07 dekabr 2021 17:59
994

SOCAR-ın prezidenti “Total Energies” şirkətinin nümayəndə heyəti ilə görüşüb

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total Energies” şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti Arno Broyyakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, SOCAR rəhbərliyi ilə mütəmadi işgüzar görüşlərin keçirilməsini “Total Energies” şirkəti tərəfindən “Abşeron” layihəsinə, Azərbaycan və SOCAR-la əməkdaşlığa verilən böyük önəmin göstəricisi kimi səciyyələndirən Arno Broyyak bildirmişdir ki, “Abşeron” yatağı son dövrdə “Total Energies” şirkətinin işləməyə cəlb olunduğu ən böyük yataqlardan biridir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Abşeron” yatağının Azərbaycan üçün də son illərdə kəşf edilmiş ən böyük qaz yatağı sayıla biləcəyini söyləmiş, Xəzər dənizində ən dərin quyunun məhz bu layihə çərçivəsində qazıldığını vurğulamışdır. SOCAR prezidenti Heydər Əliyev adına yeni nəsil qazma qurğusunun əsas etibarilə “Abşeron” yatağındakı qazma işlərinə cəlb olunduğunu qeyd etmiş, bu müasir qurğunun Xəzər dənizində fəaliyyət göstərən digər şirkətlər üçün də böyük əhəmiyyət daşıdığını nəzərə çatdırmışdır. Görüşdə qarşıdakı dövrdə layihənin daha səmərəli idarə olunmasının müxtəlif aspektləri, yeni texnoloji həllər, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Qeyd edək ki, “Abşeron” yatağının işlənməsi layihəsi Abşeron Petroleum Birgə Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Əməliyyatçı şirkətin səhmləri SOCAR Absheron (50%) və TOTAL E&P Absheron (50 %) şirkətləri arasında bərabər bölünüb. “Abşeron” bloku Bakıdan 100 km-lik məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. 2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini uğurla başa çatdırıb. Qazma işlərinə 2018-ci ilin may ayında başlanılıb və işlər Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilib.