01 dekabr 2021 23:16
1102

Zeytun – min bir dərdin dərmanı

Zeytun zeytunçiçəklilər fəsiləsindən olub, həmişəyaşıl ağac bitkisidir. Vətəni Cənubi Avropa, Cənubi Asiya və Avstraliyanın isti və tropik zonaları sayılır. Sonradan Yunanıstan, İspaniya, İtaliya və digər subtropik ölkələrdə yayılmağa başlayıb. Zeytun ağacı eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilib, meyvəsi və yağından bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Qədim yunan filosofu Homer zeytun yağını maye qızıl, tibb elminin banisi Hippokrat isə böyük terapevtik vasitə və təbii aptek adlandırıb, zeytun yağından istifadə etməklə bir sıra xəstəliklərin müalicəsi metodunu işləyib hazırlayıb.

Zeytun bitkisi ən çox hansı ölkələrdə becərilir?

Dünyada zeytun ağacının 60-a yaxın növü mövcuddur. Ağac uzunömürlüdür. Yarpaqları 2 ildən bir dəyişir. Monteneqroda və Yerusəlimdə yaşı 2000 ilə çatmış zeytun ağaclarına rast gəlinir. Hündürlüyü 4-15 metrə, çox nadir hallarda isə 20 metrə çatır. Becərilən ərazinin iqlimindən asılı olaraq aprel-iyun aylarında çiçək açır. Çiçəkləmə dövründən 4-5 ay keçdikdən sonra bar verir. Meyvələri çəyirdəkli, oval formasındadır. Uzunluğu 0,7-4 sm, diametri isə 1-2 sm olur. Meyvələr əvvəlcə tünd yaşıl, yetişdikcə qara rəng alır və yumşalır. İşığı və günəşi çox sevir, quraqlığa, xəstəliklərə və zərərvericilərə qarşı dözümlüdür. Lakin rütubət çox olan və küləksiz yerlərdə asanlıqla göbələk xəstəliyinə tutula bilirlər. Əkildikdən 7-8 il sonra məhsul almaq olur. Odunundan mebel sənayesində (oyma işlərində) istifadə olunur. Kökləri 80 sm dərinliyə qədər getdiyinə görə sürüşməyə meyilli zonalarda əkilməsi daha məqsədəuyğundur. Bir ağacın illik məhsuldarlığı 25-40 kq təşkil edir. Ən çox İspaniya, Yunanıstan, İtaliya, Türkiyə, Suriya, Tunisdə becərilir.

Zeytun bitkisi Azərbaycana ilk dəfə haradan gətirilib?

Zeytun bağları salınmış ərazilərin sahəsi İtaliyada 2 milyon, İspaniyada 1,5 milyon, Yunanıstan və Türkiyədə isə 1 milyon hektar təşkil edir. İraq, İran, Pakistan, Hindistan, Ukrayna (Krım), Rusiyanın Qara dəniz sahilləri, Gürcüstan, Türkmənistan və Azərbaycanda da geniş şəkildə becərilir. İlk dəfə Amerika qitəsinə (Peru və Meksika) 1560-cı ildə, Azərbaycana isə 1900-cü ildə İspaniyadan gətirilib.

Qədim yunanlar zeytun ağacını “həyat və sağlamlıq ağacı” adlandırıblar və zeytun budağını ilk Olimpiya Oyunlarının rəmzi seçiblər. Ümumdünya Sülh Tərəfdaşlığı Konqresinin emblemində sülh və əmin-amanlıq rəmzi sayılan göyərçin və qələbənin, müdrikliyin, müqəddəsliyin, sağlamlığın canlı simvolu sayılan zeytun ağacı əks olunub.

Zeytun ağacının yarpaqları mikrob əleyhinə vasitə kimi irinli yaraların sağalmasında çox faydalıdır. Hələ qədim dövrlərdə ölmüş kralların cəsədlərinin mumiyalanması zamanı zeytun ağacının yarpaqlarından istifadə edilib. Zeytunun meyvələri tərkibindəki yağın miqdarına görə sənaye əhəmiyyətlidir. Yüksək keyfiyyətli yağın rəngi açıq sarıdan qızılı sarıya, aşağı keyfiyyətli yağın rəngi isə yaşıl rəngə çalır. Müqəddəs kitabımız “Qurani-Kərim”də üzüm, əncir, xurma, nar kimi faydalı meyvələr sırasında zeytunun da adı çəkilib və “mübarək ağac” adlandırılıb: “Zeytun çox xeyirlidir. Ağızı xoş ətirli edir, bəlğəmi azaldır, nuraniyyət verir, əsəb sistemini möhkəmləndirir, xəstəlikləri aradan qaldırır və qəzəbi sakitləşdirir.”

Zeytunçuluğun inkişaf perspektivləri: Şərait və imkanlar

Torpaqları eroziyadan qorumaq, küləklərin qarşısını almaq, yaşıllıqların artırılması və biomüxtəlifliyin təmin edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikamızın bölgələrində zeytun meşələrinin salınması işini davam etdirir.

Hazırda zeytunçuluğun inkişafı üçün Azərbaycanda hər cür şərait və imkanlar mövcuddur. Azərbaycan hökumətinin yürütdüyü uğurlu siyasət nəticəsində bu sahə iqtisadiyyatımıza əlavə gəlir gətirən mənbələrdən birinə çevrilib və  yeni nailiyyətlər əldə olunmaqdadır.

Cavid Əkbərov, “İki sahil”