26 noyabr 2021 14:52
1162

SOCAR-ın Sosial İnkişaf İdarəsində qanvermə aksiyası keçirilib - FOTO

Hər zaman gərgin əməyi və fədakarlığı ilə seçilən neftçilərimiz daim humanist təşəbbüslərin, xeyirxah aksiyaların önündə gedib, öz fəallıqları ilə başqalarına nümunə olublar. Son dövrlərdə SOCAR-ın müxtəlif struktur bölmələrində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyaları buna bariz nümunədir.

Ötən gün SOCAR-ın Sosial İnkişaf İdarəsinin işçilərinin iştirakı ilə qanvermə aksiyası keçirildi. Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimov ilk qan verdi.

Hər zaman SOCAR tərəfindən təşkil olunan qanvermə aksiyalarında neftçilərin fəal iştirak etdiklərini vurğulayan idarənin rəis müavini Namiq Quliyev qeyd etdi ki, talassemiyadan əziyyət çəkən uşaqlara humanitar yardımla bağlı Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən aksiyalar öz müsbət nəticəsini verməkdədir. Fondun başladığı bu xeyirxah və humanist aksiyaya qoşulan SOCAR-ın bütün strukturlarının, o cümlədən Sosial İnkişaf İdarəsinin kollektivi qanvermə aksiyalarında fəal iştirak edib.

Tədbirdə Səhiyyə Nazirliyi B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadası tərəfindən qanvermə zamanı donorlara yüksək tibbi xidmət göstərilirdi. Aksiyadan əvvəl hər bir donorun sağlamlığı yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanılırdı.

Qanvermə aksiyasında iştirak edənlərdən idarənin Həmkarlar İttifaqı Komitəsinin sədri Heydər Əsgərov, İnzibati binalara xidmət sahəsinin rəisi Qiyaməddin Bağırov, İnsan resursları şöbəsinin rəisi Sevda Əliyeva, Marketinq və Satınalmalar şöbəsinin mühəndisi Günay Cavadzadə, Əmlak invertarlaşdırılmanın böyük mühəndisi Fərahim Mirzəyev, böyük mühəndis Nizami Mirzəliyev, İnzibati binalara xidmət sahəsinin rəis müavini Mətanət Məmmədova, Anbar təsərrüfatının rəis müavini Əli Nəcəfov, İcraya nəzarət və kargüzarlıq şöbəsinin mühəndisi Xatirə Bağırova, Əsaslı təmir şöbəsinin mühəndisi İlkin Şahmuradov və digərləri bildirdilər ki, bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi əlamətdar hadisədir. Nəinki neftçilər, digər peşə sahibləri də belə aksiyalarda fəal iştirak etməli, talassemiyadan əziyyət çəkən uşaqlara öz köməkliklərini əsirgəməməlidirlər.

Orxan Vahidoğlu,

Vüsal Cahanov (foto), “İki sahil”