28 yanvar 2022 15:53
948

"Şuşa İli" çərçivəsində müəssisələrdə mədəniyyət tədbirlərinin keçirilməsi zəruridir - FOTO

 Masallı Regional Mədəniyyət İdarəsinin rəisi yeni iş ilindəki fəaliyyətlərə dair geniştərkibli onlayn iclas keçirib

Bu günlərdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov yeni iş ili ərzində görüləcək işlərin müzakirəsinə həsr olunan geniştərkibli onlayn iclas keçirib. İdarənin əhatəsində olan rayonlar üzrə mərkəzi müəssisə rəhbərlərinin və Aparat əməkdaşlarının iştirak etdiyi iclasda fəaliyyət istiqamətləri üzrə bir sıra vacib məqamlara toxunulub, problemlər müzakirə edilib.

Rəis müəssisə rəhbərlərini salamladıqdan sonra ilk olaraq, Mədəniyyət Nazirliyinin bu yaxınlarda keçirilmiş Kollegiya iclasında müzakirə olunmuş mövzular, cari il üzrə müəyyənləşdirilmiş əsas hədəflər, sistemdaxili dəyişikliklər və yeni çağırışlar barədə iclas iştirakçılarını məlumatlandırıb.

Rəis B.Qılıncov sonra İdarənin yeni iş ilində planlaşdırılan fəaliyyətlərinin əsas cəhətlərinə aydınlıq gətirib. O, çıxışında 2022-ci ilin ölkədə "Şuşa İli" elan olunması ilə əlaqədar mədəniyyət sferası üzərində yeni məsul vəzifələrin olduğunu deyib, həmçinin mədəni fəaliyyətlərin mərkəzi xəttini əlamətdar ilə həsr olunmuş layihələrin icrası təşkil edəcəyini vurğulayıb. "Şuşa İli" çərçivəsində İdarə tabeliyindəki müəssisələrdə də müxtəlif məzmunlu mədəniyyət tədbirlərinin keçirilməsinin zəruri olduğu qeyd olunaraq, bu istiqamətdə artıq işlərə başlanıldığı, müvafiq Tədbirlər Planının təsdiq olunduğu nəzərə çatdırılıb. Eyni zamanda, tezliklə əlamətdar il çərçivəsində yaradıcılıq müsabiqələrinə də start veriləcəyi, geniş konsert proqramlarının təşkili məqsədilə respublikanın tanınmış musiqi kollektivinin regiona dəvət olunacağı bildirilib.

İdarə rəhbəri iclasda müəssisədaxili intizam normalarına da toxunub, müvafiq qaydalara riayət olunmasına nəzarət məqsədilə müəssisələrdə yenidən monitorinqlərin aparılacağını iştirakçıların diqqətinə çatdırıb. O, çıxışında müəssisələrarası əməkdaşlığın genişləndirilməsi məsələsinə də fikir bildirib, ortaq mədəni layihələrin keçirilməsini əməkdaşlığa töhfə verəcəyini deyib. İclasda regionda fəaliyyət göstərən Xalq teatrı kollektivlərinə ustad dərslərinin keçirilməsi ilə bağlı fikirlər də səsləndirilib, məsələnin nəzərdən keçirildiyi və aktiv müzakirə mərhələsində olduğu bildirilib. Rəis haqqında söhbət açılan mövzularla yanaşı, daxili sənədləşmə işlərinin aparılması, sosial media üzrə fəaliyyətlər, karantin rejimi və sanitar-gigiyenik tələblərə riayət olunması, vaksinasiya prosesi, dezinfeksiya tədbirləri və digər cari məsələlərə də münasibət bildirib, müvafiq sahələr üzrə rəhbərlərə tapşırıqlar verib.

Daha sonra İdarənin baş məsləhətçisi Ayaz Əliyev, mədəniyyət işçisi Elnur Atakişiyev, müəssisə rəhbərlərindən Elçin Nəzərov, Əntiqə Tağıyeva, Dilbər İbayeva, Fərhad Qurbanov, Vüqar Şahbazov, Ramil İbrahimov və Qənimət İsrafilova iclasın gündəliyindəki mövzular üzrə çıxışlar ediblər. Natiqlər "Şuşa İli" çərçivəsində baş tutacaq mədəniyyət tədbirləri, ustad dərsləri, kitab fondlarının zənginləşdirilməsi, muzeylərə yeni arxiv sənəd və materialların cəlb olunması və digər mühüm məsələlərdən söz açıb, təkliflər irəli sürüblər.

Əlihüseyn Şükürov