25 yanvar 2022 12:25
854

Fikret Amirovun 100-liyi Mariinski Teatrda - FOTO

18, 22 və 23 yanvarda (iki tamaşa) Sankt-Peterburqda məşhur Mariinski Teatrın yeni səhnəsində dahi Azərbaycan bəstəkarı, SSSR xalq artisti Fikrət Əmirovun “1001 gecə” baletinin yeni quruluşda ifası böyük uğurla gerçəkləşmişdir.

“İki sahil” xəbər verir ki, Maiinski Teatrının direktoru, dünya şöhrətli dirijor Valeriy Gergiyev və Mariinski Teatrının Primorski səhnəsinin balet truppasının rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi Eldar Əliyevin təşəbbüsü ilə bütün tamaşalar Fikrət Əmirovun 100-lik yubileyinə həsr olunmuşdur. Anşlaqla keçən və  mətbuatda böyük əks-səda yaradan tamaşalar Primorski səhnəsinin Sankt-Peterburqda qastrol səfərinin proqramı çərçivəsində həyata keçirilmişdir. 13 yanvarda  P.Çaykovskinin “Yatmış gözəl” baleti ilə başlanan, A.Adanın “Korsarın” ifası ilə davam edən proqram  sonda Azərbaycan bəstəkarının baletinin ifaları ilə ən yadda qalan hadisələrdən birinə çevrilmişdir.

Tanınmış xoreoqraf Eldar Əliyevin quruluş verdiyi “1001 gecə” baletdə əsas rolları Saki Nisida (Yaponiya), Sergey Umanets (Rusiya), Anna Samostrelova (Rusiya), Liliya Berejnova, Katerina Floriya, Gilyerme Junio (Braziliya),  eyni zamanda Sankt-Peterburqun tanınmış balet artistləri, beynəlxalq müsabiqələr laureatı Renata Şakirova, Nikita Korneyev və Yekaterina Çebıkina ifa etmişdir.  Baletin ifasında Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyevin rəhbərliyi ilə Mariinski Teatrının (Sankt-Peterburq) simfonik orkestri və xoru, eyni zamanda soprano Anastasiya Kikot (Rusiya) iştirak etmişlər.  Azərbaycan milli musiqi aləti olan tarımızın Ramin Əzimov və Nadejda Medvedevyanın təqdimatında Mariinski teatrın orkestrində səsləndirilməsi  əsərə xüsusi rəng qatmışdır.

Ayaqüstə alqışlarla qarşılanan son tamaşadan sonra Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu və onun rəhbəri Sultan Qasımov, Azərbaycan Xalça Muzeyinin rəhbəri Şirin Məlikova baletin iştirakçıları ilə görüşüb onları təbrik etmişlər.