20 noyabr 2021 00:10
2630

Qarakənd faciəsi: Erməni məkrinin daha bir qanlı təzahürü

Düz 30 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində içərisində görkəmli Azərbaycan ziyalılarının və dövlət xadimlərinin olduğu hərbi vertolyot qəzaya uğrayıb, daha doğrusu, partladılıb

20 noyabr təqvimimizə Qarakənd faciəsinin ildönümü günü kimi həkk olunub. Həmin dövrə yəni, qəzanın yaşandığı günlərdə xalqa və beynəlxalq ictimaiyyətə Qarakənd faciəsi haqqında ağ yalan tirajlayırdılar. Guya hərbi helikopter dumana düşübmüş. Bəli, əslində həmin vaxt duman var idi; artıq üç il idi ki, bədnam qonşularımız ərazi iddiaları ilə məkr, riya dumanı yaradıb hamının gözünü pərdələməyə çalışırdılar. Öz çirkin planlarını reallaşdırmaq üçün isə hər fürsət düşdükcə mənfur düşmən Azərbaycan xalqının “düşünən beyinlərini” fiziki məhvetmə metodları ilə aradan götürməkdən çəkinmirdi.

Faciə ərəfəsində, daha dəqiq desək, 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vuraraq respublikanın Dağlıq Qarabağ rəhbərliyindən Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirməyi xahiş edir. Əsl səbəb isə həmin ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakının planlaşdırılması idi. Bu telefon zəngindən sonra Bakıda iclasda iştirak edəcək şəxslərin siyahısı tərtib edilir. Rəsmi Moskva həmin vaxt Azərbaycanda böyük nüfuza malik şəxslərin, o cümlədən dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun həmin siyahıda yer alması üçün xüsusilə israr edirdi. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi haqqında qərar qəbul olunsa da, faciədən bir gün əvvəl, gecənin korunda “ölüm siyahısı yenilənir”... Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Yeni siyahını Ayaz Mütəllibov təsdiqləyir... Məsələ burasındadır ki, içərisində tanınmış dövlət xadimlərinin və ziyalıların olduğu helikopteri hərbi vertolyotlar mühafizə məqsədilə müşayiət etməliydilər, amma etmirlər.

1991-ci il noyabrın 20-də Ağdam yaxınlığındakı Qarakənd səmasında “Mi-8” hərbi vertolyotu ermənilər tərəfindən vurulur. Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olur. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olublar.

İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənir. Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılır və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilir. Lakin sonradan cinayət işi üzrə istintaq dayandırılır. Səbəb kimi hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması göstərilir. Bundan başqa, Xankəndidəki rus qarnizonun hərbi prokuroru anası erməni olan İ.Lazukitin faciə ilə əlaqədar cinayət işi açır, amma cinayətin təsdiqlənməsi üçün əsas sübut olan vertolyotun qara qutusunu da ələ keçirərək ona toxunmağı qadağan edir, bizim mütəxəssislərimiz qara qutuya yaxın buraxılmır. Bəhanə isə guya qara qutunun “partlayışdan” sıradan çıxıb əriməsi olur... Beləliklə, ermənilərin hazırladığı daha bir qara plan vertolyotun qara qutusunda bilinməzliyin qaranlığına gömülür...

30 ildir hələ də faciənin yuxarıda sadalanan çoxlu müəmmalarına çözüm tapılmayıb. Hazırda həm Qarakənd faciəsinin, həm də ondan sonra xalqımızın başına gətirilən bir çox müsibətlərin, soyqırımların, qətliamların əliqanlı “müəllifləri” azadlıqda gəzirlər, bəziləri hətta işğalçı Ermənistanda yüksək postlarda vəzifələr tutublar. Keçmişə nəzər salsaq, beynəlxalq terrorçuların, qatillərin və insanlıqdan nəsibini almamış hərbi cinayətkarların gec-tez Əlahəzrət Ədalət qarşısında cavab verdiyinə tarixdən şahid oluruq. Həmin tarixi günün gələcəyinə ümid edərək vaxtilə qara qutularda qaranlığa basdırılan bütün həqiqətlərin də gec-tez bir gün aydınlığa çıxacağına inanırıq.

Sevinc Azadi, “İki sahil”