Bir qərinəyə yaxın erməni işğalı altında qalan Qarabağımız qırx dörd günlük Vətən müharibəsi nəticəsində azad olundu. Düşmən üzərində tarixi Qələbə qazandıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanata görə isə Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən azad edildi.
Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər Günü kimi təsbit edildi. 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 289 kvadratkilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Mayın 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirdi. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-dək davam etdi, bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum etdi. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirildi, 600 nəfər yaralandı, 22 min insan öz yurdundan didərgin düşdü.
İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Erməni faşistləri Azərbaycana məxsus olan bir çox abidəni məhv etdilər və ya erməniləşdirməyə cəhd göstərdilər. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıtdılar.
Şuşanın işğaldan azad edilməsi ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. 2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad edilən, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinə səfər etməsi və iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir.
Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində Şuşada həyat yenidən dirçəlməyə başladı. Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdi. Bu Sərəncamla Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı da bərpa olundu, bayram bayrama qovuşdu. 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa iyirmi doqquz ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalına evsahibliyi etdi. Prezident İlham Əliyev bu günü ölkəmizin tarixində əlamətdar gün kimi dəyərləndirdi. Ölkəmizin başçısı uzun illərdən sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə xalqımızı təbrik edərək bildirdi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. Ölkəmizin başçısı çıxışında qeyd etdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq, Şuşanın bərpa edilməsinə artıq başlanılıb: “Xarıbülbül” festivalı bu qədim diyarımızda hər il keçiriləcək: “Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”.
Bəli, bayram bayrama qovuşur. Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etdi. Bunu ölkəmizin başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirdi: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”.
Dövlət başçısı həmçinin ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Bu gün azad Şuşa dirçəlir, sürətlə bərpa olunur. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir, bütün zəruri addımlar atılır. Qalib, məğrur xalqımız bu azadlığın, bu təntənənin sevincini yaşayır.
Zahid Rza, “İki sahil”