15 noyabr 2021 22:40
962

Şəffaflıq, səmərəlilik və məsuliyyət…

Prezident İlham Əliyev çıxışlarında ölkədə aparılan islahatlar proqramında innovativ texnologiyaların istifadəsini prioritet məsələlərdən biri adlandırır. Ölkəmiz bu sahədə nəinki regional liderdir, həm də bütün Avrasiya məkanında innovasiyalar sahəsində böyük nailiyyətlərə imza atıb. Dövlət sektorunda innovasiya yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün bir yenilik idi. Çünki innovasiyalar adətən özəl sektorda fəal şəkildə tətbiq olunurdu. Lakin təcrübə göstərdi ki, bəzən onlar dövlət strukturlarında da çox uğurla tətbiq oluna bilirlər və ölkəmizin bu sahədə təcrübəsi bir örnəkdir.

2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görüldü. BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim etmişdi. Bu mükafat bir daha Azərbaycanın özünün rəqəmsal texnologiyaları tətbiq etmək istəyən dövlətlər arasında lider olduğunu sübut etdi. Yerli ekspertlərin fikrincə, ölkəmizdə bu sahəyə xüsusi diqqət göstərilir. İnkişaf etmiş ölkələrdə sözügedən sahədə xüsusi institutların işləməsinə baxmayaraq, orada dövlət sektorunda innovasiyaların tətbiqi gözlənilən şəkildə irəliləmir.  

Ümumiyyətlə, dövlət başçısının apardığı siyasətin təməlində, ölkədə həyata keçirilən islahatların  mərkəzində məhz Azərbaycan vətəndaşı və onun məmnunluğu dayanır.  Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan gələcəyə hesablanmış uzaqgörən sosial-iqtisadi dövlət siyasəti Azərbaycanın  sosial dövlət olaraq nəzərdə tutulmuş bütün layihələrinin icra olunmasına və dərinləşməsinə imkan verir. Prezident İlham Əliyevin uzaqgörənliyi və ölkənin gələcəyini müasir innovasiyaların inkişafında görməsi “ASAN xidmət” və DOST mərkəzlərinin sayının artmasını şərtləndirir. Xatırladaq ki, “ASAN xidmət” Azərbaycan brendi kimi dünyada ilk dəfə ölkəmizdə tətbiq olunub. Əhalinin “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərdən məmnunluğu 99,5 faizdir.

Ölkədə ümumi uğurun təminatının, sabitliyin və qanunun aliliyinin gücləndirilməsinə xidmət edən vacib amillərdən biri də məmur-vətəndaş münasibətlərinin şəffaflığıdır. Qeyd edək ki, DOST mərkəzlərində xidmətlər “bir pəncərə” prinsipinə uyğun olaraq sadələşdirilmiş prosedurlarla həyata keçirilir ki, bu da öz növbəsində səmərəlilik, şəffaflıq və məsuliyyət deməkdir.

DOST mərkəzləri sosial xidmətlərin səmərəliliyini, etibarlılığını təmin etmək və vətəndaşlarla dövlət qurumları arasındakı təmasları minimuma endirmək məqsədilə yaradılıb. Həmin mərkəzlər bu vəzifənin öhdəsindən uğurla gəlir və gözləntiləri doğruldur. Əhaliyə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 96 faizdir ki, bu da bu layihənin uğurunun göstəricisidir.

 “Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Oktyabrın 22-də Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı bir daha təsdiq etdi ki, həyata keçirilən dövlət siyasətində sosial sahənin inkişafına və həssas təbəqənin sosial məsələlərinin həllinə həmişə diqqət yetirilir.

Qeyd edək ki, cari ildə 132 ölkəni əhatə edən Kornel Universiteti (ABŞ), INSEAD Biznes Məktəbi (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə nəşri olan Qlobal İnnovasiya İndeksinin (Qİİ) 14-cü işıq üzü gördü olundu. Qİİ-nin nəşr edilməsinin əsas məqsədi ölkələrin innovasiya mexanizmlərinin səmərəliliyinin qiymətləndirməsinə imkan yaratmaqdır. Adıçəkilən nəşrə görə, 2021-ci ilin lideri İsveçrədir. Onu İsveç, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Koreya izləyir. Ən innovativ ölkələr sırasına Hollandiya, Finlandiya, Sinqapur, Danimarka və Almaniya da daxildir. “İnnovativ resurslar” alt indeksinə görə, Azərbaycan reytinqdə Özbəkistan (75), Ukrayna (76), Moldova (80), Qırğızıstan (81), Ermənistan (85), Tacikistan (104) kimi ölkələri qabaqlayaraq 74-cü yerdə qərarlaşıb.

Günel Eyyubova, “İki sahil”