29 noyabr 2021 23:07
455

7 medal alacağını bacısına yuxuda müjdələyən şəhid Ehtiram Əhmədov - VİDEO

Vətənimizin azadlığı uğrunda zəfər yürüşünə çıxan qəhrəman oğullarımızdan biri də gecə-gündüz demədən, soyuq-şaxta hiss etmədən yağı düşmənin üzərinə yeriyən, igidlik göstərərək şəhidlik zirvəsinə ucalan, Zaqatala rayonunun Yeni Suvagil kəndindən olan Ehtiram Əhmədovdur. Bu xəbərimizdə qəhrəman şəhidimizi sizə təqdim edəcəyik.

“İki sahil” xəbər verir ki, 24 gün komada qalaraq həyat mücadiləsi verən, 7 medal alacağını bacısına yuxuda müjdələyən şəhid Ehtiram Əhmədov..

Xüsusi təyinatlıların cəsur döyüşçüsü olmuş Ehtiram Əhmədov 2001-ci il martın 26-da Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. O, 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. Vətən müharibəsi başlayanda isə döyüşlərə qatılıb. Saxur balası Ehtiram Əhmədov Suqovuşan, Xocavənd, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhidimiz oktyabrın 15-də Füzuli döyüşləri zamanı ağır yaralanıb. 24 gün hospitalda komada qaldıqdan sora şəhidlik zirvəsinə ucalıb.

Vətənə və bayrağa olan sevgisi Ehtiramda uşaq yaşlarından başlayıb. 2012-i ildə zəlzələ nəticəsində sökülən məktəbin dağıntıları arasından tapdığı bayrağı evə gətirərək anasına verib və saxlamasını istəyib. 

Ehtiram Əhmədov şəhadətindən bir neçə ay sonra bacısının yuxusuna girərək 7 medal alacağının müjdəsini verib. Sonradan onun doğrudan da yeddi medalla təltif olunduğu məlum olub.

Ehtiram Əhmədov şəhadətindən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", Cəbrayıl, Füzuli, Xocavənd və Şuşanın azad olunmasına görə medalları, həmçinin "Rəşadət ordeni" ilə təltif olunub. Şəhid Ehtiram Əhmədovun noyabrın 11-i şəhadətə yüksəlməsinin bir ili tamam olmasına görə kəndin mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı olub.