01 dekabr 2021 10:02
883

İyirmi səkkiz ilin qara günlərinin üzərinə doğan Zəfər Günəşi

Laçın, sən azadsan! Laçın, biz qayıtdıq!

Qarabağ silsiləsinin yamyaşıl, atlas geyimli yamacları, meşə və ormanları ilə Zəngəzur dağları ahəngində özünə yurd salan  qartallar oylağı, igidlər məskəni  füsunkar Laçın… Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağları, zəngin meşələri, buz kimi bulaqları, geniş yaylaları, nəğməli qayaları ilə könül oxşayan cənnət guşəsinin təbiəti ilin bütün fəsillərində insanı valeh edir.

1 dekabr: Qələbə dastanına “Laçın Zəfəri”nin yazıldığı möhtəşəm gün

Azərbaycan 44 gün ərzində  4 rayonumuzu – Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi və düşməni darmadağın etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirildi. Dekabrın 1-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasəti nəticəsində Laçın bir şəhid vermədən işğaldan azad edildi. Laçın rayonunun işğaldan təmizlənməsi ilə Azərbaycan özünün ərazi bütövlüyünü də təmin etdi.  

 Qeyd edək ki, 26 noyabr 2020-ci ildə “Laçının azadlığına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu.

1992-ci ilin qara “18" rəqəmi

1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu – bir şəhər, bir qəsəbə, 125 kəndi işğal edib, bu yerlərin 60 min nəfərə yaxın sakinini öz doğma torpağından didərgin saldılar. Müharibə zamanı 267 nəfər laçınlı şəhid oldu, 66 nəfər girov götürüldü, 120 nəfər sağlamlığını itirdi, yüzlərlə uşaq yetim qaldı. İşğal nəticəsində rayonda olan 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 1 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edildi, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qaldı. 72 min hektarlıq yaylaq sahəsi olan Laçın rayonunda ictimai və şəxsi təsərrüfatlardakı 25 min baş iri və 200 min başdan artıq davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı işğal zonasında qalaraq qarət edildi. Laçın rayonunda mövcud olan tarixi, mədəni və dini abidələrin bir çoxu dağıdıldı, bir çoxu isə erməniləşdirildi. Rayonun təbiəti və təbii sərvətləri işğalçılar tərəfindən talan edildi  Meşələr doğrandı, xüsusi mühafizə edilən ağaclar kəsildi, təbii ehtiyatları talanaraq Ermənistana daşındı. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəydi. İşğaldan sonra 58736 nəfər laçınlı Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşdı.

İşğaldan öncəki məğrur diyarın əsrarəngiz gözəlliyi

Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Bu rayon Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur. Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü "məğrurluq" mənasındadır.1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir.

Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradır ki, bu çay da Araz çayına qovuşur. Ərazisində Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar, zəngin meşələr, yaylaqlar var. 1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü vardır. Laçın Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri var idi. Yasaqlığın ərazisindəki Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) mövcud idi. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılıb.Laçın rayonu üzrə 33 min 285 hektar meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26 min 647 hektardır. Laçın rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, kurqan, qala tipli abidələr, məbədlər, çoxlu sayda qəbirüstü abidələr, at, qoç fiqurları, süjetli daşlar, gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, birtağlı və ikitağlı körpülərlə zəngindir. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır.Əlbəttə ki, Laçının zənginliklərini saymaqla qurtarmaq olmaz. Bütün bunlar onu göstərir ki, altı da, üstü də sərvət olan Laçını itirməklə Azərbaycan zəngin xəzinələr diyarını itirmişdi. Bu gün o xəzinə Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti ilə yenidən və əbədi olaraq xalqımıza qaytarıldı.

Azadlıqdan abadlığa

Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş Laçın rayonuna cari ilin 14 fevral və 16 avqust tarixlərində səfər etmələri, eyni zamanda, dövlət başçısının Güləbird kəndində Azərbaycan bayrağını qaldırması Azərbaycanın Zəfər tarixinin ən önəmli günlərindəndir. Tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Görülən işlər və büdcədən ayrılan vəsait göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var. Bu gün Laçın istiqamətində dövlət sərhədləri daha da möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır.Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Yol infrastrukturunun bərpası istiqamətində də mühüm işlər görülür. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası regionun beynəlxalq statusunu yüksəldəcək. Laçın rayonunda beynəlxalq hava limanının tikintisi davam etdirilir. Burada hava limanının olmasının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır.

 Qeyd etmək lazımdır ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm  amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, hava limanının tikilməsi ümumilikdə  bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına  səbəb olacaqdır. Mürəkkəb dağlıq relyefə malik olan Laçın rayonunda belə bir strateji nəqliyyat infrastrukturunun yaradılması gələcəkdə bu istiqamətdə daşımaların daha effektiv olmasına xidmət edəcəkdir. Ekspertlərin fikrincə, bu aeroport turizm imkanlarından istifadəyə və logistik mərkəzlərin yaradılmasına hesablanıb. Laçın aeroportu Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.  Laçın ərazisində aeroportun tikilməsi Laçın-Kəlbəcər avtomobil yolları şəbəkəsinin də müasirləşməsinə şərait yaradacaq. Laçında inşa edilən Beynəlxalq Hava Limanı, Kəlbəcərdə reallaşan vacib infrastruktur layihələri proseslərin geridönməziliyini göstərən meyarlardır.

Vətən qələbə, Qarabağ zəfər, Laçın vüsal rəngində

Uzun illər idi ki, Vətən həsrəti ilə yaşayan laçınlıların qəlblərində, duyğularında, gözlərində bir an olsun belə Laçın dərdi, Laçın həsrəti soyumadı. Bu gün artıq  həm laçınlılar,  həm bütün xalqımız torpaqlarımızın xilaskarı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və  rəşadətli Azərbaycan Ordusu ilə fəxr edir və hədsiz qürur duyurlar. Çünki 28 il sonra işğaldan azad edilən bütün ərazilər, o cümlədən Laçın öz tarixinin ən parlaq və qürurverici günlərinə şahidlik edir. İndi hər bir laçınlı tez bir zamanda Laçını görməyə, Laçının havasını udub, buz bulaqlarından su içməyə, o yerləri qarış-qarış gəzməyə can atır. İşğaldan azad edilən bütün rayon, şəhər, qəsəbə və kəndlərimiz kimi Laçın rayonu da böyük sevinc və fərəh hissi ilə Vətənə qayıdan zəhmətsevər laçınlıları qoynuna alaraq, daha da çiçəklənəcək, onların tükənməz Vətən sevgisi və fəal iştirakı ilə yenidən qurularaq dirçələcək. Zəngin təbii ehtiyatlarından tam və səmərəli istifadə edilərək, tez bir zamanda Vətənimizin cənnət guşələrindən birinə çevriləcək.

Böyük fəxr və sevinc hissi ilə deyə bilərik ki,  Laçınımız, sən bizimsən, sən günü-gündən daha da gözəlləşəcəksən, başdan-başa gülüstana dönəcəksən! Gözün aydın, Laçınım!

Yaqut Ağaşahqızı, “İki sahil”