28 yanvar 2022 17:15
807

Anar Kərimov BMT nümayəndəsinə “Mədəniyyət naminə sülh” qlobal çağırışı barədə məlumat verib

Mədəniyyət naziri Anar Kərimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi xanım Vladanka Andreeva ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  nazirlikdən verilən məlumata görə, Anar Kərimov artıq 30 illiyi qeyd edilən Azərbaycan-BMT münasibətlərindən söz açıb, ölkəmizin təşkilatın bir sıra institutları ilə fəal və səmərəli əməkdaşlığını vurğulayıb.

Birgə əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi, qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayan nazir müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən və BMT tərəfindən dəstəklənən “Bakı Prosesi” təşəbbüsünü xatırladıb, bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbir və layihələrin gerçəkləşdirildiyini diqqətə çatdırıb.

Görüşdə həmçinin nazir dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı və İCESCO ilə birgə elan etdiyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal çağırışı barədə məlumat verib. Bildirilib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Eyni zamanda bu layihənin “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Dünya Mədəniyyətlərarası Dialoq Forumu ideyasının qlobal miqyasda davamını və ölkəmizin onun əsas ideyalarına sadiqliyini nümayiş etdirdiyi diqqətə çatdırılıb.

BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Vladanka Andreeva səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. BMT-nin Azərbaycanla uzun illərə söykənən ikitərəfli əlaqələrinə istinad edərək birgə əməkdaşlığın növbəti illərdə də uğurla davam etdiriləcəyinə inandığını və bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüş Azərbaycanla BMT arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi, gələcək əməkdaşlıq imkanları, yeni proqram və layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi ilə davam edib.