08 dekabr 2021 23:56
887

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanı rəzil etdi

İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsi ilə təcavüzkar Ermənistanın 30 illik işğalına son qoyuldu. Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi bitdi. Azərbaycan dövləti qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi Qələbə regionda yeni reallıqlar yaratdı, ölkəmizin beynəlxalq aləmdə mövqeləri daha da möhkəmləndi.

Müzəffər Ali Baş Komandan, qətiyyətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi Zəfəri ilə torpaqlarımızı azad etməklə yanaşı, həm də barbar ermənilərin əsl simasını ortaya qoydu. Bütün dünya işğaldan azad edilmiş ərazilərdə ağlasığmaz erməni vandalizminin şahidi oldu. Beynəlxalq ictimaiyyət ilk dəfə yox edilmiş şəhər və kəndlərə, dağıdılmış qəbiristanlıqlara, təhqir edilmiş məscidlərə şahidlik etdi. Belə ki, müasir hərbi silahlarla bərabər, həm də təpədən dırnağa qədər nasizm, faşist ideologiyası ilə silahlanan Ermənistan ordusu 30 ilə yaxın müddətdə işğal altında saxladığı əraziləri talayıb, dağıdıb və məhv edib. Prezident İlham Əliyev Qarabağa növbəti səfərlərinin birində düşməndən təmizlənmiş ərazilərdəki müşahidələrini belə ifadə etmişdi: “Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın”.

Təbii ki, təcavüzkar Ermənistanın bu cinayətkar əməlləri cavabsız qalmayacaq. Bu mənada BMT Baş Assambleyasının “İrqçiliyin, irq ayrıseçkiliyinin, ksenofobiya və əlaqəli dözümsüzlüyün müasir formalarının genişlənməsinə səbəb olan nasizm, neonasizm və digər hallarla mübarizə” üzrə qətnaməsi insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, milli zəmində nifrətin təbliği, genosid kimi sülh və bəşəriyyət əleyhinə cinayətlərinin törədilməsini öz dövlət siyasəti kimi qəbul edən Ermənistana qarşı qətiyyətli addımların atılması birmənalı təmin edilməlidir. Artıq insanlığın üz qarası olan ermənilərin bu vəhşiliyə görə beynəlxalq məhkəmələr qarşısında cavab verəcəkləri gün gəlib çatdı.  2021-ci il dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın iddiası üzrə Ermənistanla bağlı çıxardığı yekun qərar da bunun bariz nümunəsidir. Qeyd edək ki, bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib. Belə ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın vəsatətini təmin edərək Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görməsinə dair qərar qəbul edib. Qərara görə, Ermənistan BMT-nin “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyası çərçivəsində götürdüyü öhdəliklərə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər tərəfindən də daxil olmaqla azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrıseçkiliyə təhrik və təşviqin qarşısını almalıdır. Artıq beynəlxalq məhkəmədə Ermənistana qarşı konkret tələblər qoyulur.  İnkaredilməz həqiqətdir ki, Azərbaycana qarşı bu cür hallara yol verənlər arasında Ermənistanın indiki hərbi-siyasi rəhbərliyində təmsil olunan şəxslər də iştirak edib.

Əmin olmaq istərdik ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarının Ermənistan tərəfindən dərhal yerinə yetirilməsi üçün beynəlxalq hüquq çərçivəsində təsirli tədbirlər görüləcək. Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov məsələ ilə bağlı bildirib ki, Məhkəmə qərarı olduğuna görə, bir qayda olaraq əvvəlki illərin presidentlərinə görə dövlətlər üzərində qərarın yerinə yetirilməsi üzrə ciddi təzyiqlər olur: “Ədalət Məhkəməsi üçün qərarının icra olunması prinsipial məsələdir. Yeni mexanizm yaradılıb. Qərarlarla bağlı 3 hakimdən ibarət komitə formalaşdırılıb. Qərarlar icra olunmadığı təqdirdə məhkəmə sədrinə məlumat verilir. Ermənistana açıq şəkildə çağırış etdik ki, qərarlara riayət etsin və qarşıdurmaların qarşısını alsın. Ermənistanda Türkfobiya, Azərbaycanfobiya aparılır. Bu məsələ gələcək nəsillər üçün önəmli məsələdir. Hesab edirik ki, konvensiya çərçivəsində əldə edilən ən böyük uğurlardan biri budur”.

Yeri gəlmişkən, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmadı. Erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının tezliklə bağlanmasına dair Ermənistanın qaldırdığı vəsatətlər isə Məhkəmə tərəfindən rədd edilib. Beləliklə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin, dünya erməniliyinin qırx dörd günlük müharibədən sonra apardıqları çirkin təbliğat kampaniyası fiaskoya uğradı, “Azərbaycanın müharibə cinayətləri” ilə bağlı məkrli planları tamamilə darmadağın olundu. Ermənistanın qaldırdığı vəsatətləri rədd etməklə Beynəlxalq Məhkəmə açıq-aşkar təsdiq etdi ki, Azərbaycan müharibə cinayəti törətməyib. Əksinə, müharibə cinayətlərini Ermənistan törədib.

Aqillərimiz yaxşı deyib: “Haqq əli bekar qalmaz; gec kəsər, karlı kəsər”.  Bu gün Azərbaycanın haqlı mövqeyi mötəbər kürsülərdən tez-tez vurğulanır, təcavüzkar Ermənistanın insanlığa qarşı qanlı cinayətləri artıq bütün dünya tərəfindən tanınır. Bu belə də olmalı idi. Çünki Azərbaycanın işi haqq işidir. Xaqlımız öz Liderinin rəhbərliyi ilə apardığı haqq mübarizəsindən heç vaxt dönməyəcək.

Zahid Rza, “İki sahil”