İki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollara çatdırılacaq
Ukrayna ərazisinə görə Fransadan sonra Avropanın ikinci böyük ölkəsidir. Maddi sərvətlərinə, hərbi sənaye potensalına və Avropaya çıxış yollarına görə də öndə gələn ölkələrdəndir. Məhz bu ölkə ilə iqtisadi- siyasi münasibətlərin dərinləşməsi Azərbaycan dövləti üçün prioritet məsələdir. Düzdür, bu gün Ukrayna çətin dövrünü yaşayır. Separatçı, qondarma rejimlərin ölkənin ərazi bütövlüyünə təhdid yaratması və onlarla lokal müharibələrin davam etməsi ölkənin inkişafına mane olan əsas səbəblərdən biridir. Ən önəmli fakt isə odur ki, Ukrayna İkinci Qarabağ müharibəsində ölkəmizə siyasi- mənəvi dəstək verib.
Ümumiyyətlə, iki ölkə arasında diplomatik münasibətlər müstəqilliklərinin bərpasından qısa müddət sonra- 1992-ci il fevralın 6-da qurulub. Yəni, gələn ay Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin 30 illik yubileyi qeyd ediləcək. 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılıb. İki dövlət arasında münasibətlərin əsasını 16 mart 2000-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə və 22 may 2008-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə təşkil edir.
Yanvarın 14-də Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri iki ölkə arasındakı dostluq münasibətlərinə yeni inkişaf tempi gətirdi. Ölkəmizin başçısının Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşlər, dövlət başçılarının mətbuata bəyanatları, iki ölkə arasında imzalanan yeni sənədlər strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əlaqələrin şaxələnməsi üçün real zəmin yaradıb.
Bu gün Azərbaycanla Ukrayna dost ölkələr kimi, BMT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində məsləhətləşmələr aparır və ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verirlər. Eyni zamanda, iki ölkə terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə sahəsində fəal əməkdaşlıq edir. Qeyd edək ki, ötən ilin 11 ayı ərzində ölkələrimizin ticarət dövriyyəsi 925 milyon dollardan çox olub. Halbuki, bu göstərici 2020-ci ilin eyni dövründə 611 milyon dollar olmuşdu. Bir il əzində bu artım 314 milyona çatmışdır. Ukrayna 2021-ci ilin 11 ayı ərzində 695 milyon dollar neft idxal edib ki, onun da 486 milyon dolları, yəni 70 faizi ölkəmizin payına düşüb. Bu, o deməkdir ki, Ukraynanın enerji təhlükəsizliyində Azərbaycanın payı xeyli dərəcədə artıb. İndiyədək iki ölkə arasında 155 sənəd imzalanıb. Lakin iki ölkə başçısının yanvarın 14-dəki görüşlərində daha bir neçə sənədin imzalanması gələcək əlaqələrin inkişafına real zəmin yaradıb.
Bu sənədlər arasında «Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında» Saziş, «İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında», «Aqrar sahədə əməkdaşlıq haqqında», «Energetika sahəsində əməkdaşlıq haqqında» və «Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında» Anlaşma memorandumları xüsusi qeyd edilməlidir. Əlbəttə ki, bu sənədlər həmin sahələrdə əlaqələrin daha da dərinləşməsinə real zəmin yaradacaq.
Prezident İlham Əliyev mətbuat üçün açıqlamasında bildirib ki, qobal pandemiyaya baxmayaraq, iki ölkənin ticarət dövriyyəsi keçən il 20 faizdən çox artıb və yaxın gələcəkdə bunun 1 milyard dollar səviyyəsinə çatması gözlənilir. Eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Yeni sənədlər həm də birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı sahələrində birgə fəaliyyət üçün zəmin yaradıb.
Ukrayna Prezidenti isə bildirib ki, 2024-cü ilə qədər ticarət dövriyyəsinin artırılması ilə bağlı dəqiq planlar mövcuddur. Ukrayna, həmçinin bir sıra birgə genişmiqyaslı layihələr əsasında sərmayələrin qoyulması, Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindədir. Yəni, Ukrayna şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirak etmək niyyətindədirlər.
Volodimir Zelenski onu da qeyd edib ki, prezidentlərin imzaladıqları Birgə Bəyannaməyə əsasən hər iki ölkə suverenlik və ərazi bütövlüyü məsələlərində bir-birinə dəstək verəcək, beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması üçün çalışacaq. O cümlədən tərəflər - Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacaq, terrorçuluğa qarşı mübarizə aparacaq, bütün çətinlikləri birgə nəzərdən keçirərək istər regional, istərsə də qlobal çətinlikləri araşdırıb cavab həllərini hazırlayacaqlar.
Azərbaycan Prezidenti ilə apardığı danışıqlar zamanı tranzit potensialının da nəzərdən keçirildiyini bildirən Volodimir Zelenski aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu söyləyib: «Bir sıra təşəbbüsləri irəli sürmüşük. Tutaq ki, nəqliyyat dəhlizlərinin GUAM çərçivəsində daha da genişləndirilməsində iştirak etməliyik. Burada Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna var, bildiyiniz kimi, bu əlaqələr genişlənməlidir».
Bir sözlə, iki ölkə liderinin Kiyev görüşlərində səsləndirdikləri fikirlər, imzalanan sənədlər onu deməyə əsas verir ki, Ukrayna Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və ölkəmizlə ticari-iqtisadi sahədə sistemli və uzunmüddətli əməkdaşlıq etmək əzmindədir. Çünki əmtəə dövriyyəsinin artırılması üçün güclü potensial mövcuddur və iqtisadiyyatın inkişafı ilə bağlı hər iki ölkə rəhbərinin oxşar baxışlarının olması sayəsində geniş istehsal kooperasiyası üçün təməl yaradılıb.
Elçin Zaman, «İki sahil»