25 noyabr 2021 14:56
311

ABŞ-ın “Demokratiya sammiti” beynəlxalq gərginliyi artıracaq- Zaxarova

Rusiya XİN: ABŞ Rusiya və Çinlə qarşıdurmada maraqları olan ölkələrin klubunu toplayır

ABŞ tərəfindən təşkil olunan “Demokratiya uğrunda sammit” beynəlxalq gərginliyi artıracaq.

“İki sahil” xəbər verir ki,  bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Amerika Birləşmiş Ştatları demokratiyanın inkişafı şüarı altında kollektiv Qərbdən strateji müstəqilliyini, ədalətli dünya nizamına dair suveren baxışlarını qoruyub saxlayan və ilk növbədə Rusiya və Çinlə qarşıdurmada maraqları olan ölkələrin klubunu toplayır. ABŞ tərəfindən təşkil olunan “Demokratiya uğrunda sammit” beynəlxalq gərginliyi artırmağa yardım edəcək. Dünya nizamının BMT mərkəzli arxitekturasının aşınması və “Böyük 20-lər” potensialı da təhlükə altındadır. Bütün bunlar pandemiya ilə birgə mübarizə səylərini sarsıdır”, - Rusiya XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə çağırılan “Demokratiya uğrunda sammit”ə Rusiya, Türkiyə və Çin kimi nəhəng beynəlxalq oyunçular dəvət olunmayıb. Ekspertlər ABŞ tərəfindən irəli sürülən təşəbbüsün BMT-də dominantlığını itirən Vaşinqtonun bu quruma alternativ struktur yaratmaq cəhdləri kimi görürlər.