22 noyabr 2021 10:52
1089

Heydər Əliyev və Yeni Azərbaycan Partiyası: permanent qalibiyyət üçün doğulmuş vahid qüvvə

Müstəqilliyinin 30-cu ildönümünü qeyd etdiyimiz müasir Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsi və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini permanent xaos və böhran məngənəsindən çıxarmış, ümummilli fəlakətin – vətəndaş müharibəsinin qarşısını almış, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoymuş və atəşkəs rejiminin tətbiqinə nail olmuş, bir sözlə, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir.

O, Azərbaycanda siyasi plüra­lizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan nadir şəxsiyyətdir. 1992-ci il noyabrın 21-də bir müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası (YAP) hakimiyyətə sivil yolla gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu. Bununla da bir siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı. Bu nümunə əslində siyasi xəttindən və davranışından asılı olma­yaraq bütün siyasi qüvvələr üçün örnək olmalıdır. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və qələbə təminatına görə unikaldır.

YAP Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu partiya ümumxalq partiyasıdır. Bu partiyada cəmiyyətin bütün təbəqələri iştirak edir və hər zaman islahatlara açıq olan partiyadır.

Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya onun öz sözlərində deyildiyi kimi "Dünənin, bu günün və gələcəyin partiyasıdır”. YAP-ın yaradılması ulu öndər Heydər Əliyevə Azərbaycan cəmiyyətinin sifarişi idi, çünki bu partiya yaradılmadan Azərbaycanın gələcəyi və Azərbaycanın çox ciddi siyasi-iqtisadi kataklizmlərdən çıxış yolu yox idi. Məşhur “91-lər”in müraciəti əsasında zəmanəmizin dühası Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməyə  razılıq verdi. Özünü “demokratiya  aşiqləri” kimi qələmə verən, əslində isə antimilli və antidemokratik mahiyyət daşıyan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Heydər Əliyev şəxsiyyətinə olan ümumxalq sevgisindən o qədər vahimələnirdi ki, hətta Yeni Azərbaycan Partiyasının Təsis Qurultayının Bakı şəhərində keçirilməsinə belə imkan vermədi. Qurultay Naxçıvanda, Cəlil Məmmədquluzadə adına Dram Teatrının binasında keçirildi. Demokratiyadan eninə-uzununa dəm vuran Xalq Cəbhəsi-Müsavat cütlüyü qurultay iştirakçılarının Naxçıvana gəlişinə belə çeşidli maneələr yaratmaqdan çəkinmədi. Bütün bu süni əngəllərə baxmayaraq, 550 nəfərə qədər vətənpərvər  insan hakimiyyətin təhdid və qorxu aparatına tabe olmayaraq qurultaya qatıldı. Qurultay baş tutdu. Nəticədə ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycanın siyasi sisteminin əsasını təşkil edən Yeni Azərbaycan Partiyası yaradıldı. Naxçıvandan başlayaraq bütün Azərbaycanın nicatına gedən yolun əsası qoyuldu.  Heydər Əliyevin hakimiyyətə gəlməsi tarixi zərurətə çevrildi. 1993-cü ildə müdrik Azərbaycan xalqı qaragüruha yox dedi. Antimilli hökumətin mövcudluğuna maksimum bir il dözə bildi və onu tarixin səhnəsindən birdəfəlik süpürüb atdı. 1993-cü il iyunun 15-də Azərbaycanın Qurtuluş tarixi başlandı. Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası real müstəqilliyinə qovuşdu. Xalq artıq sahibsiz deyildi. Ona dünya səviyyəli lider-Heydər Əliyev rəhbərlik edirdi. Qarşıda isə dövlətçiliyimizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən siyasi hadisə-yeni prezident seçkilərinin keçirilməsi məsələsi dayanırdı.

Heç kəsə sirr deyildir ki, ulu öndər 1993-cü il 3 oktyabrda keçiriləcək prezident seçkiləri öncəsi seçkiqa­bağı təbliğat kampaniyasına xüsusi əhəmiyyət verir, praktiki olaraq əhalinin bütün təbəqələri ilə görüşürdü. Fikrimizi faktlar və arqumentlərlə əsaslandıraq.

Azərbaycan Respublikasının prezidentliyinə namizəd Heydər Əliyev 1993-cü il sentyabrın 10-da yerli və xa­rici jurnalistlər üçün mətbuat konfransı keçirdi. Sentyabrın 20-də Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, sentyabrın 21-də AMEA-da ziya­lılar qarşısında, sentyabrın 22-də Ali Sovetdə Azərbaycan gənclərinin nümayəndələri, sentyabrın 28-də Bakı Məişət Kondisionerləri zavodun­da əmək kollektivlərinin təmsilçiləri qarşısında çıxışlar etdi. Bu çıxışlarda ulu öndər Heydər Əliyev prezident seçiləcəyi təqdirdə xalqı narahat edən hansı müəkkəb problemlərin köklü həllinə nail olmağı hədəf seçdiyini bəyan etdi. Bu, ilk növbədə, polisin ictimai asayişin qorunması ilə bağlı birbaşa vəzifəsini icra etməsi, müxtəlif rayonlarda kök salmış və dinc sakinləri qorxu altında saxlayan çoxsaylı gizli silahlı qrupların və bandaların üzə çıxarılması, onların ifşa və tərksilah edilməsi ilə bağlı idi.

Ziyalılar qarşısında çıxış edən Heydər Əliyev ideoloji stereotiplərdən və təhriflərdən azad olmuş real və həqiqi Azərbaycan tarixinin yazılmasını təxirəsalınmaz vəzifə kimi qarşıya qoy­du. Ulu öndər xüsusi olaraq vurğuladı ki, tarixi qələmə alarkən ədalət hissini bir an yaddan çıxarmaq olmaz. Ağı ağ, qaranı qara yazmaq lazımdır. Bu xüsusda ümummilli lider xüsusi olaraq vurğuladı ki, “1920-ci ildən başlayaraq müstəqililik əldə etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir. Azərbaycanda böyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sənayesi, kənd təsərrüfatı inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olar­mı? Şübhəsiz, bu dövrün çox qaranlıq səhifələri də var – 37-38-ci illər, elə 20- ci illərin əvvəlləri, 30-cu illər, repressiya illəri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqına böyük zərbələr vurulması. Bunlar həqiqətdir. Eyni zamanda o da həqiqətdir ki, bu dövrdə əzab-əziyyətlərlə, çətinliklərlə yanaşı, Azərbaycan xalqı öz iqtisadiy­yatını yaratmışdır. Əgər 70-ci illərdə yaranmış bu iqtisadiyyat olmasaydı, indi Azərbaycan Respublikası müstəqil dövlət kimi yaşaya bilərdimi?. Eləcə də şəxsiyyətləri itirmək olmaz. Bizim üçün Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da...Tarixi təhrif edənlər xalqa xəyanət edir. Tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Onların heç birinə toxun­maq olmaz”.

Bu obyektiv mövqeyi ilə ulu öndər Heydər Əliyev bir daha paklıq zirvəsinə yüksələrək haqq və ədalətin keşiyində dayanırdı. Xalqın gözü tərəzidir. Xalq öz liderini birmənalı olaraq müəyyən edirdi. O xalq ki, ölkəsinin viran oldu­ğunun fərqində idi və Heydər Əliyevə yeganə ümid yeri kimi baxırdı. Həmin çıxışında Heydər Əliyev Azərbaycanın o zamankı faciəli vəziyyətini fırtınanın sahilə tulladığı sınıq gəmi ilə müqayisə etdi: ”Həmin gəmini yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin. Azərbaycan indi təxminən belə vəziyyətdədir.”

Gənclər qarşısında çıxışında isə ulu öndər Heydər Əliyev ölkənin təhsil və gənclər siyasəti sahəsində həllini gözləyən olduqca mürəkkəb problemlərə diqqəti cəlb etdi və bu istiqamətlərdə konseptual yanaşma­larını ortaya qoydu. İlk növbədə onu vurğuladı ki, milli nihilizm mövqeyindən birdəfəlik imtina etmək lazımdır. Sovet ideologiyasını haqlı olaraq özümüzdən uzaqlaşdırsaq da, ancaq sovet təhsil sistemində bir çox müsbət cəhətlərin olduğunun da üstündən xətt çəkə bilmərik. Biz savadlı, təhsilli millətə çevrilmişik. Elmdə və mədəniyyətdə böyük uğurlara imza atmışıq. Bun­dan sonranı düşünmək lazımdır. İndi necə irəliləyək? Təkcə texnikumları kolleclərə, məktəbləri liseylərə, institut­ları universitetlərə və akademiyalara çevirməklə işləri düzəltmək olmaz.

Ulu öndər hər zaman olduğu kimi, təkcə problemləri qabartmır, eyni za­manda onların həlli yoluna işıq salırdı. Bu xüsusda o, Azərbaycan gənclərinin ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin nüfuzlu ali təhsil ocaqlarına göndərilməsinin vacibliyini vurğulayır və bu sahədə hələ sovet dövründə olduqca müsbət təcrübənin qazanıldığına diqqəti cəlb edirdi.

Eyni zamanda ulu öndər gənclər arasında xoşagəlməz halların, o cümlədən sərxoşluq, narkomaniya, ən dəhşətlisi isə fərariliyin artmasından ürək ağrısı ilə danışırdı: “Bilirsiniz adam dəhşətə gəlir. Axı nə üçün Azərbaycan oğulları fərari olsunlar? Fərarilik edən hər bir gənc gərək cəmiyyətin üzünə çıxa bilməsin, fərarilik xalqa düşmən olmaq deməkdir.”

Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncləri ilə bu və digər görüşləri cəmiyyətdə böyük siya­si rezonans doğurdu. Gənclərdə vətənpərvərlik hissləri yüksəldi. Xalqı­mız bir daha əmin oldu ki, ona elə bir siyasi lider rəhbərlik etməyə hazırlaşır ki, onun polad iradəsi, əzmi və enerjisi sayəsində bütün bəlalardan hifz olaca­ğımız artıq xülya deyil, bir reallıqdır.

1993-cü il oktyabrın 1-də isə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Bakıda respublikada yaşayan azsaylı xalqların nümayəndələri ilə görüşdü. Bu görüşün ölkəmizdə ictimai-siyasi sabitliyin təminatı baxımından mühüm əhəmiyyəti var idi. “Xalq Cəbhəsi-Müsavat” cütlüyünün antimilli siyasəti sayəsində ölkə ərazisində yaşayan xalqlar arasında birlik və harmoniya deyil, təfriqə və toqquşma meyilləri güclənmişdi. Əslində bu yarıt­maz və xəyanətkar siyasətin müəllifləri ölkənin bütövlüyü və suverenliyi əleyhinə ən qorxulu ssenarilərin forma­laşmasına rəvac verir və dövlətçiliyə qarşı xəyanətkar yol seçmiş olurdular. Bu acı reallıqlar fonunda ulu öndər Heydər Əliyev məlum görüşdə xüsusi olaraq vurğuladı ki, prezident seçiləcəyi təqdirdə o, respublikanın keçmiş rəhbərliyinin milli siyasətdə buraxdığı ciddi pozuntuların aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcəkdir. Azərbaycanda yaşayan bütün xalqlar siyasi əqidəsindən, milliyyətindən, dinindən asılı olmayaraq bərabər hü­quq və imkanlara malik olacaqlar.

Ulu öndər Heydər Əliyevin xalq tərəfindən böyük coşqu ilə qarşılanan seçki kampaniyası xalqın etimadını tam itirmiş Xalq Cəbhəsinin əsl antimilli, xəyanətkar və dönük mahiyyətinin daha bariz şəkildə üzə çıxmasına səbəb oldu. Onlar məğlubiyyətləri ilə barışa bilmir, əvvəlcə referendumu, sonra isə prezident seçkilərini boykot etmək çağırışları ilə mitinqlər təşkil edirdilər. AXC-nin ekstremist qanadı isə Türkiyə vətəndaşı Həsən Tokunun iştirakı ilə sentyabrın 30-da Heydər Əliyevin həyatına sui-qəsd təşkil etməyə cəhd göstərdilər. Bu sui-qəsd addımı da, sonralar təkrarlanan oxşar cinayətlər və dövlət çevrilişinə cəhdlər də nəticəsiz qaldı. Ulu Yaradan və xalq sevgisi missiyası millətin və dövlətin xilaskarı olan Heydər Əliyevi hifz etdi. O, qalibiyyətlər üçün doğul­muşdu. 1993-cü il 3 oktyabr prezident seçkilərində xalqın 98,8 faiz səsini top­layaraq hakimiyyət olimpinin zirvəsinə yüksəlməklə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti intibahının əsasını qoydu. Bu yerdə bəzi paralellər aparıb, nəzəri mülahizələrimizi əsaslandırmağa çalışaq.

Ötən əsrin 70-ci illərinin əvvəllərində “Literaturnaya qazeta”ya verdiyi məşhur müsahibəsində “Qoy ədalət zəfər çalsın” deyən Heydər Əliyev özünün milli intibah missiyasının 1969-1982-ci illər tarixi çərçivəsində, sözün həqiqi mənasında, ədalətin zəfər çalmasına nail oldu. Ölkədə həmin illərdə 213 yeni sənaye müəssisəsi istismara verildi. Bakı Məişət Kondisionerləri, Salyan Plastmas Emalı zavodu, Sumqayıtda Kompressor zavo­du, Üst Trikotaj fabriki, Bakıda Tikiş, Ayaqqabı hissələri fabrikləri, Şampan şərabları zavodu, Gəncədə Ət kombi­natı, Qənnadi fabriki, Əlvan Metallar emalı zavodu, Lənkəranda Konserv zavodu, çay fabriki, Naxçıvanda Şüşə Qablar zavodu, Kəlbəcərdə “İstisu” mineral su zavodu, Yevlaxda Yunun ilkin emalı fabriki və s. kimi böyük iqti­sadi potensialı olan müəssisələr məhz həmin illərdə tikilib istifadəyə verildi. Qeyd edilən 13 il ərzində istehsal olu­nan sənaye məhsulu öz həcminə görə əvvəlki 50 ilə bərabər idi.

1969-cu ildən sonra Azərbaycanda geniş tikinti-quruculuq işlərinə start verildi. Respublika tikinti meydanını xatırladırdı. 1975-1985-ci illərdə ümumi sahəsi 22, 2 milyon kvadratmetr olan mənzillər inşa edildi ki, bu göstərici Azərbaycanda bütün əvvəlki illərdə tikilmiş mənzillərin 70 faizini təşkil edirdi. Yeni iş yerlərinin yaradılması nəticəsində iqtisadiyyatda çalışanların ümumi sayı 1985-ci ildə 2,4 milyon nəfərə çatmışdı. Bu, 1970-ci ilin mü­vafiq göstəricisindən 1,5 dəfə çox idi. 1969-cu ildə orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycan 15 müttəfiq respublika arasında axırıncı yerdə dayandığı halda, 1980-ci ildə 4-cü yerə çıxdı.

Həmin dövrdə kənd təsərrüfatının dirçəldilməsi və sonrakı inkişafı sahəsində də böyük  işlər görüldü. Möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə 70-ci illərin əvvəllərində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində qısa müddət ərzində qidalılıq balansı­nı itirmiş torpaqlar əsl məhsuldar torpaqlara çevrildi. İlk növbədə kənd təsərrüfatının su təchizatı yaxşılaşdı­rıldı. Bu məqsədlə Yuxarı Qarabağ, Yuxarı Şirvan və Samur-Abşeron kanallarının tikintisi başa çatdırıldı, Naxçıvan Muxtar Respublikasında “Arpaçay”, Lənkəranda “Xanbulan­çay”, Masallıda “Viləşçay”, Şəkidə “Əyriçay”, Şəmkir və Ağstafa su dəryaçaları, “Bəhrəmtəpə” suvarma şəbəkəsi, İsmayıllıda “Aşıq Bayram” gölü istifadəyə verildi.

Əvvəllər əsassız olaraq azal­dılmış taxıl, pambıq, meyvəçilik sahələri, habelə qoyunçuluq və quş­çuluq yenidən bərpa olundu. Kənd təsərrüfatı üçün yüksək ixtisaslı kadrların hazırlanması sahəsində də ciddi addımlar atıldı. Yalnız Azərbaycan Respublikası Kənd Təsərrüfatı Akademiyasında 1970-1975-ci illərdə 40 min nəfərə yaxın ali təhsilli, respublikanın orta ixtisas məktəblərində isə 86, 4 min nəfər orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisi hazırlandı.

Ümummilli lider Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsi olaraq 1981-ci ildə respublika tarixində ilk dəfə olaraq 402 min ton taxıl, 1 milyon 151 min ton pambıq, 1 milyon 616 min ton üzüm, 644 min ton tərəvəz, 41 min ton bostan məhsulları, 26 min ton yaşıl çay yarpağı, 125 min ton mal-qara və quş əti, 340 min ton süd, 294 milyon ədəd yumurta və 12 min ton yun tədarük edildi.

Ümumən, həmin illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə artdı. “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”,-deyən Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə təhsil, səhiyyə, mədəniyyət, incəsənət və milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində də ciddi və əhəmiyyətli addımlar atıldı.

Həmin dövrdə Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inki­şaf pilləsinə qalxdı, bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynadı.

70-ci illərdə və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görül­dü. Ölkə rəhbərinin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikildi.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafın­da müstəsna xidmətlərindən biri də 1970-1980-ci illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keç­miş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamı­zın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazır­lanmasına imkan və şərait ya­ratması olmuşdur. Onu da qeyd edək ki, Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə, ümum­milli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə müvafiq göstərici 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97,6 faizə yüksəlmiş oldu. Bu addımlar öz xarakteri etibarilə strateji məzmun kəsb edirdi. Daha dəqiq desək, bir tərəfdən Azərbaycanın yüksək ixtisaslı kadrlara olan ehtiyacını təmin edirdi, digər tərəfdən po­tensial Azərbaycan diasporunun formalaşması prosesinin konturları cızılırdı. Təsadüfi deyildir ki, bu gün MDB məkanında Azərbaycan diasporunun sosial tərkibinin böyük bir hissəsini məhz həmin illərdə ulu öndərin xeyir-duası ilə təhsil almış insanlar təşkil edir və onlar müstəqil dövlətimizin maraqlarını təmsil olun­duqları ölkələrdə şərəflə qoruyurlar.

“Xalqı həmişə mənəviyyat birləşdirmişdir, çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür,” – deyən ümummilli liderin qənaətinə görə, milli özünüdərkə xalqın yaratdığı və yaşatdığı mədəni sərvətlərə dərindən yiyələnməklə çatmaq olar. Bu xüsusda Heydər Əliyev böyük siyasi ustalıqla 59 yaşında pantürkist-millətçi ittihamı ilə Sibirə sürgün edilən dahi Hüseyn Cavidin nəşini 100 illiyində Vətənə gətirməklə əslində milli hissə və duyğuya malik olan şəxsiyyətlərin hamısının cənazəsini, ruhunu öz doğma vətənlərinə – Azərbaycana qaytarmış oldu.

Danılmaz həqiqətdir ki, 1930-cu illərdə SSRİ Dövlət mükafatı “Rusca-azərbaycanca lüğət”ə verilmişdisə, məhz Heydər Əliyevin qətiyyəti sayəsində 1970-ci illərdə “Azərbaycan dili” dərsliyi eyni etima­da layiq görüldü. Bu mükafatların arxasında böyük siyasi mətləblər gizlənirdi. Başqa sözlə, birinci halda rus dilinin təbliğinə, ikinci halda isə doğma dilimizin inkişafına görə ali mükafat verilmişdi. Bu, ulu öndərin millətin genetik kodunun mühüm komponenti hesab etdiyi milli dilə verdiyi əvəzsiz dəyər idi. Elə bu məntiqlə də Heydər Əliyev böyük səylər hesabına 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusi­yasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdu.

Bütün bu və digər xidmətləri ilə Heydər Əliyev ədəbi-mədəni irsimizin, dilimizin, ziyalılarımızın, ən başlıcası isə milli özünüdərk və kim­liyimizin əvəzsiz himayədarı və ha­misi zirvəsinə yüksəlmiş oldu. Təbii ki, fitri istedadı və iti fəhmi hesabına ölkəmizin perspektiv müstəqilliyini proqnozlaşdıran Heydər Əliyev suveren dövlətçiliyimizin sosial-iq­tisadi, ictimai-siyasi və xüsusilə də təhlükəsizlik sahəsində hansı ciddi problemlərlə sınağa çəkiləcəyini də görməyə bilməzdi. Bu baxım­dan ümummilli liderin hələ sovet dövründə respublikamız üçün milli hərbi kadrların hazırlanma­sı sahəsində atdığı uzaqgörən addımların ölkəmizin Ermənistanın təcavüzünə məruz qaldığı zamanda necə misilsiz əhəmiyyət daşıdığının bir daha şahidi olduq.

Bu, bir həqiqətdir ki, sovet dövlətində bütün sahələr kimi, ordu quruculuğu prosesi də məlum siya­si-ideoloji prinsiplərə əsaslanırdı. Rəsmi Moskva milli respublikalarda, ələlxüsus müsəlman ölkələrində milli hərbi kadrların hazırlanması yönündə cəhdləri bir qayda olaraq qısqanclıqla qarşılayır və buna mane olurdu. Müttəfiq respublika­larda hərbi tədris məktəbləri əsasən Rusiya, Ukrayna və Belarusda fəaliyyət göstərirdi.

“Bunları görəndə, düşünür­düm ki, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respubli­kasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunu­ruq?,” – bu sözləri Heydər Əliyev 2003-cü il aprelin 21-də, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin 30 illik yubiley təntənəsində çıxış edərkən demişdi.

Ulu öndər Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində belə bir məktəbin yaradılması­na nail olmuşdu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə azərbaycanlı zabitləri isə, necə deyərlər, bar­maqla saymaq olardı. Əlbəttə, indi bəziləri 1971-ci ildə Bakıda belə bir hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma buna nail olmaq üçün həqiqətən böyük siyasət və uzaqgörənlik lazım idi. Sovet rejiminin ən güclü vaxt­larında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılması­na rəsmi Moskva laqeyid yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Bakıya təşrif buyuran çeşidli komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını “əsaslandırmağa” çalışırdılar. Amma Heydər Əliyev bu cəhdlərin qarşısını qətiyyətlə almağı bacardı. Nəticədə Heydər Əliyevin yaratdığı hərbi məktəb müstəqil Azərbaycanda ordu quruculuğu üçün əsas baza­lardan birinə çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri olan zabitlər artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdırlar.

Beləliklə, Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində perspektiv müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri addım­ları atmağa nail oldu. 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycan Respublikası əslində real suverenliyinə 1993-cü ildə nail oldu. Həmin il xalqın israrlı tələb və xahişindən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verdi və bununla da Azərbaycanda milli intibah dövrünün ikinci mərhəsi (1993-2003-cü illər) başlandı. Bu dövr ulu öndərin təbirincə desək, müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan guya region­da Kremlin planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayırdı. Həmin mərhələdə hakimiyyətdə olan Müsavat-AXC cütlüyünün həyata keçirdiyi səbatsız daxili və xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə məhz həmin illərdə Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi.

Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddia­larını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi. Prezident İlham Əliyevin Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar”.

Bundan savayı, Müsavat-AXC cütlüyünün hakimiyyəti dövründə İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardım­dan məhrum edən “907-ci əlavə”ni qəbul etdi.

Bu şəraitdə dövlətçiliyimiz ərazi bütövlüyümüzün pozulma­sı təhlükəsi ilə üz-üzə qalmışdı. Erməni işğalçılarının aramsız hücumları, cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüsey­nova məxsus hərbi hissənin qiyam qaldırması həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində respublikamız real vətəndaş müharibəsi astana­sına idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. İnflyasiya 1992-ci ildə 1174%, 1993-cü ildə isə 1080%-ə çatmışdı. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümum­milli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart ayla­rında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezi­dent Heydər Əliyevlə xalqın sarsıl­maz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dü­hası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirdi.

Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunul­mazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlı­ğı, milli azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qa­nunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusi­ya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu ya­radıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.

Bu prosesdə – demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoydu­ğu irsin öyrənilməsi, təbliği və tətbiqində unikal genetik irsə, zəngin təcrübəyə, böyük intellektə və geniş təşkilatçılıq qabiliyyətinə malik Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO və ISESKO-nun xoşməramlı səfiri Meh­riban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xal­qının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yar­dımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin ic­rasına nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Hörmətli Meh­riban xanımın qazandığı ümumxalq sevgisinin kökündə dayanan əsas amil insanların inamını qazanması ilə bağlıdır. Mehriban xanım Əliyeva Rusiyanın nüfuzlu “Rossiya-24” ka­nalına müsahibəsində bu xüsusda haqlı olaraq vurğulayır ki, “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrult­malıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam.”

Bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Öz əməlləri ilə xalqın və dövlətin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalq ona görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalq ona görə pre­zidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqla­rından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan Ordusu Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olun­ması düşmənin müqavimət potensi­alını heçə endirdi. Nəticədə noyabr ayının 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasi­yası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən titanik hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Zəfərimiz yeni tarixi reallıqlar yaratmışdır. Ölkəmizin qarşısında yeni strateji vəzifələr müəyyən edilmişdir. Həmin vəzifələrin icra edilməsi üçün ölkənin siyasi sisteminin mərkəzi elementi olan YAP-ın üzərinə böyük məsuliyyət düşür. Məhz bu məsuliyyətdən irəli gələrək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında cari ilin 5 mart tarixində YAP-ın VII qurultayı keçirilmişdir. Qurultayın qəbul etdiyi qərarlar partiyanın yeni tarixi dövrdə çevikliyi və dinamizminin daha da artırılması, onun icra mexanizmlərinin təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir. Yeni nizamnaməyə görə, artıq partiyanın Siyasi Şurası və icra katibi vəzifəsi ləğv edilmişdir. Eyni zamanda, partiyanın 40 nəfərdən ibarət yeni İdarə Heyəti formalaşdırılmışdır. Bu prosesdə şəffaflıq məsələləri çox böyük önəm kəsb edir. Cənab Prezident də həmişə vurğulayır ki, şəffaflıq hər bir dövlətin inkişafının göstəricisidir. Bu nöqteyi-nəzərdən hakim Yeni Azərbaycan Partiyası da məsələyə çox böyük diqqətlə yanaşır. Ölkə Prezidenti şəffaflığın təminatı, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə məsələlərini prioritet məsələlər kimi müəyyən etmişdir Məsələyə bu prizmadan yanaşdıqda, partiyanın rəhbər orqanlarından biri kimi Təftiş Komissiyasının formalaşması da böyük əhəmiyyət kəsb edirdi. Əvvəlki qurultayda 15 nəfərlik Təftiş Komissiyası formalaşdırılmışdısa, bu dəfə onların sayı 13-ə endirildi. Nəhayət, ilk dəfə olaraq partiyanın tərkibində 35 nəfərdən ibarət Veteranlar Şurası yaradıldı. Məqsəd ondan ibarətdir ki, YAP-ın rəhbər qurumlarından yaşa görə çıxarılmış təcrübəli üzvlərinin gənclərlə ünsiyyətləri qoruyub saxlasın. YAP-ın yaşlı nəsli ilə gənc təbəqəsi arasında rabitə pozulmasın. Bu prosedə müvafiq olaraq təcrübə və enerjinin vəhdəti YAP-ın daha da güclənməsi mənafeyinə xidmət göstərir.

Bu qurultayda 6 siyasi partiyanın YAP ilə birləşmək niyyətini ortaya qoyması bir daha göstərir ki, iqtidar partiyasının cəzbetmə əmsalı kifayət qədər böyükdür. Ayrı-ayrı siyasi partiyalar oz proqramlarında ərazi bütövlüyü məsələsini priorotet vəzifə olaraq müəyyən etmişdilər və gördükdə ki, Ali Baş Komandan, Prezident və hakim partiyanın rəhbəri olaraq cənab İlham Əliyev bu tarixi missiyanı şərəflə yerinə yetirmişdir, bu halda həmin siyasi qüvvələr gələcək talelərini məhz YAP sıralarında görməyi məqbul variant olaraq irəli sürmüşlər.

Beləliklə, ulu öndər Heydər Əliyev dühasının məhsulu olan və müasir Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında misilsiz xidmətlərə imza atan Yeni Azərbaycan Partiyası öz müzəffər liderinin-Prezident İlham Əliyevin rəhbərliyi altında yeni tarixi vəzifələrin icrası prosesinə böyük töhfələr vermək iqtidarında və niyyətindədir. Bu, ilk növbədə, 30 illik erməni işğalından azad edilmiş Qarabağın bərpası və yenidənqurulması kimi tarixi missiyanın icrası, habelə epoxal uğurlarımızın təminatında müstəsna əhəmiyyətə malik olan siyasi dialoq mühitinin qorunması və dərinləşdirilməsi prosesinə yüksək səviyyəli dəstəyin verilməsi anlamını özündə ehtiva edir.

Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız! Yaşasın Yeni Azərbaycan Partiyası! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Elman Nəsirov,
Milli Məclisin deputatı,
Dövlət İdarəçilik Akademiyasının
Siyasi araşdırmalar institutunun direktoru,
siyasi elmlər doktoru, professor