29 noyabr 2021 22:54
590

İƏT-in Bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur

Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti Azərbaycanın milli maraq və mənafelərinin təmin olunmasına, beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına, regional və qlobal siyasətdə söz sahibinə çevrilməsinə böyük töhfələr verir. Respublikamızın daim bəyan etdiyi prinsiplərə sədaqəti, bir sıra qlobal təhlükəsizlik məsələlərinin müzakirələrində beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək ədalətli mövqedən çıxış etməsi onun regiondakı və dünyadakı nüfuzunu getdikcə artırır. Regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün ölkəmizin başçısının irəli sürdüyü təşəbbüslər, atdığı addımlar daim hərtərəfli dəstək qazanır, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsinə ciddi təkan verir.

2021-ci il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının yekununda qəbul edilən Aşqabad Bəyannaməsində Azərbaycana işğal olunmuş ərazilərinin azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə təbrikin yer alması bunun əyani təsdiqidir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Qazaxıstan, Qırğızıstan və Tacikistanın da ölkəmizi tarixi qələbə münasibətilə təbrik etmələri isə xüsusi diqqətəlayiqdir. Prezident İlham Əliyevin İƏT-in Zirvə Görüşündə çıxışı Azərbaycanın regional və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri dəyərləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. 2021-ci il noyabrın 26- da Soçidə Rusiya, Azərbaycan və Ermənistanın dövlət rəhbərləri arasında keçirilən üçtərəfli görüşdən sonra ölkəmizin başçısının İqtisadi Əməkdaşlıq Təşkilatının tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi bir daha təsdiq edir ki, bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək və təşkilata üzv ölkələr bu dəhlizdən böyük fayda götürəcəklər. Bu dəhliz İƏT ölkələri üçün həm də yeni perspektivlər yardacaq: “İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.

Zirvə Toplantısında qəbul edilən Aşqabad Bəyannaməsini isə ayırca qeyd etmək yerinə düşər.Dünyanın nüfuzlu nəşrləri, tanınmış ekspertlər bu sənədi Azərbaycanın növbəti diplomatik qələbəsi kimi dəyərləndirirlər. Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bu Bəyannaməni Azərbaycan Prezidentinin bütün illik fəaliyyətinin nəticəsi kimi qiymətləndirib. S.Markov vurğulayıb ki, Ermənistanla qarşıdurmada Azərbaycan əksər dövlətlərdən, o cümlədən postsovet məkanındakı ölkələrdən və Ermənistanın KTMT-nin üzvü olmasına baxmayaraq bu təşkilatın əksər üzvlərindən böyük dəstək alır: “Qırğızıstan, Tacikistan və Qazaxıstandan başqa, Belarusun da adı çəkilməlidir ki, onlar da Azərbaycana, hətta konkret olaraq silahla da fəal dəstək verirlər. Belə böyük dəstəyin olmasının bir neçə səbəbi var. Birincisi, BMT-nin bütün üzvləri bilir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri var ki, Qarabağ Azərbaycandır və işğala son qoyulmalıdır. Bundan başqa, hamı bilir ki, Azərbaycan ədalətli mövqe tutur. Bu ərazilər həmişə Azərbaycanın olub. Bunun sübutu Xocalıdakı soyqırımı, kütləvi etnik təmizləmədir. Bütün bunlar müxtəlif ölkələri məhz Azərbaycanı dəstəkləməyə sövq etdi. Bir çox dövlətlərdə Ermənistana kifayət qədər kritik münasibət bəsləyirlər. Hələ sovet dövründə, indi olduğu kimi, Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı ölkə olub. Ermənistan isə həmişə monomillətli, ultra-millətçi ölkə olub və helədə qalır”.

Tanınmış amerikalı ekspert Piter Teys də bildirib ki, İƏT-in Bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur. Ekspert qeyd edib ki, İƏT-in XV Zirvə Toplantısı Avrasiya qitəsində, xüsusilə sənaye və iqtisadi inkişaf sahəsində əsas prioritetləri müəyyən edən böyük qlobal tədbirdir: “İƏT-ə üzv dövlətlərin bu münasibətlə təsdiqlədiyi və İkinci Qarabağ müharibəsində Azərbaycanı şanlı qələbə münasibətilə təbrik edən Bəyannamə Ermənistana məğlubiyyətini etiraf etməyə və Azərbaycanla əməkdaşlığın yeni səhifəsini açmağa çağırışdır”.

Ekspert vurğulayıb ki, Türkmənistan və digər İƏT-ə üzv dövlətlər Zəngəzur dəhlizindən onları Türkiyə, Qara dəniz regionu və Avropa bazarları ilə birbaşa birləşdirəcək körpü kimi istifadə etməklə Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirlər.

Göründüyü kimi, İƏT-in XV Zirvə Toplantısının yekun Aşqabad Bəyannaməsində İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm Zəfəri və 30 illik işğala son qoyulması ilə bağlı xalqımıza ünvanlanan təbrik ölkəmizin beynəlxalq nüfuzuna, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinə, haqq işimizə verilən ən yüksək qiymətdir. Bu təşkilatda təmsil olunan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin-Qazaxıstan, Qırğızıstan və Tacikistanın digər üzv dövlətlərlə birlikdə Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etmələri həm də təcavüzkar Ermənistana münasibətin açıq-aşkar təzahürüdür.

Zahid Rza, “İki sahil”