01 dekabr 2021 21:58
1265

Qarabağ və Şərqi Zəngəzur investorlar üçün cəlbedici məkana çevriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gördüyü bərpa və quruculuq işlərinin təqdimatı oldu

İqtisadi Əməkdaşlıq Təşkilatı «Birlikdə gələcəyə» deyib,  XV Zirvə Toplantısını keçirdi. Toplantıdakı çıxışlara, eyni zamanda, tədbir çərçivəsində Azərbaycan Prezidentinin keçirdiyi ikitərəfli görüşlərə və imzalanan sənədlərə nəzər saldıqda görürük ki, əsas diqqət Azərbaycanda olub. Bu da səbəbsiz deyil.  Artıq dövlət başçısı İlham Əliyev tədbirlərə qalib ölkənin qalib Prezidenti, eyni zamanda, Zəfərimizin yaratdığı reallıqlar fonunda diktə edən tərəf kimi qatıldı. Digər tərəfdən isə Vətən müharibəsini yaşayan və tarixi Zəfərindən dərhal sonra bərpa və quruculuq işlərinə start verən, həmçinin koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirməklə yanaşı, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım  göstərən ölkə dayanıqlı inkişafı ilə diqqətdədir. Cənab İlham Əliyevin topantıda açıqladığı rəqəmlərə diqqət yetirmək kifayətdir. Dünyanı heyrətləndirən, Azərbaycanın dayanıqlı inkişafına gətirib çıxaran addımlara diqqət yetirək.

Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra  yaranan yeni reallıqlar fonunda   sülhün, təhlükəsizliyin təmin edilməsinin investorlar üçün də mühüm amil olacağını önə çəkərək  bu əminliyi  ifadə edir ki, yaşadığımız  quruculuq, işğaldan azad edilmiş ərazilərimizin bərpası dövründə müəyyənləşdirilən Milli Prioritetlərin uğurlu icrası nəticəsində  dayanıqlı inkişafa töhfələr veriləcək.  2003-cü ildən bu günə ölkəmizdə  enerji  sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar,  iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də   təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 18 ildə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bu gününə və gələcəyinə inamı nümayiş etdirir.  Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə əsas prioritet kimi öndədir. Təhlillər əsasında bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan  addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində də əsas amillərdən biri infrastrukturun beynəlxalq standartlara uyğun yenilənməsidir. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Cənab İlham Əliyev bildirir : “Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.” Qeyd etdiyimiz kimi, beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurumuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.

Ölkə Prezidenti  uğurlarımızda bir məqamı xüsusi qeyd edir ki,  1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq.  Gələcəkdə daha da böyük işlər görüləcək. Artıq müstəqilliyinin yenidən bərpasının 30 ilini arxada qoyan Azərbaycan neft amilinin ölkə iqtisadiyyatının inkişafında önəmini bildirərək  gerçəkləşdirdiyi  enerji layihələri ilə regionda inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib.  Artıq son 18 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Davamlı inkişafın əsası olan Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.

Uğurlarımız qarşıya qoyulan hədəflər  və onların icrası üçün düzgün mexanizmin müəyyənləşdirilməsi ilə  mümkün olmuşdur. “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı” söyləyən dövlət başçısı bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafının bütün dövrlər üçün aktual olduğunu bildirir. Ölkəmizdə keçirilən biznes forumlar, həmçinin ölkə Prezidentinin bu və ya digər xarici ölkəyə səfəri zamanı iş adamları ilə görüşləri iqtisadi imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.

Özünüməşğulluğun təminatı, ən əsası sosial müdafiənin gücləndirilməsi əsasdır. Ailə təsərrüfatlarının inkişafına dəstəyin daha da gücləndirilməsi, hər bir ailənin öz məhsulu ilə tanınması üçün şəraitin yaradılması sağlam rəqabətə yol açır.

Artıq Azərbaycan həyatının yeni mərhələsini yaşayır. İşğaldan azad edilmiş torpaqlarımızda  bərpa və quruculuq işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında iqtisadi rayonların yeni bölgüsü aparıldı. Həmin bölgüyə əsasən 14 iqtisadi rayon yaradılıb.   İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar məlumdur. Həm ənənəvi kənd təsərrüfatı sahələrinin, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar mövcuddur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar,  məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafına nail olmaqdır.  Füzuli, Cəbrayıl və Zəngilan  rayonları  işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayonlar idi. Eyni zamanda, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. Bu torpaqların məhsuldarlığının bərpa edilməsi əsasında  ölkəmizin  ərzaq təhlükəsizliyinin təminatına böyük  töhfə verəcək. Onu da qeyd edək ki,  Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür. Su ehtiyatlarımızın təxminən yarıya qədəri həmin ərazidədir. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenilənməsi,  kənd təsərrüfatı və  sənaye müəssisələrinin bərpası  yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bir sözlə, tarixi sahiblərinə qayıdan torpaqlarımızda canlanma yaşanır. Zəfərimizdən sonra həmin torpaqlarda ilk olaraq infrastrukturun bərpasına xüsusi diqqət göstərilməsi də səbəbsiz deyil. Yol-nəqliyyat infrastrukturunun    yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi üçün tapşırıqların verilməsi və sair kimi biri-birindən mühüm addımlar  qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmaqla  Qarabağın yaxın zamanlarda cənnət məkana çevrilməsinə,  xarici investorlar üçün cəlbediciliyinin artmasına geniş imkanlar açacaq. Dövlət başçısı İlham Əliyev Zirvə Toplantısındakı nitqində də qeyd etmişdir ki,  azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji  zonası elan etmişəm. Azad olunmuş  ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və  2000 meqavat külək enerjisi təşkil edir. Həmin toplantıda bu rəqəm də açıqlanmışdır ki, görülmüş bərpa və quruculuq  işlərinin artıq ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq.

Son bir ildə müzakirə olunan məsələlər sırasında zəngin iqtisadi potensiala malik olan işğaldan azad edilmiş torpaqlarımızın  Azərbaycanın dayanıqlı inkişafına hansı töhfələri verəcəyidir.   «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər», həmçinin  iqtisadi rayonların bölgüsünün yenidən həyata keçirilməsi  həmin bölgələrin malik olduğu  iqtisadi imkanlardan səmərəli istifadəyə geniş imkanlar açır. Milli Prioritetlərdə hədəflər və icra mexanizmləri öz əksini tapıb. Əsas hədəflərdən biri bərpa və quruculuq işlərinin müasir tələblərə cavab verməsi və Böyük Qayıdışın sürətləndirilməsidir.

Əvvəldə də qeyd etdiyimiz kimi, son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb.  Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır.

Hədəflərimiz iqtisadi rayonların yeni bölgüsü əsasında onların malik olduğu potensialdan səmərəli istifadəyə əsaslanır. 2030-cu ilə qədərki dövrü əhatə edən Milli Prioritetlərdən öncə «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası icra edilir. Bu konsepsiyanın hədəfləri isə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək, 3 dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Hər bir sahədə təkmil təcrübəsi ilə nümunə olan ölkəmizin inkişaf etmiş ölkələr sırasında addımlaması reallıqdır. Artıq ölkəmiz daha yeni hədəflərə yeni iqtisadi və sosial inkişaf modeli ilə qədəm qoyub. Noyabrın 30-da Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı  Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın ötən birillik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  növbəti iclası son bir ildə işğaldan azad edilmiş ərazilərimizdə görülən bərpa və quruculuq işlərinin yekunu olmaqla yanaşı,  perspektivlərin təqdimatı oldu.

Yeganə Əliyeva, «İki sahil»