26 yanvar 2022 12:43
2642

Mən qisas almadan ölmək istəmirəm… FOTO

Çiyni kəndinə çatanda axşam idi. Günortadan bozaran hava yavaş-yavaş qaralırdı. Havadan zəhirmar yağırdı desək, daha doğru olar. Duman çənə, çən çiskinə qarışımışdı. Havadakı rütubət qarışıq şaxta adamı qılınc kimi kəsirdi. Bəlkə də, Ucar özünün son illər ən soyuq günlərini yaşayırdı. Kəndi ikiyə bölən asfalt yol da bomboş idi. Nə bir adam, nə də hərəkət edən bir maşın gözə dəymirdi ki, getdiyimiz ünvanı dəqiqləşdirək. Adətən Şəhidlərin valideynləri yaşayan evləri tapmaqda o qədər də çətinlik çəkmirik. Evlərinin yaxınlığında  ya Şəhidin portreti, yaxud da Azərbaycan və Türkiyənin dövlət bayraqları asılmış olur. Gözümüzü yolun kənarındakı işıq dirəklərindən çəkmirik, gözümüz bayrağımızı gəzir. Növbəti tini burulan kimi yüksəklikdə dalğalanan müqəddəs bayrağımız bizi salamlayır. “Çatdıq”,- deyib maşından düşürük. Küçə qapısını döyüb, bir-iki ağız “ay ev yiyəsi, ay ev yiyəsi”- deyə səslənirəm. Xoşbəxtlikdən çox gözləməli olmuruq. 50-55 yaşlarında bir kişi  səsə çıxıb cəld hərəkətlə, qıvraq addımlarla yanımıza gəlirir. Köhnə tanışılar kimi bizimlə görüşüb bizi evə dəvət edir.

Təşəkkür edib Şəhid Hüseyin Həsənovun valideynlərinin yaşadığı ünvanı soruşuram…Ev sahibi  üzünü bayrağımıza tutub:

- Hə, başa düşdüm.  Qurban olduğum, bayrağımız sizi çaşdırıb. Bayrağı görüb zənn etmisiniz ki, bura Şəhidin evidir… Mən hərbçi olmuşam. Ömrü boyu o qurbanı olduğum bayrağı sinəmdə, ürəyimin başımda gəzdirmişəm. Gözləyirdim ki, işğalda olan  torpaqları azad edək, o bayrağı  azad olunmuş torpaqlarda qaldıracaqdım. Bir zabit kimi bu xoşbəxtlik mənə nəsib olmadı. Amma xoşbəxtəm ki, o günü gördüm. Torpaqlarımız azad olundu. Müzəffər ordumuz, fədakar gənclərimiz zəfər bayrağımızı o torpaqlara sanca bildilər. Bu bayrağı 27 sentyabr 2020-ci ildə cənab Prezidentimiz müharibənin başlanma xəbərin verən günü oradan asmışam. Nə qədər sağam o bayraq orada olacaq. Müqədəs şəhid qanı ilə ucalan zəfər bayrağımız qürurumuzdur!

Həmsöhbətimlə sağollaşıb geriyə, deyilən ünvana doğru dönürük. Artıq hava da  qara donunu geymişdi. Bizə nişan verilən yerdə maşını saxlayıb ətrafa göz gəzdirirəm. Keçmiş xırman yeirinin  yaxınlığında bir sürü qoyun ,tövlənin küçəyə açılan qapısının ağzına toplanıb soyuqdan qorunmaq üçün başlarını aşağı dikib bir-birinə girmişdilər.

- Gözləyək, mütləq tez bir vaxtda  qoyunların sahibi onları tövləyə salmaq üçün gələcək. Ondan ünvanı dəqiq öyrənərik,deyirəm.

Budur tövlənin qapısı açılır, gənc bir oğlan qoyunları tövləyə tərəf sürür… Nabələd ,yad maşın o dəqiqə də gəncin diqqətini cəlb edir. Yaxınlaşıb, ədəb- ərkanla salam verib, “Xoş gəlmisiniz”,- deyir. Gəncdən Vahib kişinin evini soruşuruq. Əli ilə evi göstərib :

- Əmi, düz gəlmisiniz, Vahib əminin evi budur. Amma bu vaxtı Vahib əmi evdə olmur. Hər gün hava qaralandan sonra qəbiristanlığa gedib, gecəyə kimi orada Şəhidin qəbrinin başında olur. Səhərlər də gün çıxar çıxmaz,sübh namazından  yenə orada olur…

Çiyni kənd qəbirsitanlığı kəndin içindən keçən Bakı-Tbilisi dəmir yol xəttinin yaxınlığında yolun kənarında yerləşir. Belə qərara gəlirik ki, qəbiristanlığa gedək.

Şəhid  Həsənov Hüseynin məzarı qəbirsitanlığın girəcəyində yolun kənarında yerləşir. Maşınımızı kənd yolunun kənarında saxlayıb irəliləyirik. Mənə elə gəlir ki, qarşımda iki abidə var. Gecənin qaranlığında səsiz-səmirsiz dayanıb kədər dolu gözləri məzara zillənib, dərd əlindən daşa dönüb daşlaşmış bir atanın, bir də ömrünü vətənə bağışlayıb məsum, gülümsər baxışlarla məzar daşından boylanan Şəhid Hüseyinin abidəsi… Ağlımdan qəribə hiss gəlib keçir. Mənə elə gəlir ki, Çiyni kəndinin başına bələnmiş duman Şəhid atası Vahibin başından çıxan tüstüdür. Yağan yağış da Vahib kişinin gözündən sellənib yağan göz yaşlarıdır. Əsən külək də onun titrədən dərddən yaranıb. Yaxınlaşıb dərddən qaməti əyilib, beli bükülmüş atanın yaxınlığında dayanıram… Dərdli gözlərini qaldırıb gözümün içinə zilləyir… Sakit – sakit gözümün içinə baxır. Mənə elə gəlir ki, göz yaşı ilə dolu, ağrı-acı  çəkib, dərdən inləyən bu gözlərdən gözyaşı deyil qədim bir ağının misaraları süzülür…

Dağlar dağımdır mənim,

Qəm oylağımdır, mənim,

Dindirməyin qəmlimyəm,

Yaman çağımdır, mənim.

Hər ikimiz susuruq. Şəhid atası mənim də susduğumu görüb, gözünü gözümdən çəkib üzünü qara məzar daşından boylanan Hüseynə tərəf çevirib dillənir:

- Oğlum, igidim, gecən xeyirə qalsın. İcazə ver, mən gedim. Qonağımız gəlib. Qonağı evdə qarşılayarlar.Sabah tezdən yenə gələcəm. Rahat yat, qəhrəman balam.

Dağ cüssəli, boylu-buxunlu Vahib kişi baş daşına sarılır. Bu an elə bilirəm göy guruldayır. Elə bilirəm hardasa bir dağın, qayalığın ətəyində durmuşam, gələn səs insan səsi, oğlunun məzar daşına sarılıb hönkürən bir atanın səsi deyil. Bu dəqiqə dağlar, qayalar şaqqıltı ilə üçub üstümüzə gələcək… Şəhid atasının gözündən axan sel bir dağ çayına dönüb bizi də ağuşuna alıb aparacaq… Yaxınlaşıb qolundan tuturam… Gücsüz, taqətsiz qolarını qeyri-ixtiyarı məzar daşından çəkir… Qollar yana sallanır… Hiss edirəm ki, yerimək üçün qıçında güc qalmayıb… Enlikürək, ucaboylu, bir ata dərd əlindən əyilmiş qoca bir palıda bənzəyir… Dodağının altında asta-asta sabah yenə gələcəm kəlmələrini pıçıldayır…

Hər sabah tezdən gəlib "sabahın xeyir", hər axşam gəlib "axşamın xeyir Hüseynim", "gecən xeyirə qalsın", deməsəm, ürəyim partlayar, dəli olaram. 

Maşına oturub bir müddət sakit, dinib -danışmadan irəliyə doğru hərəkət edirik. Bir qədər sonra Vahib dillənir:

-Mən Sizi tanıyram. Sizi XTQ-ni şəhidi gizir Vüqar Ələkbərovun anım tədbirində çıxış edərkən görmüşdüm. Şəhidlərdən yazdığınızı dedilər. Gözüm yoldaydı. Fikirləşirdim ki, siz ayrı-seçkilik etməzsiniz. Hüseynimdən də yazarsınız. Çoxdan gözləyirdim sizi…

Bilmirəm söhbəti haradan başlayım? Bilmirəm bu dərdli, qoca palıda bənzər atadan nə soruşum? Tanrıdan səbr diləyirəm. Təsəlli edəcək uyğun söz axtarıram. Bilmirəm hardan ağlıma gəlir, soruşuram:

- Nə əcəb Şəhidlər xiyabanında dəfn edilməyib?

- Hadisə olan gün evdə deyildim. Eşidib başı alovlu gəldim evə. Artıq hazırlıq işləri görülmüşdü. Ağlıma başqa bir şey gəlmirdi. Olanları dərk etmək gücündə deyildm. Bircə onu düşünə bildim ki, bura evimizə yaxındır. Hər gün ziyarətinə gələ bilərəm. Gecəmi-gündüzümü burada keçirirəm. Elə düşünürəm ki, bir gün gəlməsəm Hüseynimin gözü yolda qalar… Ucara hər gün getməyə maddi imkanım yol verməzdi…

Haqqında söz açdığım Şəhid Həsənov Hüseyin Vahib oğlu 13 aprel 2001-ci ildə Ucar rayonunun Çiyni kəndində anadan olub. Uşaqlıqdan Hüseyinin sağlamlığında problem olduğu üçün ibtidai təhsilini evdə alıb. Beşinci sinifdən etibarən Çiyni kənd məktəbinə gedib. 2019-cu ildə Çiyni kənd məktəbini əla qiymətlərlə başa vurub. 2019- cu ildə müddətli hərbi xidmətə çağrılıb. Qazax rayonunda yerləşən” N”  saylı hərbi hissədə xidmətə başlayıb. Xidməti vəzifəsin əla yerinə yetirdiyinə görə baş əsgər hərbi rütbəsinə layiq görülüb, fəxri fərmanlarla təltif edilib. 2020-ci il 27 sentyabrda Vətən Müharibəsi başlayan gün Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Həsənov Hüseyin Vahib oğlu  «Vətən uğrunda», «Döyüşdə fərqlənməyə görə» və «Kəlbəcərin azad olunmasına görə»medalları ilə təltif edilib.

Söhbətimizi evdə davam etdiririk. Dərdli ata Hüseyinli günlərdən söz açır:

- Hüseyin uşaqlıqdan fiziki  cəhətdən zəif  idi. Yeriyə bilmirdi. Qıçları dizdən açılmırdı. Amma çox çalışqan, vətənpərvər idi. Oxumaq, yazmaq həvəsi vari idi. Müəllimləri evdə dərs keçirdilər. Hətta deyirdilər ki, məktəbə dərsə gələn uşaqların içində  Hüseyin qədər zəkalısı yoxdur. Allaha şükür ki, 5-ci sinifə gedən vaxt yeriyə bildi. Amma xəstəliyi canından tam çıxmamışdı. Məktəbə gedəndən sonra da həmişə müəllimləri Hüseyindən çox razılıq edirdilər. Yaxşı təşklatçılığı vardı. Gözəl şeirlər yazar, rəsm əsərləri çəkərdi. Özünə dərd etmişd ki, qıçındakı problemə görə əsgərliyə gedə bilməyəcək. Onuncu sinfi bitirəndə əsgərlik vaxtı idi. Komisiyadan keçəndə Ucarda həkimlər oduya yarasız olduğunu yazmışdılar. Amma Hüseyin təkid edirdi ki, əsgər getmək istəyir.

Burada, Ucarda həkimlər dedilər ki, biz bunu bu şəkildə əsgər göndərə bilmərik. Birmənalı olaraq xidmətə yararsızdır. Hüseynin təkidini görüb komissiyadan keçmək üçün Bakıya, Hospitala göndərdilər. Vallah, nə deyim, kənd uşağı, birdən-ikiyə evdən uzağa getdiyi olmamışdı. Bakıya tək buraxmadım. Özüm də Hüseyinlə Bakıya getdim. Gözümlə görməsəydim inanmazdım. Hərbi komissiyadan keçəndə bir xanım həkim var idi. Hüseynimin problemini soruşdu. Dedim əlinizdəki sənədlərdə hər şey açıq-aydın yazılıb. Uşağın dizdən qıçları qatlanmır. Həkim Hüseynə oturub qalxmağı xahiş etdi. İnanın Allahın möcüzəsi baş verdi. Hüsein «ya Allah» deyib oturdu. Heç elə bil illərin xəstəsi deyildi. Həkim təəccüblə üzümə baxanda utandım. Anda-aman etdim ki, mən xəstə deyib uşağımı əsgərlikdə qorumaq üçün gəlməmişəm bura… Hüseyin o gün sanki göylərdə idi. Sevinirdi… Əsgər gedəcəkdi. Qıçları hərəkət edirdi. Deməli Allah Hüseynimi öz yanına almaq üçün ona yol açmışdı. Bunun başqa adı yoxdur…

Oğlumla fəxr edirəm. Bu Allahın yazısıdır. Hüseynimin istəyi, arzusu qəbul olundu. Ayrılığına dözə bilmirəm… Bilirəm ki, Allah onu cənnətinə almaq üçün ayaqlarını açdı. O, yol ounu şəhidliyə aparacaqmış. Məqamı uca olsun, balamın…

Anası Gülzadə xanım söhbətə qoşulur:

- Balama Şəhidliyin yolu çoxdan görünmüşüdü. Hələ 14 yaşı olanda deyərdi ki, siz məni çox axtaracaqsınız. O zaman nə demək istədiyini başa düşə bilmirdim. Demə, öz yolunu özü bilirmiş…

Allah ona qeyri-adi istedad vermişdi. İstədiyi adamı öz səsilə təqlid edirdi ki, hətta adam özü  yanında  onu  yanında olsa belə təccüblənirdi ki, yəqin səsini lentə yazıb səsləndirir. Gözəl şeir yazardı. Çox gözəl rəsm əsərləri çəkərdi. Maddi imkanımız olmurdu ki, yağlı boya ilə kətan üzərində işləsin… Qarabağı, dağları, Arazı çəkərdi… Həmişə də deyərdi ki, mən otaylı-butaylı Azərbaycanı yox, bütöv Azərbaycanı çəkirəm. Mənim üçün işğal olunmuş torpaqlar yoxdur… Bütöv Qarabağ var… O, murdarların ayağını o torpaqlardan kəsəcəyik. Hərbi forma, top, tank,əsgər maşınları, Qarabağa gedən hərbi kolonları çəkərdi. «Qarabağı biz azad edəcəyik»,deyərdi. Heyif, o günü özü görmədi. Çox gözəl ritmik rəqs etməyi var idi. Kəndimizdə toy olanda hamı gözləyərdi ki, Hüseyin oynasın… Hüseyin işlməyən ayağı ilə möcüzə göstərirdi… Allah vergisi idi…

Hüseynimin çox gözəl ürəyi var idi. Barış adamı idi. Kəndimizdə hamı onu çox sevərdi. Bilsəydi ki, kimsə bir-birindən küsüb, inciyib, dinc oturmazdı. Gedib küsülüləri barışdırardı. Yaşının az olmasına baxmayaraq heç kim Hüseynin sözünü yerə salmazdı.

Müəllim yanına gedirdi. Hazırlaşıb ali məktəbə qəbul olmaq arzusundaydı. Çoxlu dostları var idi. Bir dəfə hazırlığa gedəndə bərk yağış olur. Başqa kənddən olan bir dostunun  əyni nazikmiş. Hüseyin əyninin gödəkcəsini zorla həmin dostuna geyindirib özü islanıb, suyun içində evə gəlmişdi.

Uşaqlıqdan arzusu əsgər getmək, Vətəni işğalçılardan azad etmək olub. Səhətində problem olduğu üçün bunu özünə çox dərd edirdi. Həmişə kiçik qardaşı Səbuhiyə deyərdi ki, «Yəqin ki, mən əsgər gedə bilməyəcəm. Sən çalış, hərbi məktəbə qəbul olun ki, torpaqlarımızın düşməndən azad olunmasında bizim ailədən də iştirak edən olsun». Tale elə gətirdi, Allah öz hökmünü elə verdi ki, Hüseynim özü əsgər gedəsi oldu. Əsgər gedəndə 2019-cui ilin iyulun 3-də evimizdə qonaqlıq verirdik. Bu zaman dostlarına, müəllimlərinə deyib ki, «bu, bizim son görüşümüzdür».

2020-ci ilin yayında Hüseyingili Tovuz rayonunun Ağdam kəndinə gətirmişdilər. Tovuz döyüşlərinin iştirakçısı olmuşdu. Qəhrəman generalımız Polad Həşimovla bir səngərdə döyüşmüşdü, Hüseynim. Həmən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə komandanlıq tərəfindən mükafatlandırılmışdı da…

Sentyabrın 24-də zəng vurmuşdu. Dedi ki, ana ermənilər hər gün təxribat törədirlər. Yeni torpaq işğal etmək niyyətindədirlər. Ola bilər ki, müharibə başlayar. Haqqınızı halal edin…Balam olacağı bilirdi. Ürəyinə damıbmış.

Əsgərlikdə olanda özünə paltar alıbmış. O paltarı dostu İlkinə verib ki,mən şəhid olandan sonra bunu atama verərsən. Görünən yola bələdçilik etməzlər… Allah açan yolu bağlamaq olmaz. Allah Şəhidliyi balamın qismətinə yazıbmış.

Müharibənin ilk günü Murovdağda gedən döyüşlərdə şəhid oldu balam. Müharibənini ilk günü… Sentyabrın 27-si axşamüstü balamı canından çox sevdiyi bayrağa bükülü gətirdilər. Bayraq da gözəlidi. Par-par parıldayırdı. Sanki Hüseyin üstündəki bayrağın şəklini də özü çəkmişdi.

Qardaşi Səbuhi Həsənovun xatirələri:

- Ailədə iki qardaş idik. Hüseyin təkcə yaşca böyük deyildi. Ürəkcə, diləkcə böyük idi. Gözəl qardaş idi. Allah onu bənzərsiz yaratmışdı. Çox mehriban, qayğıkeş idi. Diqqətcil idi. Ürəyində gözəl arzuları var idi. Heyif hamısını özü ilə apardı. Uşaqlıqdan sağlamlığında problem var idi. Böyüdükcə onu hiss edib özünə dərd edirdi. Əsgərlikdən söz düşəndə təssüflənirdi ki, əsgər gedə bilməyəcək.

Rəəsamlığa çox böyük marağı vardı. Gözəl rəsmlər çəkərdi. Tapança, silah şəkli çəkməyi çox sevirdi. «Böyüyüb əsgər olacam», deyirdi. Onuncu sinfi qurtaranda hərbi komissiyadan keçirdi. Orada ona demşdilər ki, sağlamlığın imkan vermir, səni əsgər aparmaq olmaz. Həkimləri məcbur etmişdi ki, «Məni  Bakıya komissiyaya göndərin. Bəlkə onlar təkidimi nəzərə alıb mənim əsgər getməyimə razı olarlar». 18 ildən sonra qardaşımın ayaqları elə Bakıda hərbi tibbi komisssiyadan keçəndə açılmışdı. Çox sevinirdi…

Mənə həmişə deyərdi ki, çalış hərbi məktəbə qəbul ol. Mən də hərbi sənətinə marağı qardaşım yaradıb. Çox vətən sevər idi. Torpaqlarımızın ermənii işğalında olması ilə barışa bilmirdi. «Vaxt uzandıqca problem daha da böyüyür», deyirdi.

Əsgərliyinin ilk ayını əvvəl Gəncədə sonra Qazaxda xidmət edirdi. 2020-ci ilin yayın da Tovuz döyüşlərində iştirak etmişdi. Polad Həşimov Şəhid olanda zəng etmişdi ki, «Generalımız gözümün önündəcə şəhid oldu». Bu hadisə ona çox pis  təsir etmişdi. «Bu qan yerdə qalmamalıdır», deyirdi.

Mən Hərbi Akademiyaya qəbul olunanda çox sevinmişdi. 2020-ci ilin sentyabrın 14-də zəng etdim ki, dərsimiz başladı. Artıq mən kursantam. Çox sevindi. Dedi ki, «qardaşım bundan sonra ikimiz birlikdə Vətəni qoruyacağıq». Arzusu əsgərlikdən sonra qalıb müddətdən artıq xidmət etmək, hərbçi olmaq idi.

Sentyabrın 24-də zəng edib atamdan, anamadan halallıq istəmişdi. Sanki Şəhid olacağın bilirmiş. Əsgər gedəndə Ucara, Hərbi Səfərbərlik İdarəsinin qarşısına getmişdik. Anam çox ağlayırdı. Anamı sakitləşdirib dedi ki, «Sən heç bilirsən oğlunu hara yola salırsan? Sən bir ömür mənimlə fəxr edəcəksən». İndi qardaşımla fəxr edirik. Qardaşım təkcə bizim yox xalqımızın qüruru ola bildi. Allah məqamını uca etsin.

Sinif rəhbəri Nərmin Əhmədovanın xatirələri:

- Nə qədər ağrılı-acılı olsada, nakam bir ömür, yarımçıq qalmış bir igidin, bir qəhrəmanın həyatı haqqında danışmaq, özü də qürurla danışmaq,acı da olsa mənə də nəsib olub. İftixar duyuram ki, bir qəhrəmana, ömrünü Vətənə bağışlayan bir şagirdə dərs demişəm. Qəlbimdə daima yaşayacaq, ürəklərdə yaşayan bir qərəmana dərs demişəm.

Hüseyinə beşinci sinifdən həm dərs demişəm, həm də o, oxuyan sinfin sinif rəhbəri olmuşam. Səmimiyyətlə deyirəm, ilk dəfə sinfə girəndə onun sakit, ağıllı baxışları daha sonra isə  qabiliyyəti ilə diqqətimi çəkdi. Gözəl rəsmlər çəkərdi. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edərdi. Hüseyinin çox gözəl, böyük ürəyi var idi. Bu adam hamıya kömək etməyə çalışardı. Şeir ryazmağı, bədii ədəbiyyat oxumağı çox sevərdi. Çoxi stiqanlı, mehriban idi.

Ailədə ik qardaş idilər. Çox mehribanq ardaşlardı. Bütün məktəb onların mehribanlığından, bir-birinə olan sevgisindən danışardı. Hər tənəffüs mütləq Hüseyin qardaşı Səbuhinin yanına gedib onunla maraqlanardı.

Hüseyin Vətəni də anası, valdeyinləri, qardaşı qədər çox sevirdi. Hüseyin Tovuz döyüşlərinin iştirakçısı olduğunu eşidib həm qürurlanır, həm də qayğılanırdım. Bilirdim ki, Hüseyin özündən çox dostlarını, daha çox da vətənini  düşünən bir gəncdir. Belə adamların Şəhid olması əslində kədərli olsa da təccüblü deyil. Hüseyin fədakarlıq etməyi, sevgisi yolunda qurban getməyi bacaran bir insan idi. Elə də oldu. Müharibənin başladığı xəbərini eşidən gün Hüseyinin də canını bu Vətənə fəda etdiyini eşitdik. İlk qurbanlarımızdan oldu. Əbədi yaşarlıq qazanan, vətəni yaşatmaq üçün ölməyi bacaranlardan oldu. Şagirdim nəinki mənim, bütün kəndimizin qürurudur. Şəhidlərimiz Vətən sevgisinin simvollarıdırlar. Sevimli şagirdim tarix yaradanlardan, vətəni yaşadanlardan oldu. Bizim də borcumuz onları əbədi olaraq yaşatmaq, qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaqdır. Nur içində yatsın, məktəbimizin, kəndimizin iftixarı olan Hüseyin balamız.

Döyüş yoldaşı Nəsurullayev İlkin Vahid oğlunun xatirələri:

- Həsənov Hüseyinlə bir yerdə bir ildən artıq hərbi xidmət keçmişəm. 707 saylı hərbi hissənin 120-ci minaatan bölüyündə xidmət edirdik. Batareyamızda 19 əsgər idik. Çox doğma, çox əziz yoldaşlardıq. Hamımız bir-birimizi çox sevərdik. Amma Hüseyinlə mənim münasibətim tamam başqa idi. Bizi hamı doğma qardaş zənn edərdi. Bir yeyib, bir yatardıq. Hətta yatanda da qucaqlaşmasaydıq gözümüzə yuxu getməzdi. Hüseyin çox vətəncanlı insan idi. Qorxusuz idi. Çalışqan, hərbi tapşırıqları düzgün mükəmməl, qüsursuz yerinə yetirməyə çalışan bir əsgər idi. Hərbiyə bağlılığı var idi. Yaşasaydı qalıb müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmək haqqında düşünürdü. Arzusu snayperçi olmaq idi. Lənətə gəlmiş müharibə o arzusunu da gözündə qoydu, qardaşımın.

2020-ci ilin iyul döyüşləri zamanı  batareyamız Tovuz döyüşlərinə ezam olunmuşdu. İlk dəfə müharibə nə olduğunu orada gördük. Hərbi hissə komandirinin siyasi məsələlər üzrə müavini Anar Novruzov və gizir Yaşar Babayev də bizimlə birlikdə Tovuza ezam olunmuşdular. Tovuza çatan kimi Ağdam kəndində yüksəklikdə yerləşən Mübariz postunda xidmətə başladıq. Səngərlərə qalxıb sağ–sol istiqamətində minamyotları quraşdırıb, düşmən hədəflərini darmadağın edirdik. Vətənə qayğı, Vətənə sayğı, Vətənə sevgi ilə vuruşurduq. Verilən tapşırıqları qüsursuz yerinə yetirməyə çalışırdıq. Bu döyüşlər zamanı  döyüş yoldaşlarımızdan İsmayılov Səyyar Şərif oğlu, Əhmədov Səxavət Camal oğlu, Quliyev Murad Adət oğlu və Hüseynov Əjdər Madər oğlu yaralandılar. Qəhrəman generalımız Polad Həşimov səngərdə yanımızda dayanıb döyüşə özü birbaşa rəhbərlik edirdi. Sağ və sol istiqamətdə qurulmuş, düşmənin başına od ələyən minamyotlara özü komanda verirdi.

Mən bir məsələyə də münasibət bildirimək istəyirəm . Bəzən müharibədən danışan dostlarımızın bəziləri «Biz qorxmurduq» ifadəsini işlədirlər. Mən bu sözlə heç razı deyiləm. İmansız adam qorxmaya bilər. Adam öz canı üçün qorxmasa da yanındakı dostu, arxasını çevirdiyi silahdaşı, bir qabdan çörək yediyi qardaşı üçün qorxur. Biz də o döyüşlər zaman özümüz üçün yox, qəhrəman generalımızın həyatından qorxurduq. Düşündüyümüz də başımıza gəldi…

Bu döyüşdə bizim əvəzsiz hərbçilərimiz general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov və  gizir Yaşar Babayev gözümün qabağındaca düşmən mərmisinə tuş gəldilər. Adını bilmədiyim, üçüncü korpusun artleriya rəisi də üzündən yaralanmışdı. Dəhşət idi. Göydən dəhşət yağırdı. Bu döyüşlər də Hüseyin çox fəal döyüşürdü. Fərqli döyüşürdü. Qəhrəman kimi döyüşürdü. Şəhid generalımızın nəşini öz əlimizlə Hüseyinlə birlikdə  dağdan endirmişik. Ürəyimiz qisas hissi ilə od tutub yanırdı. On günə yaxın davam edən döyüşlərdə biz dayanmadan düşmənin başına od ələmişik. Generalımızın qisasını almağa çalışmışıq.

O, günlər dəhşətli yağışlar yağırdı. Üstüaçıq səngərdə növbə çəkirdik. Hüseyin məndən soruşdu ki, islanmamısan? Mənim səhətimdən narahat idi. Düşünürdü ki, xəstələnərəm. Onu sakitləşdirmək üçün yox, hər şeyq qaydasındadır, dedim. Bəs sən? Yox dedi , məndə islanmamışam. Əlimi kürəyinə vurdum, suyun içindəydi. Üzümə baxıb, məni qucaqladı. «Su deyil, Allah da Şəhid generalımıza göz yaşı tökür. Göz yaşına qərq olmuşam», dedi.

Hüseyin sevilən bir insan idi. Bənzəri yox idi. Hamı onu özünün əzizi qədər çox sevirdi. O,da bu vətəni, dostlarını, komandanlığı çox sevirdi. Sevgi verməyi, sevilməyə layiq oğul idi, mənim əziz qardaşım.

Tovuz döyüşlərindən gələndən sonar Daşkəsənə getdik. Mövqeylərimiz düşmənlə üzbəüz idi.  Hətta məsafə o qədər yaxın idi ki,ermənilərin səslərini də eşidirdik. Arada qışıqırıb bizə nə isə deyirdilər də… Çətin şərait idi. Dağlıq-daşlıq ərazi idi. Hüseyin burada da fərqlənirdi. Bütün tapşırıqları layiqincə  yerinə yetirirdi. Müharibə olacağını heç kim bilmirdi. Amma hər söhbət edəndə deyirdi ki, « kaş bu 27 illik həsrətə son qoya bilək. Kaş torpaqlarımızı azad edə bilək. Generalımızın qanı yerdə qalmasın. Onun qisasını ala bilək».

Hüseyin yolçusu olduğu yolun hara getdiyini bilirdi. Müharibədən xeyli qabaq şəkil çəkdirib evlərinə göndərmişdi. Səhv etmirəmsə nənəsi ilə telefonla danışanda dedi ki, «şəklimi böyütdürüb çərçivəyə salıb, kənarına da qara lent bağlayın». Anası da bunu eşidib nənəsindən telefonu alaraq ağlayıb «niyə belə deyirsən?»demişdi. Hüseyin də "Şəhid olacağam, onda o şəklimi baş daşına vurarsınız" cavabını vermişdi. Sözlərinin nənəsinə, anasına pis təsir etdiyini düşünüb «Sizə də zarafat etmək olmur»deyərək onları təsəlli etmişdi.

Hüseyin məndən 10 gün oncə xidmətə başlamışdı. Hesabla, şəhid olmasaydı o, məndən tez təxris olunmalıydı. Özünə Milli Ordunun 2010-cu ildə geyinİİən formasını almışdı. O forma ilə evə getməyi düşünürdü. Bir gün formanı mənə verib dedi: «Qardaş, al bu formanı evə gedəndə sən geyinərsən». Dedim bəs sən nə geyinib getmək istəyirsən? Dedi ki, «Mən Şəhid olacağımı bilirəm. Sən bu forma ilə gedərsən. Sonra formanı aparıb atama verib deyərsən ki, Hüseynin əmanətini gətirmişəm». Söz məni tutdu. Hüseyni qucaqlayıb bağrıma basdım. Dedim, qardaş sən geymədiyin paltarı mən heç geyinərəmmi? Cavab verdi ki, onda ruhum səni bağışlamaz. Hüseynin vəsiyyətini yerinə yetirdim. Onun dediyi kimi də etdim.

2020-ci ilin sentyabrın 27-si səhər düşmən artileriyası bütün cəbhə boyu atəşə başladı. Bizim minamyot batareyamız da çox ciddi işləyirdi. Mən birinci manqanın  minamyotun komandiri, Hüseyin isə məndən sağda ikinci minamyot manqasında heyət nəfəri idi. Hər mərmi atanda Hüseyin "Bu Polad Həşimov, bu İlqar Mirzəyev , bu Anar Novruzov üçün qisas", deyib qışqırırdı. Ürəyi qisas hissi ilə alışıb yanırdı. Gündüz saat 12 olardı. Düşmən koordinatımız tutub bizi vururdu. Atəş altında döyüşürdük. Hüseyinlə aramızdakı məsafə 5 ya 6 metr olar,  ya olmazdı. Bu  zaman Hüseynin yaxınlığına mərm idüşdü. Zərbə Hüseyni götürüb yerə çırpdı. Dərhal Hüseynin yanına qaçdım. Minamyot qəlpəsi arxadan qabırqasının arasından girib, böyrəyinin üstündən dəlik açmışdı. Əlimlə tez yarasını tutdum ki, qan axdığını hiss etməsin. Hüseyin qollarımın arasından  üzümə baxıb, «Qardaş, mən qisas almadan ölmək istəmirəm. Nəsrullayev, məni ölməyə qoyma» deyib  gözlərini yumdu. Dağın ətəyində sanitar maşını dayanmışdı. Hüseyni tez qucağıma alıb maşına çatdırdım. Ona ilk tibbi yardım göstərildi. Qəhrəman qardaşım, gözlərini açıb, üzümə baxıb, son sözünü «Qardaş, qisasımı alarsan» deyib gözlərini əbədi yumub Tanrıya tərəf yol aldı. Mən geriyə qayıdanda bizim birinci və dördüncü minamyotumuz düşmən artleriyasının zərbəsindən sıradan çıxmışdı. Əmrə əsasən xidmətimi başqa manqada davam etdirməli oldum. Həsənov Hüseyindən az sonra tuşlayıcı Məmmədov Elmir Arzu oğlu da alnında aldığı qəlpə yarasından Şəhid oldu.

Hüseynin, eləcə də digər Şəhid qardaşlarımızın Şəhid olması bizim üçün ağır itki oldu. Ondan təsəlli tapa bilirəm ki, qanları yerdə qalmadı. Hüseynin dediyi kimi onun qısasını ala bildik. Şəhidlərimizin arzusu torpaqlarımızı azad görmək idi. Ordumuzun düşmən üzərində  qələbəsi idi. Çox şükür ki, buna nail olduq.

Vətən sevgisi ən saf, ən ülvi sevgidir. Təmənnasız sevgidir. Əvəzsisz sevgidir. Vətən sevgisi özünü fəda etməyi bacarmaq deməkdir. Onlar Vətəni yaşatmaq naminə öz canlarına yox deməyi bacardılar. Onlar vətənin şərəfini öz canlarından üstün tuta  bildilər. Canları ilə vətənə şərəf, qanları ilə torpağa can verdilər. Bu dünyada  həyatları ilə  öz adının məzmununu dürüst ifadə edən  çox az insan  olur. Ömürlərinin  gözəl, həyatlarının gülşən çağında  Vahib bəylə, Gülzadə xanım,  gözlərinin ilkinə, haqsızlığa etiraz etməyin, zalımın zülmünə böyün əyməyin, şəhidliyin mübarək və müqəddəs rəmzi olan  Hüseyin adını qoyanda ağıllarına belə gəlməzdi ki, oğulları da bu mübarək  yoldan keçib Tanrı dərgahına yüksələcək. Layiq olduğu ucalığa yüksəlmək heç də hamıya nəsib olan xoşbəxtlik deyil. Zirvəyə ucalıb, daim ucaldığı zirvədə qalmaq hər kəsə qismət olmur. O, əbədi yaşarlılıq, o yüksəkliyi yalnız Tanrı şəhidlərə layiq bilib. Müqəddəs dərgahdakı məqamın mübarək Şəhid Hüseyin.

Elşən Qəni