Tofiq Cahangirov,
YAP İdarə Heyətinin üzvü
Ümummilli lider Heydər Əliyev 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına ünvanladığı tarixi müraciətində yazırdı: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu Öndərin sözügedən müraciətindən 18 il keçir və zaman, 2003-cü ildən bəri istər siyasi-diplomatik, istər iqtisadi, istərsə də hərbi sahədə qazanılan uğurlar onun nə qədər haqlı olduğunu göstərdi. Prezident İlham Əliyev hakimiyyətdə olduğu 18 il ərzində Azərbaycanı qüdrətli dövlətə çevirməyi bacardı. Xalqımızın 30 illik həsrətinə son qoyan Azərbaycan lideri xilaskar və qurucu liderdir. Çünki məhz onun yürütdüyü siyasət nəticəsində çoxlarının həllini qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi 44 günə həll olundu. Uzun illər əksər dünya dövlətlərinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.
Müzəffər Ali Baş Komandan Ümummili lider Heydər Əliyevin yarımçıq qalan arzularını gerçəkliyə çevirməyi bacardı. İkinci Qarabağ müharibəsində qazandığımız zəfər cənab İlham Əliyevin 18 illik müstəqil, qətiyyətli, prinsipial siyasətinin bariz nəticəsidir. Məhz onun həyata keçirdiyi praqmatik, uzaqgörən siyasət sayəsində Azərbaycan torpaqları 30 illik işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi, Azərbaycan qalib dövlətə çevrildi, Azərbaycan xalqı müzəffər xalq oldu. Qarabağ savaşında qazandığımız qələbə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırdı. Şanlı qələbəmiz cənab İlham Əliyevin yüksək sərkərdəlik məharətinə malik şəxsiyyət, qalib lider olduğunu təsdiqlədi.
Qarabağı işğaldan azad edən Ali Baş Komandan regionda yeni reallıqlar yaratdı və Azərbaycan diqtə edən tərəfə çevrildi. Vətən müharibəsinin başa çatmasından ötən bir ildə isə Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa və yenidənqurma işləri aparılır. Müharibənin başa çatmasından cəmi bir neçə ay sonra Qarabağ və Şərqi Zəngəzur möhtəşəm tikinti meydanına çevrildi. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası üçün infrastrukturun yaradılmasına, avtomobil yollarının yenidən qurulmasından və yeni yollar çəkilməsinə başlanıldı. Bu da təsadüfi deyil, çünki yol inkişaf deməkdir və yollar olmadan şəhər və rayonların bərpasını və sosial-iqtisadi inkişafını təmin etmək mümkün deyil.
Vətən müharibəsinin başa çatmasından 6 gün sonra - noyabrın 16-da Ali Baş Komandan qalib komandan kimi Qarabağa tarixi səfər etdi. Həmin gün cənab İlham Əliyev savaş dövründə Azərbaycanın qəhrəman oğullarının döyüşə-döyüşə Şuşaya qədər getdikləri yolu “Zəfər yolu” adlandırdı və Füzulidən Şuşaya aparacaq yeni avtomobil yolunun təməlini qoydu.
Bu il yanvar ayının 14-də isə Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu, “Zəfər yolu” ilə Şuşaya səfər etdi və dünyaya sülh mesajı verdi. İyunun 15-də isə Şuşa şəhərində iki qardaş ölkənin liderləri - cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsi imzaladılar. Bu bəyannamənin bağlanmasının məhz Azərbaycan xalqının Qurtuluş Günü - 15 İyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardı. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir”.
Hazırda Qarabağ bölgəsi böyük tikinti-quruculuq meydanına çevrilib. Prezident İlham Əliyevin tapşırığına uyğun bu ərazidə şəhər və qəsəbələrin baş planı təsdiq edilir və sürətli tikinti işləri aparılır. Füzulidən Zəfərimizin zirvəsi olan Şuşaya “Zəfər yolu” çəkilib. Qarabağın hava qapısı adlandırdığımız Füzuli Beynəlxalq Hava Limanı açılıb. Bu hava limanının tikintisi Azərbaycanda yeni rekord kimi tarixə düşüb. İlin əvvəlində Prezident İlham Əliyevin təməlini qoyduğu hava limanı oktyabr ayında fəaliyyətə başlayıb.
Təməli qoyulan Zəngəzur dəhlizi isə bütün Türk dünyası üçün yeni imkanlar açacaq. Bu dəhliz bölgə ilə yanaşı, bütün region ölkələri üçün də əhəmiyyətli olacaq, iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Asiyanı Avropaya birləşdirəcək bu avtomobil yolu ilə Azərbaycan yeni nəqliyyat damarı açacaq.
Yeri gəlmişdən, bu yaxınlarda Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilən görüşün nəticəsi olaraq Avropa İttifaqı rəhbərinin səsləndirdiyi bəyanatı İrəvanın kapitulyasiyasının Qərb tərəfindən qəbul edilməsi kimi dəyərləndirmək olar. Bəyanatda açıq şəkildə Rusiyada imzalanmış 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) bəyanatları sadalanır, həmin sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanır. Avropa İttifaqının bəyanatında kommunikasiyaların açılması məsələsinə də toxunulub. Avropa İttifaqı hər iki ölkəni hərtərəfli sülh müqaviləsi imzalamağa çağırmaqla qalmadı, “Cənubi Qafqazda, xüsusən, Ermənistanla Azərbaycan arasında ölkələrin suverenliyinə hörmətlə yanaşmaq şərtilə” kommunikasiya infrastrukturlarının bərpasının əhəmiyyətini vurğuladı. Şarl Mişel regionda komunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə etdi, hətta Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyini bildirdi. Burada digər bir önəmli məqam isə dəmir yolunun bərpasının açıq şəkildə qeyd olunmasıdır. Bu məqam əslində Brüsselin Zəngəzur dəhlizi layihəsinin tərəfdarı olduğunu göstərir. Digər mühüm bir amil isə dəhlizlərdə gömrük və sərhəd nəzarətinin qarşılıq prinsipi əsasında təşkil olunacağıdır. Bununla bağlı Brüsseldə çıxışında Prezident İlham Əliyev xüsusi vurğuladı ki, Laçın dəhlizində heç bir post yoxdur və təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır: “Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır".
Bir sözlə, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında hazırda diplomatik sahədə də prinsipiallığını və qələbələrini davam etdirir. Elə Brüssel görüşünü də Azərbaycan liderinin həyata keçirdiyi diplomatiyanın növbəti qələbəsi olaraq dəyərləndirmək mümkündür. Brüsseldə dövlətimizin haqlı mövqeyi bir daha təsdiqləndi, Azərbaycan öz şərtlərini bir daha diqtə edə bildi. Bu görüş göstərdi ki, Avropa İttifaqı da regionda sabitliyin yaranmasında maraqlıdır. Cənubi Qafqaz yaxın gələcəkdə Şərqlə Qərb arasında mühüm ticarət xəttinin əsas uzalaşma nöqtəsinə çevriləcək. Bu baxımdan Aİ regionda təhlükəsizliyin, dinc yaşayış mühitinin formalaşmasında maraqlıdır və məsələnin tezliklə həll olunması istiqamətində çalışmağa hazırdır.
Beləliklə, İlham Əliyev həm döyüş meydanında, həm də siyasi arenada zəfər qazanan liderdir. Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən və böyük sərkərdə kimi tarixə düşən Azərbaycan lideri hərb meydanında qazandığımız möhtəşəm qələbəni diplomatik danışıqlarda əldə olunan razılaşmalarla möhkəmləndirməyə davam edir.