16 dekabr 2021 15:32
1728

Konservatoriya-100

Xatirələr...

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi ilə əlaqədar yazılan məqalə əlamətdar tarix ilə bağlıdır və bu istiqamətdə yazılan silsilə məqalələrdən biri kimi təqdim olunur. Uzun və şərəfli tarixə malik müqəddəs musiqi ocağına müxtəlif illərdə görkəmli musiqiçilər rəhbərlik etmişdirlər. Biz bu məqalədə diqqətimizi görkəmli bəstəkarımız Soltan Hacıbəyovun rəhbərlik etdiyi dövrə yönəltmişik və həmin dövrün zəngin musiqi mənzərəsini yaratmağa çalışmışıq. Soltan Hacıbəyovun rəhbərliyi dönəmində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (hazırkı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) yarım əsrlik yubileyini qeyd edirdi. Hal-hazırda isə Üzeyir bəyin adı ilə bağlı olan musiqi ocağımız bir əsrlik yubileyini qarşılayır. Odur ki, təqdim etdiyimiz məqalədə böyük ruh yüksəkliyi ilə Konservatoriyanın keçdiyi diqqətəlayiq tarixi canlandırmağa çalışırıq.

Qədim köklərə malik Azərbaycan musiqi mədəniyyəti zəngin və uzun bir tarixi yol keçmişdir. Azərbaycan musiqisinin inkişafında xalqımızın istedadlı sənətkarlarının böyük rolu olmuşdur.

Dahi Üzeyir Hacıbəylinin uzaqgörənliyi, əməyi və zəhməti nəticəsində Azərbaycanda böyük bəstəkarlıq məktəbi yaranmışdır. Onun misilsiz musiqi ənənələrini sonrakı sənətkarlar mənimsəyib, şərəflə davam etdirmişlər. Hal-hazırda da bu ənənələrə böyük ehtiram hissi ilə yanaşan müasir bəstəkar nəsli yetişməkdədir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında məhz Ü.Hacıbəylinin böyük rolu olmuşdur, çünki onun təşəbbüsü və məsləhəti ilə neçə-neçə istedadlı

gənclər musiqi sənətinə yönəlmiş və gələcəkdə tanınmış musiqi xadimlərinə çevrilmişlər.

1921-ci ildə müsəlman Şərqində ilk dəfə Ü.Hacıbəyli tərəfindən yaranan Azərbaycan Dövlət Konservatoriyası musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynamışdır. Məhz Üzeyir bəyin adı ilə bağlı olan müqəddəs ocaq professional musiqi təhsili üçün zəmin yaratdı, bütün musiqi ixtisasları üzrə yeni milli kadrların davamlı şəkildə inkişafını təmin etdi. Bu gün Azərbaycan musiqisi müasir dünya musiqi mədəniyyətinin ən qabaqcıl nailiyyət sahibi kimi çıxış edir və biz buna görə keçən əsrin görkəmli nümayəndələrinə borcluyuq. Bir sıra görkəmli Azərbaycan bəstəkarlarının əsərləri həm respublikamızda, həm də onun hüdudlarından kənarda səslənir, bu musiqi sevilir, dinlənilir....

Yarandığı ilk gündən Azərbaycan Dövlət Konservatoriyası, hal hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tədris prosesində Şərq musiqisinin çoxəsrlik ənənələrini Qərbi Avropa musiqi təhsilinin ən qabaqcıl təcrübəsi ilə birləşdirərək orijinal, vahid məcrada toplamağa müvəffəq olub və uzun müddət çox saylı nailiyyətlərlə zəngin bir inkişaf yolu keçib.

Bakı Musiqi Akademiyası üçün bu il çox əlamətdardır, çünki, Üzeyir bəyin adı ilə bağlı olan müqəddəs ocağın artıq 100 yaşı tamam olur və o bir əsrlik yubileyini qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 100 illik yubileyin keçirilməsi ilə əlaqədar bir sıra tədbir planlarının hazırlanıb həyata keçirilməsi barədə sərancam imzalayıb.

Azərbaycan Dövlət Konservatoriyası milli musiqi mədəniyyətinin tarixinə qızıl səhifə kimi daxil olmuşdur. Uzun və şərəfli tarixə malik olan müqəddəs ocağın çox görkəmli və tanınmış yetirmələri olub. Məhz onlar musiqi sənətimizi ölkəmizin hüdudlarından xeyli uzaqda uğurla təmsil etmişdirlər və Azərbaycan musiqi mədəniyyətinin zənginliyini dünyaya tanıtmışdırlar. Ü.Hacıbəyli adına Bakı Musiqi Akadamiyasının rektoru SSRİ Xalq artisti, professor F.Ş.Bədəlbəyli müsahibələrinin birində S.Hacıbəyovun “Karvan” simfonik lövhəsi haqqında söz açaraq əsərin xaricdə London Kral Filarmoniya Orkestri tərəfindən ifasının nə qədər möhtəşəm olduğunu vurğulayır. Fərhad müəllim xüsusi ilə qeyd edir ki, “bu

orkestr dahi bəstəkarların əsərlərini ifa edir, onların repertuarlarında L.Bethovenin, İ.Bramsın əsərləri xüsusi yer tutur. Düzdü, Şərq ölkəsindən olan bəstəkarın əsərinə onlar öncə bir başqa münasibət göstərirlər, amma əsərin ilk notlarını artıq səsləndirərkən, orkestrləşmənin möhtəmşəmliyini sanki başa düşürlər, onlar nəyi ifa etdiklərini anlayırlar” (“Mədəniyyət” kanalı, “Orkestrin konserti” -S.Hacıbəyov. F.Bədəlbəylinin xatirələri). Bu sözlər böyük məna kəsb edir.

Azərbaycan musiqi mədəniyyətini öz yaratdıqları əsərləri ilə zənginləşdirən musiqiçilərin hamısı, demək olar ki, Üzeyir bəyin müqəddəs ocağının nümayəndələridir. Biz burada, yalnız bir nümunəni xatırladıq, lakin onlar qat-qat çoxdur....

Yarandığı ilk gündən konservatoriyada altı şöbə fəaliyyət göstərir, yəni fortepiano, vokal, orkestr, nəzəriyyə, bəstəkarlıq və şərq şöbələri. İrəliləyən onilliklərdə isə burada “İxtisas fortepiano”, “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi”, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Vokal”, “Bəstəkarlıq”, “Musiqi tarixi”, “Musiqi nəzəriyyəsi”, “Xor dirijorluğu”, “Xalq çalğı alətləri” “Kamera ansamblı” kafedraları fəaliyyət göstərir. O zamanlar Azərbaycan Dövlət Konservatoriyasına bir sıra yerli və əcnəbi müəllimlər dəvət olunur. 1920-1930- cu illərdə konservatoriyada tədris prosesini əsasən Moskva, Peterburq, Saratov şəhərlərindən gəlmiş musiqiçilər aparır və onların üzərinə böyük məsuliyyət düşür. Burada dünya şöhrətli violonçel ifaçısı M.Rostropoviçin atası L.V.Rostropoviç, bəstəkar və nəzəriyyəçi L.Rudolf, pianoçu G.B.Şaroyev (qeyd etməliyik ki, hal hazırda Bakıda həm M.Rostropoviç, həm də G.B.Şaroyevin adına fəaliyyət göstərən musiqi məktəbləri var), qoboy ifaçısı V.Knyazkov, valtorna ifaçısı S.Berolski, vokal ifaçılığı ilə bağlı isə N.Speranski, M.Kolotova, V.Nikolskinin adlarını qeyd etmək olar. Daha sonralar isə bu pedaqoji tərkibə pianoçu M.R.Brenner, musiqişünaslıq və nəzəriyyə üzrə bir sıra mütəxəssislər yetişdirən N.S.Çumakov, bəstəkarlıq üzrə isə B.Zeydman daxil oldular.

Bir əsr ərzində Azərbaycan Dövlət Konservatoriyasının müxtəlif rektorları olub. Əlbəttəki, ali təhsil ocağının yeganə lideri Ü.Hacıbəyli idi və o, Azərbaycan musiqi mədəniyyətinin inkişaf yolunu istiqamətləndirmiş, böyük əzmlə milli

klassik ənənələri qərb Avropa musiqi ənənələri ilə birləşdirmişdir. Həmin dövrdə Ü.Hacıbəyli qürurlanaraq qeyd edirdi ki, “Heç kəs inkar edə bilməz ki, azərbaycanlılar ümumiyyətlə musiqini sevən xalqdır və düzgün istiqamətə ehtiyacı olan sağlam estetik dərrakəyə malikdir....”

1939-cu ildən Ü.Hacıbəyli rəsmi olaraq ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışır. 1930-cu illərin sonlarından başlayaraq daha istedadlı və perspektivli tələbələrin təhsillərini təkmilləşdirmək üçün onları P.İ.Çaykovski adına Moskva Konservatoriyasına göndərir. Q.Qarayev, C.Hacıyev XX əsrin görkəmli bəstəkarı D.Şostakoviçin sinfində təhsil alır və XX əsrin dahi simfonisti onların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Onlar D.Şostakoviçdən bəstəkarlığın bir sıra sirlərini mənimsəyir və hər zaman böyük müəllimlərinə dərin ehtiramla yanaşırlar. Eyni zamanda P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Tofiq Quliyev, Zakir Bağırov təhsil almış, nəfəs alətlərində ifa edən M.Zeynalov, M.Orucov, E.Paşayev SSRİ Böyük Teatrının solistləri olmuşlar. Eləcə də pianoçu və vokalçı R.Atakişiyev, violino ifaçısı Sərvər Qəniyev, musiqişünas İzabella Abezqauz Moskva Konservatoriyasında öz təhsillərini təkmilləşdirməkdən ötrü burada kurs keçmişdilər.

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası 1971-ci ildə əlli illik yubileyini qeyd edirdi. Bu münasibətlə Konservatoriyada müxtəlif tədbirlər keçirilirdi. Həmin dövrdə yəni bu ali təhsil müəssisəsinin rektoru vəzifəsində görkəmli bəstəkar, SSRİ Xalq artisti Soltan Hacıbəyov, prorektor vəzifəsində isə Bilqeyis Məmmədova çalışırdı. Onun rəhbərlik dönəmində Konservatoriya öz çiçəklənmə dövrünü yaşayırdı. Konservatoriyanın tarixinə nəzər yetirdikdə əlli il ərzində burada bir çox işlər görülmüşdür, neçə-neçə musiqiçi nəsli meydana gəlmişdir, hər ixtisas üzrə ali təhsil ocağı istedadlı gənclər üzə çıxarmışdır. Onlar artıq fəaliyyətləri ilə tanınırdılar, ifaçılar, nəzəriyyəçilər, musiqişünaslar, dirijorlar, bəstəkarlar öz sahələri üzrə əsl ustalıq nümayiş etdirirdilər.

S.Hacıbəyovun rektor vəzifəsində çalışdığı dönəmdə (1969-1974) Konservatoriyanın yarım əsrlik yubileyi münasibəti ilə kitab dərc olunur. Bu

kitabda 1921-ci ildən bəri olan bütün hadisələr, məlumatlar, inkişaf tarixi, mədəniyyət nümayəndələrinin adları, keçirilən dərslər, ixtisaslar, fakültələr və s. haqqında geniş məlumat verilir.

“Musiqi tarixi” kafedrasının müdiri, professor Ülviyyə İmanova qeyd edir ki, S.Hacıbəyov Konservatoriyaya rəhbərlik etdiyi dövrdə ona “Alətşünaslıq” və “Orkestrləşmə” fənnlərindən dərs deyibdir. Vurğulamaq lazımdır ki, bütün tələbələr S. Hacıbəyovun tədris etdiyi fənni sevərək mənimsəyiblər və həmişə müəllimlərini minnətdarlıq hissi ilə yad ediblər. Ülviyyə xanım əlavə edir: “Mən öz növbəmdə bu fənnləri çox sevirdim, çünki, bizə böyük Soltan Hacıbəyov onları sevdirmişdir. Mən həvəslə müxtəlif dövrlərin bəstəkarlarının əsərlərini orkestr üçün işləyirdim. Sözün əsl mənasında sözü gedən dərsi həm yaxşı qavrayırdım, həm də çox gözəl də bilirdim. Lakin bu fənn ilə bağlı bir məqam mənim heç yadımdan çıxmaz. Belə ki, özümə əmin şəkildə Q.Qarayevin prelüdiyasını simli kvintet üçün işləyib Soltan müəllimə təqdim edirəm. Prelüdiya üzərində çox çalışmışdım və sevərək onu kvintet üçün işləmişdim, amma nədənsə buradakı bir səsi mən birinci skripkaların partiyasında qeyd etmişdim. Bu səhv idi və Soltan müəllim onu görüb çox sakit, təmkinli bir tərzdə məndən I skripkaların ən aşağı səsinin hansı olduğunu soruşanda mən də özümə arxayın şəkildə notun adını çəkdim. O mənə heç vaxt adımı deyib müraciət etmirdi, mənə soyadımla müraciət edirdi və məndən soruşanda ki “Bəs Əsgərova niyə burada başqa səsi yazıbsız?! Onda mən xəcalətimdən bilmədim neynəyim... amma o, bütün əsəri yoxladı və gördü ki, mənim bir dənə də olsun səhvim yoxdur. Bu mənim III kursun əvvəlində oxuduğum vaxtda ilk işim idi, artıq IV kursda oxuyanda biz onunla çox səmimi, xoş münasibətdə idik. Ona dərin hörmət və ehtiramla yanaşırdıq. Hətta mən ona yaxınlaşıb D.Şostakoviçin bir prelüdiyasını seçmə alətlər üçün işləmək istədiyimi bildirdim. Soltan müəllim isə öz növbəsində razılığını verdi və mən notları göstərərək hansı alətin nəyi ifa edəcəyini söyləyərkən o mənə dedi ki, “Əsgərova, sizin çox yaxşı orkestri hiss etmə qabiliyyətiniz var...” O, mənə çox yaxşı münasibət göstərirdi, qayğı ilə yanaşırdı... Allah ona qəni-qəni rəhmət eləsin...”.

Ülviyyə xanımın xatirələrini dinlədikcə həmin dövrdə Konservatoriyada musiqi həyatının yüksək səviyyədə olduğunu müşahidə edirsən. Müxtəlif konsertlərin, müsabiqələrin keçirilməsi zamanı musiqişünaslar konsertlərdə ön söz ilə çıxış edirdilər və tədbirlərin əhəmiyyətini daha da dolğunlaşdırırdılar.

S.Hacıbəyovun bütün tələbələrə xüsusi həssaslıqla yanaşması, böyük qayğı göstərməsi, o dövrdə təhsil alan tələbələrin xatirələrindən silinməyən məqamdır. O dönəmdə konservatoriyada çalışan, oxuyan – bir sözlə hamı Soltan müəllimin nə qədər alicənab, təmkinli, ədalətli, işinə böyük məsuliyyətlə yanaşan, qayğıkeş bir insan olduğunu söyləyir. Tələbələr onun çox sadə, təvazökar insan olduğunu vurğulayırlar.

Görkəmli bəstəkarımız X.Mirzəzadə S.Hacıbəyovun rektor olduğu dövrdə “Bəstəkarlıq” kafedrasının müdiri vəzifəsində çalışırdı. Xəyyam müəllim S.Hacıbəyovun həm bəstəkar, həm pedaqoji, həm də ictimai fəaliyyətini yüksək səviyyədə icra etdiyini qeyd edirdi: “O, orkestri yaxşı bilirdi, yaxşı hiss edirdi, ona görə də onun əsərləri yaxşı səslənirdi. O, çox gözəl təşkilatçı idi. Konservatoriyanın təşkilatçılıq işlərində, düzdür, C.Hacıyevin, E.Abasovanın da rolu vardır, lakin, buradakı tikilən korpuslara diqqət yetirsək onlar Soltan müəllimin vaxtında işlənilmişdir” (“Mədəniyyət” kanalı, “Orkestrin konserti” – S.Hacıbəyov, X.Mirzəzadənin xatirələri).

Soltan müəllim rektor olduğu dövrdə tələbələrin ifaçılıq sənətinə böyük diqqət yetirirdi. Hər ay simfonik orkestr konsertlərlə çıxış edirdi və o, hər konsertdən öncə təkid edirdi ki, “Musiqi tarixi” kafedrasının müəllimləri burada ön söz ilə çıxış etsinlər. Konsertlərdə neçə-neçə musiqişünaslar maraqlı mülahizələri ilə çıxış edərək konsertlərin məzmununu zənginləşdirirdilər.

Əməkdar incəsənət xadimi Elnarə Dadaşova öz xatirələri ilə bizimlə bölüşərək qeyd edir ki, “konservatoriyaya qəbul imtahanı verəndə Soltan müəllim bütün imtahanlarda iştirak edirdi. Heç yadımdan çıxmaz ki, sənədlərimi “Bəstəkarlıq” ixtisası üzrə hazırlamışdım və əlimdə notlardan ibarət iri bir papka ilə atamla Konservatoriyanın qapısına yaxınlaşdım. O dövrdə biz SSRİ tərkibində idik... Qapıda duran qadın məni içəri almadı, hansısa sənədimin guya olmadığını bəyan etdi. Halbuki, bütün sənədlərim qaydasında idi... Və atam neçə dəqiqə bu qadın ilə danışdı, onu razı salmaq istədi.. fəqət vəziyyətin gerçəkliyini anlayanda qadının əlindən bərk tutdu və mənə dedi: “Qaç Elnarə, qaç”... Mən də tez-tez, qorxaraq yuxarı qalxdım və tələskənlikdən əlimdən bütün notlar yerə səpələndi. Kimsə mənə köməyə gəldi və notları toplamağa başladı və mən böyük Q.Qarayevi qarşımda görəndə nitqim qurudu. Çaşqınlıqdan nə deyəcəyimi belə bilmədim, sadəcə minnətdarlığımı bildirib tez Soltan müəllimin otağına yollandım. İmtahan orda keçirilirdi. O məni görəndə niyə imtahana gecikdiyimi soruşdu və qeyd etdi ki, Qara müəllimin işi var və Moskvaya uçur. Mən çox pis oldum, çünki, onun sinfində oxumaq üçün ərizə yazmışdım ... S.Hacıbəyov böyük insan, geniş ürəyə sahib idi. O, hər zaman tələbənin haqqını qoruyurdu, düzgünlüyün, obyektivliyin tərəfdarı idi, çünki, daim tələbələrin ətrafında idi, tələbələrin əksəriyyətinin bacarığına bələd idi”. Elnarə xanım və onun kimi tələbələrin əsərləri Bəstəkarlar İttifaqının Qurultayında müxtəlif ifaçılar tərəfindən səsləndirilirdi və bütün bu işlərin ərsəyə gəlməsində Soltan Hacıbəyovun böyük rolu var idi.

Konservatoriyanın böyük müəllimləri tələbələrinə xüsusi nəvaziş göstəriblər, həmin mühit onların bir şəxsiyyət kimi formalaşmasına böyük təkan veribdir. Bu nəhəng şəxsiyyətlər tələbələr üçün bir örnək olub. Məhz belə böyük şəxsiyyətlərin səyi nəticəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bu ənənələri yaşadan müəllimlərimiz çalışır və yeni nəsil formalaşdırır.

Minaxanım Babayeva, 

“Musiqi tarixi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru