyişiklik sezmək mümkündür deyə bilərik. Ötən gün Ermənistan prezidenti Armen Sarkisyan Rusiya mətbuatına müsahibəsində Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının gözəl olacağını söyləyib. Hesab edirəm ki,  Ermənistan Prezidentinin bu addımı, düşmən tərəfinin Zəngəzur dəhlizi ilə bağlı təxribatlarının yekunlaşdığının göstəricisidir. Ermənistan dərk edir ki, Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması üçün Zəngəzur dəhlizinin qısa zaman kəsiyində fəaliyyətə başlaması tərəflər üçün perspektivli olacaqdır. Zəfər Günündə  Türkiyənin müdafiə naziri  Hülusi Akarın Ermənistana müraciət edərək, “Fürsəti qaçırma!” mesajı da birmənalı olaraq bu fikirləri təsdiq edir.”

Nilufər Mustafaqızı, “İki sahil”