14 yanvar 2022 23:17
432

Minsk qrupunun həmsədrliyi zamanın reallıqlarına cavab verirmi?

Yerli kanallara müsahibəsində bu suala aydınlıq gətirən Prezident İlham Əliyevin cavabı belədir: «Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub.»

Bu günlərdə yerli televiziya kanallarına müsahibəsində 2021-ci ildə respublikamızda iqtisadi, sosial sahələrdə görülən işlər barədə ətraflı danışan, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə aydınlıq gətirən, ölkəmizin hərbi və diplomatiya sahəsində qazandığı uğurlardan bəhs edən Prezident İlham Əliyevin ATƏT-inMinsk qrupu ilə bağlı fikirləri ictimaiyyət tərəfindən maraqla qarşılandı. Artıq tarixə gömülmuş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan, 30 ilə yaxın müddətdə bölgəyə turist səfərlərindən başqa yadda qalacaq heç bir xidmət göstərməyən Minsk qrupunun fəaliyyətsizliyi barədə ümumi rəy budur ki, qrupun həmsədr ölkələrinin təmsilçiləri yalnız Ermənistanı dəstəkləməklə məşğul olmuş, Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli iə maraqlanmamışlar. Münaqişəni öz gücü ilə həll edən Azərbaycan İkinci Qarabağ müharibəsini Zəfərlə başa vurduqdan sonra ermənipərəst dairələr separatçı qurumun statusunu saxlamaq üçün Minsk qrupunun fəaliyyətinin bərpası üçün çalışsalar da, qərəzli dairələrin səyləri nəticə vermir. Həmsədrlərin fəaliyyətsiz «fəaliyyətinə» etirazlarını bildirən Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, sülhün, ədalətin təminatında deyil, münaqişənin davamında maraqlı olan Minsk qrupu sadəcə olaraq bu məsələni həll etmək niyyətində olmayıb. Özlərinin də etiraf etdikləri kimi, «münaqişənin həlli üçün Qarabağa səfərləri» onlar üçün istirahət, turist gəzintiləri idi. 44 günlük müharibənin davam etdiyi müddətdə belə Minsk qrupunun ikili standartlardan qaynaqlanan «səssizliyi» səlahiyyətini «unudan» qrupun məsuliyyətsizliyini göstərir. Birləşmiş Millətlər Təşkilatında artıq tarixə qovuşan «Dağlıq Qarabağ münaqişəsi»nin müzakirəsi zamanı Azərbaycana qarşı ədalətsiz mövqeyini bildirən Minsk qrupunun həmsədr ölkələri beynəlxalq hüquq normalarına belə əməl etmədilər. Minsk qrupunun bu cür ikili siyasətinə etirazını «… Minsk qrupunun fəaliyyətini biz demək olar ki, görmürük. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur. Bir dəfə Azərbaycana gəlmişdilər və mən onlara dedim ki, siz təklif verin. Biz bu məsələni həll etdik, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, «Dağlıq Qarabağ»” adlı inzibati ərazi, yəni, qurum mövcud deyil» sözləri ilə bildirən Prezident İlham Əliyev qeyd edib ki, Minsk qrupunun üzvləri fəaliyyətləri üçün yeni istiqamətlər müəyyənləşdirməlidirlər. Yəni, Dağlıq Qarabağ münaqişəsi bitdikdən sonra onlar bölgədə sabitliyin yaranması üçün sülh müqaviləsinin imzalanmasına dəstək verməli, yolların, dəhlizlərin açılmasına çalışmalıdırlar. İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupunun fəaliyyətini «dirçəltməyə» çalışanlara Prezident İlham Əliyevin «Təklif olmadığı təqdirdə Minsk qrupunun fəaliyyəti haqqında danışmaq yersizdir. Yəni, bir il artıq keçir. Nə təklif edirsən? Deyirsən ki, bu münaqişə həll edilməlidir. Mən Azərbaycan olaraq deyirəm ki, bunu həll etmişəm, təkbaşına, bütün təzyiqlərə rəğmən. Ona görə bu təklif olmalıdır. Nə ilə məşğul olmalıdır? Mən öz fikirlərimi ifadə etdim. Qalan şeylər isə onların məsuliyyətidir”» sözləri mesajdır.

Yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Minsk qrupu ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyevin «Hesab edirəm ki, onlar indi yubiley tədbirlərinə hazırlaşırlar. Çünki bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir. Amma əgər bu zarafatları kənara qoysaq, hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Bu, bizim işimiz deyil. Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub» sözləri reallığı əks etdirir. İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycan üçün «Dağlıq Qarabağ» termini kimi, separatçı rejimin statusu da leksikonumuzdan silinib.. Ermənistanı dəstəkləyən Dağlıq Qarabağın status-kvosu cəhənnəmə göndərildi.

Ermənipərəst mövqeyi ilə daha çox canfəşanlıq edən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Fransanı təmsil edən vəzifəli şəxslərin icazəsiz Xankəndinə səfərləri, qızışdırıcı, revanş, bəyanatları, prezidentliyə namizəd xanım Pekresin Azərbaycan ərazisinə bu təxribat xarakterli səfəri ilk növbədə Prezident Emmanuel Makrona qarşı yönələn təxribatişi idi. Fransanın Vətən müharibəsindən sonra da birmənalı olaraq Ermənistanın mövqeyini müdafiə etməsinə baxmayaraq Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində Azərbaycan və Fransa prezidentlərinin, Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşlərdə Fransanın da İkinci Qarabağ müharibənin nəticələrini qəbul etdiyi vurğulandı. «Çünki biz bir çox məsələləri Prezident Makronla aydınlaşdırdıq. Hesab edirəm ki, normal münasibətlər formatına qayıtmaq üçün imkanlar var. Bilirsiniz, siyasətdə mən həmişə onun tərəfdarı idim ki, emosiyalara qapılmayım və emosiyaları siyasətlə heç vaxt qarışdırmaq olmaz» söyləyən Prezident İlham Əliyev əlavə olaraq bildirdi ki, Fransa başa düşür ki, səhv addım atıb və heç nə əldə etməyib. Sadəcə olaraq, öz addımları ilə Azərbaycan ictimaiyyətinin inamını itirib. Azərbaycan isə öz yolu ilə inamla davam edir. Ona görə münasibətlərin normallaşması istiqamətində Fransanın yumşalan mövqeyi, ATƏT-in Minsk qrupunun «üzrü günahından betər» məsəlinə uyğun yaranan siyasi mənzərə «sonradan atılan daş» təsəvvürü yaradır. «Dağlıq Qarabağda müəyyən təcrübə topladıqlarını» güman edən həmsədrlər bu «fəaliyyətlərini» başqa məkanda icra edə bilərlər. Prezident İlham Əliyev «Buna görə də biz özümüz üçün ilk növbədə, aydınlaşdırmalıyıq ki, bu gün Minsk qrupunun həmsədrliyi zamanın reallıqlarına nə dərəcədə cavab verir, həmsədrləri dəyişməyə zərurət varmı, çünki Minsk qrupu təkcə bu üç ölkədən ibarət deyil. Bu üç ölkə, əslində, qalan ölkələri təcrid ediblər, həqiqəti demək lazımdır» sözlərinə əlavə olaraq onu da bildirir ki, çoxları hətta bu qrupun nəinki statusu, kimlərdən ibarət olduğunu bilmir. «Təcrübə məsələsinə gəldikdə isə, təcrübə yaxşı şeydir, lakin o halda ki, bu, müsbət təcrübə olsun. Buna görə düşünürəm ki, onlar özləri bir şey fikirləşib tapmalı, bir qərara gəlməlidirlər» sözlərinin müəllifi qətiyyətli lider, ədalət tərəfdarı Prezident İlham Əliyevdir.

Xuraman İsmayılqızı, «İki sahil»