24 dekabr 2021 19:06
968

Hadrutdan sonra Şuşaya yolumuz açıldı

İndi azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin şahidi olur.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: "Bütün şəhərlər, bütün kəndlər ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Bunu artıq dünya görür. Ancaq baxın Hadrut qəsəbəsinə, bir dənə də dağılmış bina yoxdur. Bu, nəyi göstərir? Onu göstərir ki, biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bir daha bütün dünyaya xalqımızın yüksək mənəvi keyfiyyətini göstərir.

Hadrutdan sonra Şuşaya yolumuz açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sirr deyil".