20 yanvar 2022 02:59
1051

Vətəni satanların "fədailik xronologiyası"nın qaranlıq səhifələri

Milli xəyanətkarların Şəhidlər xiyabanlarına ayaq basması torpaqlarımızın bütövlüyü uğrunda qurban gedənlərin ruhunu incidir

İnsanları zamanında öz ardınca aparmağı bacarmaq nə etməyi və hara getməyi müəyyənləşdirmək qədər önəmlidir. Təcrübə göstərir ki, vaxtında baş tutmayan seçim və düzgün istiqamətləndirilməyən hərəkətlər fəlakətlə nəticələnir. Xalqımızın tarixinə təlatümlər, çevrilişlər, siyasi, iqtisadi böhran dövrü kimi yazılan 1990-cı illərin əvvəllərində baş verən hadisələrin hər biri dövlət müstəqilliyi yoluna yenicə qədəm qoymuş respublikamız üçün həlledici idi. Liderlik keyfiyyətləri, xalqına, millətinə bağlılığı ilə müdrikliyin fəlsəfəsini zənginləşdirən ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün zamanlarda xalqına xidmət üçün yaranan imkanlardan məqamında istifadə etmişdir. Azərbaycana rəhbərliyinin birinci mərhələsində respublikamızı SSRİ məkanında qabaqcıl ölkə kimi tanıdan Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıdışı, göstərdiyi xidmətləri ilə xalqımızın qəlbində Ümummilli Lider kimi yaşayır. Azərbaycan xalqının layiq gördüyü bu zirvədə əbədi qalmaq Ulu Öndərin haqqıdır. Dövlətçiliyimizin təhlükə ilə üzləşdiyi, xalqımızın çətinliklərdən çıxış yolu axtardığı məqamlarda insanları arxasınca aparan müdrik şəxsiyyət bu haqqı torpağına, yurduna bağlılığı ilə qazanıb. 20 Yanvar 1990-cı ildə imperiya qüvvələrinin ermənilərlə birgə Bakıda törətdikləri qırğını xalqımıza qarşı siyasi təcavüz adlandıraraq hərbi cinayətləri törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edən, təhdid və təzyiqlərlə üzləşməsinə baxmayaraq Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək Kreml rəhbərliyini məsuliyyətsizlikdə günahlandıran fərdi pensiyaçı Heydər Əliyev oldu. Günahsız insanların qətli ilə tarixə yazılan 20 Yanvar hadisələrinə ilk siyasi qiymət də Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev tərəfindən verildi. Əliyalın insanları ermənilərin də daxil olduğu imperiya qoşunlarının qarşısına çıxaran, tanklar altında əzilən etirazçıların qətlini gizləndikləri yerlərdən seyr edən «cəbhəçilər», AXC-Müsavat cütlüyü iqtidarda olduqları dövrdə də 20 Yanvar hadisələrinə siyasi qiymət vermədilər. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən iqtidarsızlar, kreslo həvəskarları faciə ilə bağlı əsl həqiqəti aşkar etməyi lazım bilmədilər. Daha doğrusu, özlərinin bilavasitə əli olan faciəni unutdurmaqla xəyanətlərini pərdələdilər. İnsanları küçələrə, barrikadalar qurmağa səsləyənlər, ən nəhayət güllələnənlər arasında müxalifəti təmsil edənlərin olmaması müəmmalıdır.

Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi müddətdə Azərbaycana rəhbərlik edən dağıdıcı qüvvələrin dövlət çevrilişlərinə cəhdlərin qarşısını alan Ulu Öndər Naxçıvanı Ermənistanın təcavüzündən də qorudu. 1992-ci ilin oktyabr ayında o zaman Azərbaycana rəhbərlik edən qüvvələr tərəfindən Naxçıvanda dövlət çevrilişinə cəhdin qarşısını alan Ulu Öndər siyasi iradə, qətiyyət, prinsipial mövqe göstərərək xalqın birliyini təmin etməklə müstəqilliyimizi qorudu.

AXC-Müsavat iqtidarı dövründə daxili işlər naziri İsgəndər Həmidovun rəhbərliyi ilə Naxçıvanda gərginləşən vəziyyətin qarşısı da xalqı arxasınca aparmaq qabiliyyətinə malik muxtar respublika Ali Məclisinin Sədri Heydər Əliyev tərəfindən alındı. Ermənistan tərəfindən blokadada qalan Naxçıvanı vəziyyətdən çıxarmaq üçün yollar axtaran Heydər Əliyevdən fərqli olaraq Xalq Cəbhəsinin güc naziri xalqın pulu ilə alınmış silahları xalqa qarşı yönəltdi. Muxtar respublikada qırğınlar törətməyə çalışdı. AXC-Müsavat iqtidarı tərəfindən idarə olunan destruktiv, azğınlaşmış qüvvələrin qarşısını alan yenə də xalqını canından artıq sevən Heydər Əliyev oldu. Ulu Öndərin səyi ilə gərgin və həyəcanlı anlarla başlayan 24 oktyabr günü nikbin sonluqla bitdi. Ertəsi gün, oktyabrın 25-də Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Xalq Cəbhəsinin muxtar respublikada həyata keçirmək istədiyi dövlət çevrilişi cəhdi pislənildi. Təxribatın sifarişçilərinin, təşkilatçılarının və iştirakçılarının cəzalandırılması AXC-Müsavat rəhbərliyindən tələb edildi. Naxçıvanda hazırlanan dövlət çevrilişinə cəhddə məqsəd təkcə muxtar respublikanın Daxili İşlər Nazirliyinin binasını və Televiziya Şirkətini tutmaq deyildi. Başlıca məqsəd Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə fiziki təzyiq göstərmək idi. Naxçıvana gəlmək üçün 48 saat Binə Hava Limanında gözləsə də, naxçıvanlıların Ulu Öndərə məhəbbətindən, inamından qorxan İsgəndər Həmidov onu gözləyən aqibətin acı nəticələrini hiss etdiyi üçün səfərini «təxirə salaraq», silahlı qoçuları ilə geri qayıdır. Torpaqlarımızın əldən getdiyi, kəndlərimizin ermənilər tərəfindən işğal edildiyi vaxtda Naxçıvanda ulu öndər Heydər Əliyevə qarşı təxribat törədən, 1993-cü ildə respublikada yaranan gərginliyin qaşısını ala bilməyən, özlərinin yetişdirdikləri «Milli Qəhrəman» Surət Hüseynovun təhdidlərindən qorxan, həyatları təhlükə altında qalan AXC-Müsavat iqtidarının səbatsızları xilas üçün milyonların sevimlisi Heydər Əliyevə üz tutdular. Azərbaycanı gözləyən fəlakətlərdən xilas etmək üçün hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev xalqı iqtisadi, siyasi böhran vəziyyətinə salan cəbhəçiləri Surətin dar ağacından da xilas etdi.

O dövrdə ölkədəki vəziyyəti «Hakimiyyət faktiki olaraq AXC-Müsavatın əlində idi. Onlar Şuşanı və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər» sözləri ilə xarakterizə edən Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtidara gəlmək üçün xalqa xəyanət edənlərin bu gün də özlərini fədai hesab etmələri siyasi əxlaqsızlıqdan başqa bir şey deyildir.

Adı Xalq Cəbhəsi olub, daim xalqa qarşı müxalif mövqedə dayanan AXC-Müsavat cütlüyünün dövlətçiliyə növbəti xəyanəti 1994-cü ilin oktyabrında baş verdi. O dövrdə də ölkədə siyasi sabitliyi qiyamı ilə pozan radikal müxalifətin «Milli Qəhrəmanı» Surət Hüseynovun Gəncədə yaratdığı silahlı dəstələr oktyabrın 2-də şəhərdəki icra hakimiyyətinin, hüquq -mühafizə orqanlarının, dövlət əhəmiyyətli obyektlərin binalarını, hərbi hissəni ələ keçirdilər və özbaşınalıqlarını digər rayonlarda da gerçəkləşdirdilər. Həmin vaxt Amerikada olan ulu öndər Heydər Əliyev səfərini yarımçıq qoyaraq Bakıya qayıtdı. Xüsusi təyinatlı «OMON»çular insanlara fiziki təsirlər göstərirdilər. Yenə də xalqın ümid yeri, böyük şəxsiyyət Heydər Əliyev oldu. Oktyabrın 4–5-də Prezident Aparatının qarşısına toplaşan insanlar Ümummilli Liderlə həmrəyliklərini ifadə etdilər. Həmin hadisələrin davamı olan 16-17 mart 1995-ci ildə törədilən dövlət çevrilişinə cəhdin iştirakçıları, radikal müxalifətin göstərişləri ilə hərəkət edən Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri, polkovnik Rövşən Cavadov və qardaşı Mahir Cavadovun rəhbərliyi ilə Bakıda qiyam təşkil edildi. Bu dəfə də dövlətçiliyimizə qarşı çevriliş cəhdinin qarşısı Azərbaycan xalqının milli birlik və həmrəyliyi ilə alındı. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Televiziyası ilə xalqa müraciət edərək Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlari təlimatlandıran radikal müxalifət təmsilçilərinin xəyanətlərini pisləyərək, qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri ilə bağlı xəbərdarlıq etdi. Ağsaqqallarla danışıqlar aparıldı. Dövlətçiliyimizin qorunması naminə birlik və həmrəylik göstərən xalq talelərini etibar etdiklər Ulu Öndərin ətrafında birləşərək radikallara tarixi dərs verdi.

Həmişə xalqla birlikdən dəm vuran, özlərini milli qəhrəman, fədai kimi təqdim edən bu yalançı «millətpərəstlər» 44 gün davam edən İkinci Qarabağ müharibəsində apardıqları təxribatları, ermənilərlə həmrəylikləri ilə də satqınlıqlarını , vətənsizliklərini təsdiqlədilər. Bütün dünya ictimaiyyətinin izlədiyi və Azərbaycan Ordusunun döyüş təcrübəsinə heyranlıqların etiraf edildiyi məqamlarda belə uğurlarımıza kölgə salmağa çalışan, Zəfərimizi can, qan qardaşları ermənilər kimi məyusluqla qarşılayan AXCP sədri Əli Kərimli, «Milli Şura»nın satqınları kimi digər radikallar da illərdən bəri sadiq qaldıqları milli xəyanətkarlıqlarını göstərdilər.

Onların bu mənfur xisləti bu gün də özünü büruzə verir. İkinci Qarabağ müharibəsi zamanında da Milli Ordumuzla bağlı təxribatlar apararaq düşmənin dəyirmanına su tökdülər. Keçmişdə yol verdiklər milli xəyanətlərini «unudanların» uğurlarımıza qısqanclıqla yanaşması təbiidir. Radikallara xas bu xüsusiyyətin açıqlaması belədir: Bəylər, siz həmişə xalqa xəyanət xislətində olmusunuz. Bu gün də dəyişilən heç nə yoxdur. Ona görə də sizlərin Şəhidlər xiyabanlarına ayaq basmağınız torpaqlarımızın bütövlüyü uğrunda qurban gedənlərin ruhunu incidir.

Xuraman İsmayılqızı, «İki sahil»