20 Yanvar 1990-cı il Azərbaycan tarixində həm böyük faciə, həm də milli iradənin sarsılmaz nümunəsi kimi əbədi iz buraxıb. Həmin gecə Sovet ordusunun ölümsaçan silahları dinc sakinlərin üzərinə yönəlmişdi. Lakin xalqımızın azadlıq ruhu heç bir təzyiq qarşısında sarsılmadı. Tankların və güllələrin qarşısına əliyalın çıxan insanlar göstərdilər ki, Vətənin azadlığı uğrunda can verməkdən çəkinməzlər. O gecə qorxu ilə kədərin arasında xalqın milli birliyi və azadlıq əzmi parlaq bir işıq kimi parladı. Bu tarix həm də bizə ibrət dərsi verir ki, azadlıq və milli qürur qarşısında heç bir zorakılıq dayana bilməz. 20 Yanvar faciəsi xalqımızın birliyinin, vətənpərvərlik ruhunun və müstəqillik əzminin sarsılmazlığını simvolizə edir.
Həmin gecəni xatırlayarkən Bakı metrosu və metropoliten işçiləri də gözümüzün önəndə canlanır. Metropoliten işçiləri sübhə qədər faciənin daha böyük miqyas almaması üçün əsl fədakarlıq və cəsarət nümayiş etdirdilər. Metro həmin gecə insanların sığınacağı, ümid, pənah yeri idi…

Həmin gecə öz vəzifə borcunu vicdanla yerinə yetirən veteran metro işçisi, qanlı qırğının canlı şahidi İbrət Tahirov “İki sahil” qəzetinə müsahibəsində 36 il öncə yaşananlara qayıtdı. Onun xatirələri 20 Yanvarın Azərbaycan xalqının taleyində açdığı silinməz izləri, qəhrəmanlıq nümunələrini və həmrəyliyin gücünü bir daha göstərir.

Həmsöhbətimiz həmin müdhiş gecəni belə xatırladı:” O vaxtlar mənim 35 yaşım var idi. 1977-ci ildən metroda təlimatçı- maşinist vəzifəsində çalışırdım. Həmin gün axşam növbəsində idim. Axşam saat 8-də işə gəldim və hər zamankı kimi vəzifəmi yerinə yetirməyə başladım. Sonra iş yoldaşım Rasim Musayev mənə bildirdi ki, bəlkə metro səhərə qədər işləsin. Dedim ki, işləmək lazımdırsa, işləyək. Ona söylədim ki, təkcə bizimlə olmaz əsas işi idarə edən dispetçerdir. Dispetçerimizlə əlaqə saxlayaraq qərara aldıq ki, metronun səhərə kimi fasiləsiz işləməsi məqsədəuyğundur. Bizə heç kim nə müdiriyyət, nə rəhbərlik deməmişdi ki, həmin gecə səhərə kimi işləyin. Yanımda olan maşinistlərdən elələri var idi ki, saat 11-də evə getməli idilər. Onlara dedim ki, qalın, getməyin. Onlar səhərə qədər vəzifə başında qaldılar, eyni zamanda, evdən maşinistləri də çağırdım. Saat 12-də qırğın başladı. Maşinstlər səhərə kimi cəsarətlə öz vəzifə borclarını yerinə yetirdilər. Evdə olan maşinistlər də mənə zəng edirdilər ki, lazımdırsa biz də işə çıxaq. Qatar az olduğundan dispetçerdən xahiş etdim ki, xəttə əlavə qatar buraxsın. Həmin gecə biz təkcə vəzifə yox, həm də Vətən qarşısında borcumuzu yerinə yetirdik…”

İbrət Tahirovun sözlərinə görə, həmin gecə metro işləməsəydi, faciə qurbanlarının sayı on dəfə çox olardı: “Bizim işləməyimiz bəlkə yüzlərlə şəxsin həyatını xilas etdi. O gecə baş verənləri sözlə ifadə etmək demək olar ki, mümkün deyil. 36 il keçməsinə baxmayaraq, həmin hadisələrin hər bir anı yaddaşımda canlanır. Camaatın qaçaraq təşviş içərisəndə vaqonlara minməsini, o təlaşı, həyəcanı unutmaq mümkün deyil”.
Faciə şahidi diqqətə çatdırdı ki, o zaman metronun təhlükəsizliyini polis qoruyurdu. Metro işçilərinin əsas vəzifəsi camaatı aparıb-gətirmək idi. Əgər əsgərlər metroya daxil olsaydılar faciə qurbanlarının sayını müəyyən etmək çətin olardı.
İbrət Tahirov qeyd etdi ki, həmin gecə əsas mərkəzimiz Nəriman Nərimanov metrostansiyasında yerləşirdi. Gecə saat 1-də yaralı gətirdilər. Bizim tibb otağında tibb bacısı var idi. Yaralını apardıq, orada ona tibbi yardlm göstərildi. Daha sonra təcili yardıma təxliyə etdik.

Faciə şahidinin sözlərinə görə, 20 Yanvar hadisələri xalqımızın bir-birinə olan inamını möhkəmləndirdi və milli həmrəyliyi daha da gücləndirdi. Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq, qəhrəmanlıq və vətənpərvərlik nümunəsini gələcək nəsillərə də ibrət dərsi kimi çatdıracaq.
İbrət Tahirov bildirdi ki, o hadisədən sonra bir neçə gecə yatmaq bilmədim:”Həmin gecə qəhrəman və fədakar maşinistlərimiz Ağadadaş və İlham səhərə qədər fasiləsiz şəkildə iş başında oldular. Onların göstərdikləri fədakarlıq və məsuliyyət, o dəhşətli gecədə insanların təhlükəsizliyini təmin etmək üçün yorulmadan çalışmaları hər zaman yadda qalacaq. Bunlar onu göstərir ki, 20 Yanvar faciəsi xalqımızın, o cümlədən vəzifəsini vicdanla yerinə yetirən insanların qəhrəmanlıq tarixidir”.
Yaqut Ağaşahqızı, “İki sahil”