Bu gün Milli Kitabxanada Mədəniyyət Nazirliyinin sifarişi əsasında ölkəmizdə ilk dəfə yayımlanacaq Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında çəkilmiş qədim miniatürləri özündə əks etdirən “Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimat mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə tanınmış elm, ədəbiyyat xadimləri və dövlət adamlarının iştirak edib.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında bildirib ki, ölkəmizdə və ölkəmizdən kənarda, Azərbaycanın səsi çatan hər yerdə Azərbaycanın dahi şairi Nizaminin yubileyi qeyd olunub. O qeyd edib ki, bu tədbirlərin keçirilməsi Nizami yaradıcılığına göstərilən diqqətin nümunəsidir:
"Ötən ilin yanvar ayının 22-də elə bu zalda Nizami günlərinə start verilmişdi.
Bu gün isə bu zalda Cənab Anar Kərimovun təşəbbüsü ilə çox nəfs şəkildə “Xəmsə”nin nəşri sizə təqdim olunur.
İllər boyu Nizami Gəncəvinin yubileyləri keçirilib. Həmin illərdə külli miqdarda kitablar çap olunub. Bu il də həmçinin. Bu kitablar gələcək nəsillərə miras qalacaq. Və bizdən sonrakı nəsillər Nizamiyə verdiyimiz dəyəri görəcək.
Mən düşünürəm ki, bu ildən bizə təkcə bu kitab yox, həm də dünyanın müxtəlif yerlərdən gətirilən 156 əlyazmalar miras kimi qalacaq".
Mədəniyyət naziri Anar Kərimov "Nizami ili"ndə görülən işlər haqqında məlumat verib. Onun sözlərinə görə, ilin bitməsinə baxmayaraq bundan sonra da bu tədbirlər davam edəcək:
"Bu gün bizim üçün əlamətdar gündür. Biz artıq Nizami ilini yekunlaşdırırıq. Bildiyiniz kimi bu il Cənab Prezident tərəfindən Nizami ili elan edilmişdi. Biz il ərzində Nizamiyə həsr olunan müxtəlif tədbirlər keçirmişik. Bir şeyi xüsusi olaraq vurğulamaq istərdim ki, belə şəxsiyyətlərə dövlətimizin xüsusi diqqəti heç də təsadüfi deyil. Biz belə dahi şəxsiyyətlər vasitəsilə ölkəmizi tanıdırıq.
Bildiyiniz kimi bu il Nizamı Gəncəvi festivalı keçirildi. Onun ən vacib tədbiri isə Nizami Gəncəviyə həsr olunan forum oldu.
Həmin forumda şairin təkcə regiona yox, həm də bütün dünya üçün nə qədər əhəmiyyətli bir şəxsiyyət olduğu haqqında danışıldı. Bundan savayı bu il ərzində Nizami yaradıcılığına həsr olunan müxtəlif sərgilər keçirilib, filmlər və serial çəkilib. Məsələn, indi İctimai Televiziyada yayımlanan "Xosrov və Şirin" serialı buna nümunədir. Həmçinin gələn il şairin "Leyla və Məcnun" poemasının motivləri əsasında çəkilən film təqdim olunacaq.
İnanıram ki, bu kitab da sizin xoşunuza gələcək. Çünki bu kitab Nizamiyə yeni bir baxışdır".
Millət vəkili Qənirə Paşayeva deyib ki, Azərbaycanda bu ilin Nizami ili elan olunması böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Nizami yaradıcılığına həmişə ehtiyac var:
"Azərbaycanlılar yüz il sonra da Nizami ili fəxr edəcək. Çünki onun əsərlərində Azərbaycan əxlaqının nümunəsi var. Mən şair haqqında danışarkən Ümumilli liderimiz Heydər Əliyevi anmaq istəyirəm. Ona görə ki, Nizami irsinin araşdırılmasına Ulu Öndər daim xüsusi diqqətlə yanaşıb.
Bu il heç vaxt bağlanmayacaq. Milli Kitabxana bu il çox böyük işlər görüb. Nizaminin əlyazmalarının gətirilməsi mühüm məsələdir. Dünyanın Nizamı irsinə ehtiyacı var".
Sonra mərasimə qatılan qonaqlar Milli Kitabxananın sərgi zalında nümayiş olunan Nizami Gəncəvi ilə bağlı kitablardan ibarət sərgi ilə tanış olublar.
Qeyd edək ki, kitab "Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi-mədəni irsinin tədqiqi və təbliği məqsədilə nəşr olunub.