23 noyabr 2021 02:39
1089

Kəlbəcər erməni vandalizminin əyani nümunəsinə çevrildi

Dünya bir il bundan öncə 10 noyabr Bəyanatına uyğun olaraq ermənilərin rayonu boşaltmaq üçün istədikləri əlavə vaxtda törətdikləri vəhşiliklərə şahidlik etməklə 30 ilə qədərki dövrdə yeritdiyi siyasətə də aydınlıq gətirdi

Tarixi Zəfərimizin birinci ildönümü arxada qalsa da 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq müharibəsiz  azad edilən Ağdama, Kəlbəcərə və Laçına qovuşduğumuz tarixləri qeyd edir, bir daha 44 günün dünyaya səs salan məqamlarını təhlil edərək Qələbəmizlə qürur duyuruq. 44 gün ərzində döyüş meydanında 5 şəhərin, 4 qəsəbənin, 300-ə qədər yaşayış məntəqəsinin, bir sıra strateji yüksəkliklərin əldə edilməsinə nail olan Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü. Noyabrın 8-də Qarabağın ürəyi olan Şuşamızın, noyabrın 9-da 70-dən artıq kəndin, bir qəsəbə və 8 strateji yüksəkliyin işğaldan azad edilməsi işğalçı dövləti təslim olmağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatda əksini tapan müddəaların hər biri Azərbaycanın Qələbəsini, Ermənistanın məğlubiyyətini təsdiqlədi. Həmin sənəddə  noyabrın 15-də Kəlbəcərin, noyabrın 20-də Ağdamın və dekabrın 1-də Laçının qaytarılması öz əksini tapıb. Ötən il noyabrın 20-də Ağdamın qaytarılması xəbəri dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqımıza böyük sevinclə çatdırıldı. Eyni zamanda, noyabrın 23-də cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam şəhərinə səfərləri oldu. Dövlət başçısı üçrəngli bayrağımızı işğaldan azad edilmiş torpağımızda yüksəklərə qaldırdı, onlar  Ağdam məscidini ziyarət etdilər. Müzəffər Ali Baş Komandan məscidin  qarşısında çıxış edərək bugünkü Qələbəmizə yol açan amilləri diqqətə çatdırdı.   Noyabrın 25-də isə xalqımız Kəlbəcərin qaytarılması sevincini yaşadı. İki gündən sonra  Kəlbəcərin işğaldan azad edilməsinin bir ili tamam olur.

Qeyd edək ki, 10 noyabr Bəyanatına uyğun olaraq  Kəlbəcər noyabrın 15-də qaytarılmalı idi. Amma Ermənistan Rusiya  Prezidentinin vasitəsilə Azərbaycandan əlavə 10 gün vaxt istədi. Rayonu boşaltmaq üçün ayrılan vaxtın kifayət etmədiyi bildirilsə də, amma evlərin yandırılmasından, ağacların qırılmasından, gözə görünən nə varsa hamısının Ermənistana daşınmasından,  bir sözlə ekoloji terrordan göründü ki, vaxt azlıq etməyib, amma xislətlərinə uyğun hərəkətlərini davam etdirmək üçün əlavə vaxta ehtiyac olub. Azərbaycan yenə də humanist dəyərlərə sadiqliyini nümayiş etdirərək, həmin vaxtı verdi. Dünya ermənilərin törətdikləri vəhşiliklərə şahidlik etməklə  30 ilə qədərki dövrdə yeritdiyi siyasətə də aydınlıq gətirdi. Dövlət başçısı İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması sevincini xalqımıza çatdırarkən bir daha diqqəti danışıqlar dövrünə yönəldərək bildirmişdir ki, o vaxt bütün beynəlxalq təşkilatlar, böyük dövlətlərin liderləri münaqişənin yalnız sülh yolu ilə həllinin vacibliyini, münaqişənin hərbi həllinin mümkünsüzlüyünü  bildirirdilər. Azərbaycan tərəfi isə  daim bildirirdi ki, problemin hərb yolu ilə həlli var. Danışıqlar prosesi səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyi istisna edilmirdi.

Azərbaycan münaqişənin həlli məqsədilə bütün beynəlxalq təşkilatların potensial imkanlarından  istifadə etmək istəyini bildirirdi. O zaman işğalçı dövlət və münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri bu addımı onların vasitəçilik missiyasından imtina kimi  təqdim edirdilər. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi ki, bunun ATƏT-in Minsk qrupunun  vasitəçilik missiyasına heç bir aidiyyəti yoxdur. Azərbaycan işğal edilmiş ərazilərimizdə həyata keçirilən süni məskunlaşdırma faktını araşdırmaq üçün BMT Baş Assambleyasına müraciət edəndə də bunu ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina kimi təqdim etməyə çalışdılar. Həmin ərəfədə ATƏT-in Faktaraşdırıcı Missiyası yaradıldı və bu missiyanın üzvləri iki dəfə ardıcıl şəkildə işğal olunmuş ərazilərimizdə oldular. Nəticə bu oldu ki,  süni məskunlaşdırma faktı mövcuddur, amma bunu hansı tərəfin həyata keçirdiyini söyləmək  «beynəlxalq hüquqa ziddir», bu, birtərəflilik kimi qəbul edilə bilər. Azərbaycan dövləti daim bu sualla dünyaya müraciət edirdi ki, işğalçı adı ilə çağrılmadığı təqdirdə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək nə qədər real görünə bilər?  Real olan bu idi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini,  Ermənistan  isə  status-kvonu saxlamaq, əbədi etmək istəyirdi.  Düşünürdülər ki,  əgər 28  il ərzində buna nail olublarsa, deməli, bundan sonra da nail olacaqlar. Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcək, onların arxasında dayanacaq, onların  əvəzinə müharibə aparacaqlar. Dövlət başçısının qeyd etdiyi kimi, ermənilər  ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur: «Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış istiqamətə aparıb.»

44 günlük müharibə onların bu yanlış düşüncələrini bir daha dünyaya çatdırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın müharibə dövründə havadarlarından necə incik düşdüyü sərsəm bəyanatlarından da aydın görünürdü. Hər kəsə qarşı iddialarla çıxış etməklə, sanki bugünədək beynəlxalq hüququ kobud şəkildə pozan, hətta müsahibələrində açıq-aşkar onun mövcudluğunu inkar edən Nikol Paşinyan deyil, başqası idi. Paşinyan elə düşünürdü ki, müstəqilliyi formal xarakter daşıyan Ermənistanı maraqlarının icrasında bir vasitəçi kimi qəbul edən dövlətlər bütün hallarda onu dəstəkləmək imkanındadırlar. Beynəlxalq hüquq, tarixi faktlar, real həqiqətlər deyilən məfhumlar vardır. Tarixi inkar edib saxta tarix yazmaq, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış edib buna nail olmaq əbədi qalib olmaq demək deyil. Ermənistan hakimiyyəti  də çox yaxşı bilir ki, torpaqlarımız döyüş meydanında məğlub olmaqla düşmənə verilməyib. Həmin illərdə ölkəmizə rəhbərlik edən AXC-Müsavat cütlüyünün ölkədə yaratdığı ağır durum ordu quruculuğunda da özünü qabarıq şəkildə büruzə verirdi. Ordu torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Ermənistan bu vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal etmişdi. Dövlət başçısı İlham Əliyev xalqa bütün müraciətlərində, o cümlədən Kəlbəcərin işğaldan azad olunması xəbərini çatdırarkən bu məqamı xüsusi qeyd etmişdir ki, bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyırlar.

Ermənistan və ona havadarlıq edən dövlətlər  haqq-ədalətin, beynəlxalq hüququn,  tarixi həqiqətlərin kimin tərəfində olduğunun bir daha şahidi oldular. Qeyd etdiyimiz kimi,  yazılan saxta  tarix, faktların inkar edilməsi heç zaman inandırıcı görünə, qəbul edilə bilməzdi.  Amma  ermənilər  onlara maraqlarını icra etmək üçün bir vasitəçi kimi baxan dövlətlərin dəstəyinə arxalanaraq  bu torpaqları əbədi saxlayacaqlarını düşünürdülər.  Hesab edirdilər ki, vaxt keçəcək, nəsillər dəyişəcək. Azərbaycan xalqı bunu unudacaq, bu vəziyyətlə barışacaq. Amma düşündüklərinin əksini gördükdə diz çöküb təslim oldular.

Bu gün qürurluyuq ki, torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri qeyd edirik.  Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilib. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti rayonun işğalına şərait yaradıb. Hazırda Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürdülər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaratdı. Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrildi. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.

Ötən ilin bu  günlərində Kəlbəcəri boşaldarkən ermənilərə yaradılan şərait bu gün də bizləri  1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub,  dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olduqlarını yada salmaq məcburiyyətində qoyur. Onların bir çoxu qırğına məruz qaldı, atəşə tutuldu, meyitləri belə təhqir edildi. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak oldu, yüzlərlə insan girov və ya itkin düşdü. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilmədi, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olundu. Yaşanan iki hadisə  Azərbaycan və Ermənistan arasındakı fərqi aydın şəkildə ortaya qoyur. Təkcə 44 günlük Vətən müharibəsi, həmçinin 10 noyabr Bəyanatına uyğun olaraq Ağam və Kələbəcərin boşaldıması zamanı törədilənlər Azərbaycanın illərdir necə vəhşi ilə üz-üzə qaldığını nümayiş etdirdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva düşməndən təmizlənən Kəlbəcərdə 2021-ci il avqustun 16-da səfərdə olarkən, dövlətimizin başçısı burada Azərbaycan bayrağını qaldırdı və rayonda bərpa-quruculuq, tikinti işlərinə rəsmi start verdi. Bildirdi ki,  indiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək, azad edilmiş torpaqlarda möhkəmlənmək, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Hazırda rayon ərazisində müxtəlif  infrastruktur layihələri reallaşdırılır. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda tunelin tikintisi həyata keçirilir. Qısa müddətdə işə salınan 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə rayonun işıqlı gələcəyindən xəbər verir. İşğaldan azad edilmiş digər rayonlarımız kimi, Kəlbəcər də özünəməxsus iqtisadi imkanlara malikdir. Rayonun torpaqları olduqca məhsuldardır və tarixən burada kənd təsərüfatı, heyvandarlıq kimi sahələr inkişaf etdirilib. Yaxın perspektivin əsas hədəflərindən biri elə bölgədə aqrar sahəni inkişaf etdirməkdir. Buranın yaylaqları isə qoyunçuluğun inkişafına xidmət edəcək. Qızıl, civə kimi yeraltı sərvətlərin, mərmərin çıxarılması və emalı sənayesinin təşkili, xalçaçılı­ğın genişləndirilməsi də ölkə iqtisa­diyyatına böyük fayda gətirəcək.  İqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi  rayonlar üzrə ixtisaslaşmaya geniş imkanlar açacaq ki, bu da öz növbəsində ölkənin hərtərəfli inkişafını sürətləndirəcək. Bu zonada su mənbələrinin çoxluğu diqqət çəkir. Elə ölkəmizin mineral su ehtiyatlarının da 40 faizə qədəri Şuşa, Laçın və Kəlbəcərin payına düşür. Ümumiyyətlə, azadlığa qovuşmuş ərazilərimizdə 120-dək müxtəlif tərkibli mineral su yataqları var. Turşsu, İstisu, Bağırsaq, İlıqsu, Minkənd sularının müalicəvi əhəmiyyəti böyükdür. Onlar da bərpa olunacaq və yenidən istehsalına başlanacaq. Hazırda  Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq proseslərinə onlarla tanınmış şirkət, minlərlə mütəxəssis və işçi qüvvə cəlb edilib. Qardaş Türkiyənin şirkətləri bu prosesdə fəallıqları ilə diqqət çəkirlər. Cənab İlham Əliyev Azərbaycanın bütün bərpa proseslərinin öhdəsindən layiqincə gəlmək iqtidarında oldu­ğunu bildirir: “Biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq”. İnanırıq ki, çox keçmədən Şərqi Zəngəzurun da bütün infrastrukturu bərpa ediləcək və doğma yurdlara böyük köç baslanacaq.

Yeganə Əliyeva, «İki sahil»