“Ermənistan Kəlbəcəri təhvil verən zaman Xudavəng monastırından bir sıra dini-tarixi artefaktlar, o cümlədən 13-cü əsrə aid 2 freska, ikonalar qeyri-qanuni çıxarılaraq aparılıb”.
“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bildirib.
A.Kərimov deyib ki, bu, beynəlxalq hüquq normalarına və konvensiyalara ziddir, xüsusən 1970-ci il UNESCO Konvensiyasının kobud şəkildə pozulmasıdır: “Ona görə də bununla bağlı hələ keçən il ermənilər Kəlbəcəri boşaldandan dərhal sonra UNESCO-ya məktub yazdıq. Faktlarla orada göstərdik ki, divarlardan freskalar çıxarılıb, ikonalar götürülərək aparılıb. Maraqlı odur ki, ermənilər də bunu heç gizlətmirdilər. Bu da beynəlxalq hüquqa hörmətsizliyin bir göstəricisidir. Biz bunu UNESCO-ya ünvanladığımız məktubda əks etdirdik. Amma təəssüflər olsun ki, UNESCO-dan belə məsələlərə bir reaksiya yoxdur. Biz texniki missiya ilə bağlı cavab almamışıq, artıq 1 ildir ki, danışıqlar gedir. Biz istəyirik ki, bu missiya baş tutsun, amma reaksiya yoxdur. O cümlədən Xudavəng monastrı ilə bağlı məktuba da cavab yoxdur. Bunun da bir sıra səbəbləri var. Bura UNESCO-nun ikili standartları, erməni lobbisinin təsiri altına düşməsi və digər səbəblər daxildir. Amma nəticə etibarilə müraciətlərimizə real bir reaksiya verilməyib”.