14 yanvar 2022 21:20
1031

Mütəxəssislər məişət zorakılığı problemlərinin həlli üçün nələr təklif edirlər?

Məişət zorakılığı deyiləndə dərhal göz önünə ailədə tərəflər arasında baş verən bütün fiziki, cinsi, psixoloji və ya iqtisadi zorakılıqlar gəlir. Əlbəttə, məişət zorakılığına heç bir halda bəraət qazandırmaq olmaz. Çünki heç kim döyülməyə və mənəvi işgəncəyə layiq deyil.

Məişət zorakılığının qarşısının alınmasının cəmiyyətimizin inkişafı üçün olduqca vacibliyini nəzərə alaraq bu problemlə bağlı  yaranan suallarımızı mütəxəssislərə ünvanladıq.  Məişət zorakılığına məruz qalanlar daha çox kimlərdir? Yola saldığımız 2021-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı nə qədər müraciət daxil olub? Müraciətlərə əsasən demək olarmı ki, pandemiya dövründə zorakılıq halları artıb?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin məsləhətçisi Şəbnəm Mehdiyeva bildirdi ki, 2021-ci il ərzində quruma məişət zorakılığı ilə əlaqədar ümumilikdə 364 ərizə daxil olub: “Daxil olmuş şikayətlərin təhlili onu söyləməyə əsas verir ki, müraciətlərin əksəriyyəti zorakılığa məruz qalan qadınlar tərəfindən edilmişdir. Məişət zəminində zorakılıq halları bütün dövrlər ərzində öz aktuallığını qorumuşdur. Məişət zəminində baş vermiş zorakılıq hallarının artma və azalma dinamikasını bir səbəbə bağlamaq düzgün olmazdı. Belə ki, hər bir hal özünəməxsus olmaqla müxtəlif səbəbdən qaynaqlana bilər. Bildiyimiz kimi, məişət zorakılığının 4 əsas halları– fiziki, iqtisadi, cinsi və psixoloji halları fərqləndirilir. Cəmiyyətimizdə daha çox psixoloji amil və bu halın uzun müddət davam etməsi səbəbindən yaranan fiziki zorakılıq halları ilə mübarizə aparırıq. Lakin təəssüflər olsun ki, bəzən daha ağır fəsadla - zorakılığa məruz qalan şəxsin ölümü ilə nəticələnən faktlar baş verir”.

Həmsöhbətimiz qeyd etdi ki, BMT-nin Əhali Fondunun dəstəyi ilə gender əsaslı zorakılıq və məişət zorakılığı, eləcə də müvafiq dəstək xidmətlərinin göstərilməsi ilə bağlı istifadəyə verilmiş 860 saylı qaynar xəttə məişət zorakılığına məruz qalmış 42 kişi müraciət edib: “Bütün dövrlərdə bu kimi hallarla rastlaşmaq mümkündür.  Lakin qeyd edə bilərik ki, hadisələrin sosial şəbəkələrdə işıqlandırılması məişət zorakılığı problemini daha aktual hala çevirmişdir. Zorakılıq halları ilə bağlı Komitəyə məlumat daxil olan kimi dərhal baş vermiş hadisəyə yönəlik tədbirlər həyata keçirilir. Zərurət yarandıqda zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi, habelə onun barəsində psixoloji reabilitasiya və psixoloji korreksiya kursunun aparılması məqsədi ilə yerli icra hakimiyyətlərində yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yaradılmış monitorinq qruplarına məlumat göndərilir, məişət zorakılığının yaranmasına səbəb olan halları aşkar etmək və onların qarşısını almaq istiqamətində tədbirlər görülür. Eləcə də baş vermiş hadisənin xarakterindən asılı olaraq cinayət əlamətləri aşkar edildikdə hüquq-mühafizə orqanlarına məlumat verilir və zorakılığa məruz qalmış şəxsin hüquqlarının qorunması istiqamətində digər zəruri addımlar atılır.”

Respublikamızda psixoloji mərkəzlərin sayı artır. Ölkəmizdə kifayət qədər ixtisaslı psixoloqlarımız var. Məişət zorakılığına, ümumiyyətlə, qadınlara, uşaqlara qarşı zorakılığa son qoymaq üçün hansı addımlar atılmalıdır? Bu çatışmazlığın həlli istiqamətində  psixoloqlarımızın üzərinə düşən iş nədən ibarət olmalıdır? Aparılan işləri nəzərdən keçirdikdə demək olarmı ki, müsbətə doğru dəyişiklik var?

Psixoloq Fatimə Bayramova hesab edir ki, məişət zorakılığının ölkəsi, dini yoxdur: “Azərbaycanda pandemiya zamanı insanlar daha çox birgə vaxt keçirdirlər. Bu da insanların psixoloji halına təsirsiz ötüşmədi. Pandemiya maddi vəziyyətdə də problem yaratdı. Ailədaxili psixoloji gərginlik artdığı üçün bir çox ailələrdə mübahisələrin sayı da artdı. Amma sırf məişət zorakılığı, fiziki, psixoloji, maddi, seksual zorakılıq hallarını yaşayan ailələr istər pandemiya, istərsə də digər vaxtlarda zorakılıq halları ilə daim qarşılaşırlar. Bir daha vurğulamaq istərdim ki, pandemiyanın əmələ gətirdiyi maddi sıxıntı, COVID 19-un yaratdığı narahatçılıq, psixoloji gərginlik ailədaxili mübahisələri, konfliktləri artıra bilər. Amma, ailədaxili şiddət, zorakılıq bundan asılı deyil”.

“Daha çox kimlər məişət zorakılığına məruz qalırlar” sualını cavablandıran psixoloq bildirdi ki, məişət zorakılığına məruz qalanlar daha çox uşaqlar və qadınlardır: “ Əksər valideynlər uşaqlara subyekt, şəxsiyyət kimi yanaşmır. Onlar övladlarına öz obyektləri kimi münasibət göstərirlər. Bu hal da nəticədə uşağın özündə aqressiya formalaşdırır, o da ətrafdakı insanlarla konfliktli münasibət qurmağa başlayır.

Hər yaşadığımız halı sosial şəbəkələrdə bölüşmək çox adi hal alıb. Bəlkə də ona görə məhz sosial şəbəkələrdə kişilərin də qadınların zorakılıqlarına məruz qaldığı xəbərlərinə rast gəlinir. Əvvəllər də bu kimi hadisələr baş verirdimi, yoxsa sosial şəbəkələr vasitəsi ilə indi hadisələr qabardılır? Bu, insanlara necə təsir edir? Belə halların qabardılması psixoloji cəhətdən düzgündürmü?

F.Bayramova qeyd etdi ki, statistik göstəricilərə görə, 80-a yaxın kişilərin məişət zorakılığına məruz qaldığı faktına rast gəlinib: “Zorakılığın növlərinə baxsaq psixoloji, fiziki, maddi, seksual – bunlardan hansını qadınlar daha çox həyata keçirə bilər? Ona görə kişilərin zorakılığa məruz qalma məsələsini sırf həmin şəxslərlə, müraciət etmiş kəslərlə psixoloji konsultasiya həyata keçirdikdən sonra müəyyənləşdirmək mümkündür. Bəli, psixoloji mərkəzlərin sayı artır. Mərkəzlərə müraciət edənlər təəssüf ki, bir çox hallarda “aqressor”lar deyil, “qurban”lar olur. Psixoloqlar adətən, “qurban”ların travmalarını aradan qaldırır, “aqressor”ların davranışı dəyişmək mümkün deyil. “Aqressor”lar etdiklərinin yalnış olduğunu düşünmürlər, düşünsələrdilər  heç bir kəsə zorakılıq yaşatmazdılar. Ona görə bəzi hallarda bu, çox çətin prosesdir. Uşaq və yeniyetmə psixoloqları, ailə psixoloqları bu cür halların qarşısını almaq üçün ailə ilə müxtəlif metodların köməyi ilə seanslar təşkil edir. Vəziyyətin düzəlməsi də ailədən asılıdır. Gərək ailənin bütün üzvləri, hər iki partnyor müalicəyə müsbət cavab versinlər, onlar da əllərindən gələni etsinlər, psixoloqun tapşırıqlarını icra etsinlər”.

Günel Eyyubova, “İki sahil”