21 yanvar 2022 16:33
944

Şuşanın qazlaşdırılması ilə bağlı ilkin layihələndirmə işlərinə başlanılıb FOTO

Yanvarın 21-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib. İB-nin  Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərovun moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

«Azəriqaz» İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bildirib ki, yanvarın 20-də ölkə üzrə havaların kəskin soyuması qaza olan tələbatı da xeyli artırıb:«Belə ki, gün ərzində 42,269 milyon kubmetr qaz istehlak edilib. Bunun 24,961 milyon kubmetri Bakı və Abşeronun, qalan 17,308 milyon kubmetri isə bölgələrin payına düşüb. Gündəlik istehlak həcminin artımı Bakı və Abşeronda 1,648 milyon kubmetr, bölgələrdə isə 1,048 milyon kubmetr təşkil edib.»

Sayğacların sıfırlanmasına dair suala cavab verən İB-nin «104 Operativ Xidmət» şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, bu proses tamamilə başa çatdırılıb: «Xüsusi ilə qeyd etmək istəyirəm ki, sayğacların sıfırlanmasına dair «104 Xidmətinə»  «WhatsApp» vasitəsi ilə şəkillərin 150 mini düzgün göndərilib.»  

«Azəriqaz» İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib ki, Bakı şəhərinin və Abşeronun qaz təsərrüfatının yenidən qurulması üçün Almaniyanın «Ereon» şirkəti ilə danışıqlar aparılıb. Lakin bu iş böyük vəsait tələb etdiyi üçün işlər hələlik təxirə salınıb.   

T. Cəfərov onu da bildirib ki, hazırda Şuşa şəhərinin qazlaşdırılması ilə bağlı ilkin layihələndirmə işlərinə başlanılıb: «Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birinci mərhələdə çəkiləcək qaz xətlərinin dəhlizinin razılaşdırılması ilə bağlı müraciət olunub. Qaz xətlərinin dəhlizi razılaşdırıldıqdan sonra layihələndirmə işləri yekunlaşacaq. Müvafiq investisiya vəsaiti ayrıldıqdan sonra Şuşa şəhərinin birinci mərhələdə paylayıcı küçə xətlərinin çəkilməsinə başlanılacaq.»

T. Cəfərov, həmçinin bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işğaldan azad olunan Ağdam şəhərinin də Baş planı hazırlanıb: «Artıq bu Plan yekun mərhələdədir və ona uyğun olaraq «Azəriqaz» İB növbəti aydan Ağdam şəhərinin paylayıcı qaz təchizatı sisteminin layihələndirilməsi işlərinə başlayacaq. Eyni qaydada layihələndirmə işləri başa çatdıqdan, müvafiq razılaşdırma işləri aparıldıqdan və maliyyə vəsaiti ayrıldıqdan sonra Ağdamda da tikinti-quraşdırılma işlərinə başlanılacaq».

Elçin Zaman, «İki sahil»